7 May 2015 12:29
876
12 Punto 14 Punto 16 Punto 18 Punto

İntiqam Soltan: “Tamaşaçını ilk dəfə məcbur edib tamaşaya gətirmək lazımdır”

Ötən gün Teatr Xadimləri İttifaqında Cənubi Qafqazda ilk uşaq teatrı - Bakı Uşaq Teatrının yaradıcısı, uzun illərdir Azərbaycan teatr sənətinin inkişafına xidmət göstərən aktyor, rejissor, pedaqoq İntiqam Soltanın 50 illik yubileyi təntənəli şəkildə qeyd olunub.

Yubiley tədbirində ölkənin teatr ictimaiyyəti, teatrsevərlər, teatrın əməkdaşlıq etdiyi müxtəlif dövlət qurumlarının və xarici təşkilatların nümayəndələri iştirak ediblər. Rəsmi və bədii hissələrin birgə təqdimatı ilə keçirilən tədbirdə teatrın tamaşalarından qısa səhnəciklər oynanılıb. Fürsətdən istifadə edib biz də yubilyarı təbrik edib, illərini həsr etdiyi teatrın bu günlərindən danışdıq.

“Missiyamızın öhdəsindən gəlirik”

“Hazırda Mədəniyyət və Turizm İdarəsinin qərarına əsasən, Qaraçuxur Mədəniyyət Sarayında fəaliyyət göstəririk. Bakı Uşaq Teatrı 2001-ci il aprel ayının 9-da Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin sərəncamı ilə yaradılıb. 2002-ci il may ayının 1-dən isə teatrın təşkilatı və yaradıcılıq işləri mənə həvalə olunub. İlk tamaşamızı 2003-cü ilin mayın 11-də təqdim etmişik. O vaxtdan da bu günə kimi teatrda 45-dən artıq yüksək bədii keyfiyyətə malik, tamaşaçıların zövqünə oxşayan tamaşalar hazırlanıb.

Məqsədimiz gənc nəslin vətənpərvər ruhda tərbiyə olunması, maarifləndirilməsi, bu istiqamətdə məktəblərə yardımçı olmaqdır. Bizim bütün tamaşalar insanlığa, vətənpərvərliyə həsr olunur. Hesab edirəm ki, bu missiyanın öhdəsindən gəlirik. Daha çox iş görə bilərik, amma müəyyən səbəblərdən bunu həyata keçirə bilmirik. Bizim öz yerimiz olandan sonra daha çox işlər görəcəyik. Təsəvvür edin ki, xarici festivallardan, qastrol səfərlərindən bir dəqiqə boş vaxt tapa bilmirik. Son illər bizim teatr bir çox beynəlxalq festivallarda uğurla çıxış edib. Xarici səfərlərimizi özümüz maliyyələşdirdiyimizdən bəzilərindən imtina etməli oluruq”.

“Növbəyə dayanan xeyli sayda aktyor və aktrisa var”

İntiqam Soltanın sözlərinə görə, teatrda 60-dan çox işçi çalışır: “Bu teatra gələn hər kəs sonra yenidən məktəb keçməli olur. Məlumdur ki, Mədəniyyət və İncəsənət Universitetində uşaqlara aid heç bir dərs keçirilmir. Ona görə uşaq teatrına gələn təkcə aktyor deyil, hətta rəssam belə uşaqlaşdırılır. Aktyorlarımız arasında 20 yaşından tutmuş 65 yaşına qədər insanlar var. 20-yə qədər aktyorumuz var, onların da hər biri rolla təmin olunub. Bakıda elə teatrlar var ki, aktyorlar rol ala bilmirlər, amma bizdə hər bir aktyor ən azından üç tamaşada oynayır. Hər bir aktyorun da özünün mono tamaşası var. Hazırda bizim teatrda işləmək üçün növbəyə dayanan xeyli sayda aktyor və aktrisa var. İl ərzində biz digər teatrlardan daha çox tamaşa hazırlaya bilirik. Çünki bizim tamaşalar bir hissəlidir, 35-40 dəqiqə həcmindədir. İkincisi, repertuarımız çox sürətlə dəyişməlidir. Çünki tamaşaya baxdıqdan sonra tamaşaçı yenisini tələb edir. Bəzən elə olur ki, ilə 10-15 tamaşa hazırlayırıq. Bu, tələbatdan asılıdır. Tamaşalarımızın xərclərini gələn gəlirinin hesabına ödəyirik. Bilirsiniz ki, teatrlar maliyyələşməsinə görə təsərrüfat və tam təsərrüfat hesablı olur. Tam təsərrüfat hesablı teatrlarda hətta əmək haqlarını teatr özü həll edir. Bizim teatr təsərrüfat hesablıdır. Ona görə biz tamaşaları öz gəlirlərimiz hesabına hazırlayırıq. Elə problemimiz olmayıb ki, hazırlamaq istədiyimiz tamaşaya pul tapmayaq. Ona görə ki, bu gün oynadığımız tamaşadan gələn gəliri gələcəkdə hazırlanan digər tamaşaya yatırırıq. Özümüzü tam təmin edə bilərik, hətta teatr özünə avtobus da alıb”.

