4 İyun 2015 13:03
1 129
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azərbaycan vokal sənətində çox böyük irəliləmə var”.

Bunu Teleqraf.com-a açıqlamasında Xalq artisti Yalçın Adıgözəlov deyib. Vaxtilə “İndi Azərbaycanda bəstəkarlar yetişmir” fikrini söylədiyini, amma hazırda bu fikirdə olmadığını bildirən sənətkar hazırkı durumu belə şərh edib:

“Bu sözləri təxmini 10-15 il bundan əvvəl demişəm. O vaxt vəziyyət ağır idi. Amma indi bu sözü deyə bilmərəm. Çünki sərhədlər açılıb, gənclərimiz xaricdə asanlıqla təhsil ala bilirlər. Amerikada təhsil alan bəstəkarlarımız var, məsələn biri Türkay Qasımzadə. Çox istedadlı gəncdir. Mən o adamların adlarını çəkirəm ki, onların bəstələrini ifa etmişəm. Amma say çoxdur. Baxın, müsabiqələrdə qələbələr qazanan nə qədər pianoçularımız, skripkaçılarımız, vokalçılarımız var... Hətta sizə deyim ki, vokal sənətimizdə çox böyük inkişaf var. Elçin Əzizov ”Bolşoy Teatrda", Əvəz Abdulla Almaniyada çox böyük uğur qazanırlar. 7-8 il bundan əvvəl belə uğurlar yox idi. Bundan da yaxşı olacaq. Artıq optimistəm. Ümidsiz olmaq düzgün deyil. Dünyada belə bir tendensiya var: klassika gənclər arasında keçmişdəki kimi populyar deyil. Amma bəzi ölkələrdə konsert salonları hələ də doludur. İtaliyada bu baxımdan krizis yaşanır, amma Almaniya, Baltikyanı ölkələrdə vəziyyət çox yaxşıdır, zallar hər zaman doludur. Uzağa getməyin, elə Bakını misal çəkək. Burada da zallar doludur, beş festivalımız var. Dövlət tərəfindən dəstək olmasa bunlara nail olmaq olmazdı. Bilmirsən Filarmoniyaya, Opera və Balet Teatrına, yoxsa Muğam Mərkəzinə gedəsən. Heydər Əliyev Fondu çox böyük işlər gördü. