Novruz bayramı münasibətilə xalq artisti Zeynəb Xanlarova ABŞ-ın Nyu-York şəhərində konsert proqramı ilə çıxış edib.
Bu barədə Teleqraf.com-a Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib. Sözügedən dövlət komitəsinin dəstəyi ilə təşkil olunmuş proqram Nyu-Yorkun Bruklin səmtindəki “Master Theatre” adlı konsert kompleksində baş tutub.
Konsert Azərbaycanın dövlət himninin səsləndirilməsi ilə başlayıb. “Xoş gördük, əzizlərim” adlı proqramda Z.Xanlarova on nəfərlik ansamblının müşayiəti ilə repertuarındakı ən sevilən mahnıları – “Xoş gördük”, Doğmasan mənə”, “Anacan”, “Niyə yox deyirsən”, “Azərbaycan maralı”, “Olmaz, olmaz”, “Qadan mən alım”, “Gül yanaqlım”ifa edib.
Tədbirdə iştirak edən Bruklin rayonunun rəhbəri Erik L.Adams çıxış edərək Novruz bayramı münasibətilə azərbaycanlıları təbrik edib. Daha sonra Z.Xanlarova haqqında fikirlərini bölüşən Erik L.Adams onun Azərbaycan mədəniyyətinin, muğamın təbliğinə verdiyi töhfələrı, 50 ilə yaxın Azərbaycan Opera və Balet teatrındakı fəaliyyətini, müxtəlif dillərdə mahnılar ifa edərək xalqlar arasında mədəni əlaqələrin inkişafındakı xidmətlərini yüksək qiymətləndirib. Bruklin rayonunun rəhbəri bu xidmətlərinə görə Z.Xanlarovanı Bruklinin xüsusi mükafatı ilə təltif edib.
Nyu-Yorkda Qafqaz Yəhudilərinin Mərkəzi Cəmiyyəti, eyni zamanda bir sıra Azərbaycan diaspor təşkilatları da Azərbaycan mədəniyyətinin təbliğində və mədəniyyətlərin birləşməsində göstərdiyi xidmətlərinə görə Z.Xanlarovaya mükafat və diplomlar təqdim edib.
Konserti izləyən tamaşaçılar arasında ABŞ-ın bir sıra şəhərlərindən gəlmiş azərbaycanlı, türk, yəhudi və digər xalqların nümayəndələri olub. İki saat yarım davam edən konsert Z.Xanlarovanın “Birlik” mahnısı ilə başa çatıb.
Səxavət