“Cəzaçəkmə müəssisələri üçün tamaşalar hazırlayırıq”

Direktor deyir ki, onlar cəzaçəkmə müəssisələri üçün də tamaşalar hazırlayırlar: “Biz müxtəlif yaş qrupları üçün tamaşalar hazırlayırıq. Hər tamaşa üçün hazırlanan afişada yaş həddini göstəririk. Tamaşalarımız iki hissəyə bölünür: birbaşa və dolayısıyla uşaqlara aid olan tamaşalar. Narkomaniya ilə bağlı tamaşa dolayısı ilə uşaqlara aiddir. O tamaşa gənclərə ünvanlanıb ki, onlar sabah ailə qurarkən uşaqlarının qayğısına lazımınca qala bilsinlər. Biz tamaşalarımızı cəzaçəkmə müəssisələrində, məktəblərdə, bağçalarda nümayiş etdirdiyimizdən tamaşaları da ona uyğun hazırlayırıq. Elə hazırlayırıq ki, tamaşa yerini dəyişəndə keyfiyyəti aşağı düşməsin. Hətta sifarişlər alırıq, bunu xüsusilə cəzaçəkmə müəssisələrinə aid edirəm. Oradakı insanlar teatra gələ bilmədikləri üçün biz onların yanına gedirik. Ona görə də ortaq məxrəcə gəlib bütün cəzaçəkmə müəssisələri üçün keyfiyyətli tamaşalar hazırlayırıq. Bu formada işlədiyimizdən dekorasiyaları da kənar yerlərə, səhnələrə uyğunlaşdırırıq”.

“Korluq çəkmirik”

İntiqam Soltan deyir ki, teatrda tamaşa tamaşaçıların zövqünə uyğun tərzdə hazırlanmalıdır: “Tamaşa iki cür olur: maarifləndici, asudə vaxtın təmini üçün hazırlanan tamaşalar. Bizim tamaşalarımız daha çox maarifləndiricidir, canlı kitabdır. Bizim tamaşalara daha çox ehtiyac var, bəlkə ona görə tamaşaçılarımız həmişə boldur. O biri teatrların tamaşaçı problemi ola bilər, məsələn, Kukla Teatrının tamaşaçıları konkret yaşdadırlar, Akademik Dram Teatrı uşaqlar üçün çox az tamaşa hazırlayır. Böyüklərin tamaşalara davamiyyəti zəifdir, çünki uşaq teatrları zəif işləyib. Bununla da uşaq teatrı indiki böyük tamaşaçıları teatra alışdıra bilməyib. Amma biz tamaşaçı baxımından korluq çəkmirik. Ümumiyyətlə, elə nüanslar var ki, onu xalqın müzakirəsinə vermək olmaz. Tamaşaya baxmaq mədəniyyətini tamaşaçının ixtiyarına buraxmaq düzgün deyil. Tamaşaçını ilk dəfə məcbur edib tamaşaya gətirmək lazımdır. Bir dəfə baxandan sonra istənilən tamaşaçı özü qərar verəcək: teatra getmək lazımdır, yoxsa yox. Ona görə Bakıda iki-üç növbəli işləyən çox məktəblər var, onların da hər birini biz təmin etməliyik. Auditoriya baxımından Gənc Tamaşaçılar Teatrının tamaşaçıları bizimkindən bir az böyükdür, Kukla teatrı bizimkilərdən bir az balacadır”.

Nərmin


Müəllif:

Oxşar xəbərlər