Azərbaycan Yazıçılar Birliyi üzvlərinin sayının get-gedə çoxalması ciddi mübahisələrə səbəb olur. Onların çoxunu qurumun məsul şəxsləri belə tanımır.
Dəfələrlə üzvlərin sayının azaldılması məsələsi gündəmə gətirilsə də, hələ ki, söz olaraq qalır.
Teleqraf.com bu barədə Yazıçılar Birliyinin tanınmayan üzvü Eldar Səfa ilə müsahibəni təqdim edir.
– Eldar müəllim, sizi tez-tez Yazıçılar Birliyində görürəm. Xeyirdimi?
– Yazıçılar Birliyinin üzvüyəm. Tədbirdən-tədbirə gedirdim, indi xeyli seyrəlibdi gedişlərim.
– Nə vaxtdan birliyin üzvüsünüz?
– 2005-dən.
– Şair kimi üzvsünüz, yazıçı kimi, publisist kimi, yoxsa...
– Şair-publisistəm.
– Harda çap olunursunuz? Oxucular sizin şeirlərinizi harda oxusunlar? Zəhmət olmasa, yerinizi deyərdiniz.
– Əvvəllər "Kredo" qəzetində əməkdaş kimi işləyirdim. Orada çap olunurdum.
– Niyə “Ulduz”, “Azərbaycan” jurnallarında çap olunmursunuz?
– İldə bir-iki dəfə "Ulduz" və "Azərbaycan" jurnalında çap olunuram. Gözə görünməkdən uzağam. Facebookda yazılar verirəm. Səhifələrim var.
– Hansı səhifələrdi?
– Dəvəsi ölmüş, Eldar Səfa, Haqqın Məhkəməsi və s. Orda şeir və yazılarım var, oxuyan da sağ olsun, oxumayan da.
– Prezident təqaüdünə layiq görülmüsünüz?
– 2011-də almışam.
– Neçə kitabınız çıxıb?
–14-15.
– Bu qədər kitabınız çıxıb, bəs niyə sizi tanımırlar?
– Kəndimdə məni tanıyırlar. Mən məşhur olmaq üçün yazmıram.
– Bəs nə üçün yazırsınız?
– Ən çox qorxduğum sual budur. Məqsədim olmayıb ki, mən haçansa Nobel alacağam, amma ədəbiyyatda, ədəbi aləmdə kənd gədyindən keçib gəlmiş bir cığır olacağıma və bu cığırla hardasa bir gəncin gələcəyinə inanıram.
– Anar müəllimlə şəkillərinizi Facebookda tez-tez paylaşırsınız. Bunun səbəbi nədir? Anar müəllimi çox istəyirsiniz, ona görə?
– Anar müəllimlə olan üç şəkil paylaşmışam, o da ad günü münasibəti ilə, vəssalam.
– Bu yaxınlarda mətbuatda yazılar getdi ki, Yazıçılar Birliyinin əksər üzvlərini nəinki ictimaiyyət, heç AYB sədri, AYB katibi, AYB mətbuatı da tanımır. Sizin bu məsələyə münasibətiniz necədir?
– İndi ağlamayana əppək verən də yoxdur. Və “səndən hərəkət, məndən bərəkət” deyilən dədələr məsəli var. Üzv özünü göstərməlidir ki, onu tanısınlar.
– Üzv özünü necə göstərməlidir?
– Əlbəttə ki, yaxşı yazıları ilə. İctimaiyyətin yarısı deyir, yazıram. Nə yazdığını ortaya qoymalısan.
– Siz nə yazdığınızı ortaya qoymusunuz. Ortada 13-14 kitab var. Yəni hərəkət var. Bərəkət də varmı?
– Məşhur olmaq mənim azarım olmayıb, bir sürücü qardaşım var, məni duyur və yaxşı oxuyur, o, məni yaşada bilir.
– Sizin fikrinizə görə, Vüqar Əhməd necə şairdir?
– Vüqar Əhmədi oxumamışam.
– İnanmıram Vüqar Əhmədi oxumamısınız. And için..
– And içməyəcəyəm, məni kitab özünə dartıb özünü oxutmasa, oxumuram.
– Yaradıcılığınıza tənqidi münasibət olubmu? Hansı tənqidçilər sizdən yazıblar?
– Tərif yazanlar çoxdu. Yazarlar yazıblar təhlili yazılar. Tənqidçilər yazmayıblar.
– Vaqif Yusifli də yazmayıb? Adamın inanmağı gəlmir.
– Yox, Vaqif Yusifli məndən yazmayıb.
– Axı Vaqif müəllim insanlar arasında fərq qoymur. Sizdən nə yaxşı yazmayıb?
– Nə bilim, vallah.
– Bəlkə, özünüzü Vaqif müəllimin yadına salasınız.
– Ümumiyyətlə, haqqımda yazı yazılması təşəbbüsündə olmamışam. Yəqin bu mənim zəif yerimdir.
– Adamlar var ki, pul verib özü haqqında yazılar yazdırırlar. Sizcə, burda pul verən daha çox günahkardır, yoxsa alan? Yoxsa, heç biri?
– Hər ikisi eyni günahı işlədirlər. Rəzalət odur ki, pul verib yazdırasan, bir butulkalıq, bir qarın yeməklik yazı. Ölmək ondan əfzəldi. Bir kitaba baxırlar, bir ön söz yazana. Hər ikisi satır.
– “Ədəbiyyat qəzeti”nə yazı verirsiniz?
– “Ədəbiyyat qəzeti”ndən çoxdan qaçaq düşmüşəm.
– Niyə?
– Yazılarıma əl gəzdiridilər, çoxdanın sözüdü, gedənin dalınca danışmazlar deyirlər.
– Siz neçənci illərdən şeir yazırsınız?
– 70-ci illərdən…
– Necə düşünürsünüz, bir şair kimi özünüzü təsdiq eləyə bilmisinizmi?
– Hər halda nə yazdığımı bilirəm.
– Yanılma ehtimalınız neçə faizdir?
– “Özümdən çox narazıyam” ifadəsi dəbdə olsa da, mən də narazıyam ki, daha çox iş görə bilərdim. Təxminən, yanılma ehtimalım 50-50-yədir.
– Tez-tez deyirlər, AYB üzvlərinin sayı azalmalıdır. Yəni ixtisar olub üzlərin sayı 250-300-ə endirilməlidir. Bu fikirə münasibətiniz necədir?
– 300 normal saydır. Heç olmasa bilsinər ki, üzv nə olan şeydir.
– Birdən sizi də ixtisar eləsələr, nə deyərsiniz?
– Münasibətim normal olar, amma meyar olmalıdır. Bir də ki, Yazıçılar Birliyi cari işlərlə, texniki işlərlə məşğul olan bir təşkilatdır. Ordusu yox, cəbbəxanası yox. Koroğlunun 7777 dəlisi vardı, hamısı da dəf kimi. Hər halda hər təşkilat öz dəlisinin yerini bilməlidir.
– Meyar nə olmalıdır?
– Ortaya qoyduğun əsər… Və meyar o şəxsiyyətlər ki, onlar haqqı nahaqqa vermirlər.
– Cəmiyyətdə meyar kimi qəbul etdiyiniz şəxsiyyətlər kimlərdir?
– Mirmahmud Ağa...
– Vəssalam? Sonra...
– Anara inanıram, Fikrət Qocaya inanıram.
– Özünüzə də inanırsınız?
– O qədər də yox. Bəzən özümü tanımıram.
Kəramət Böyükçöl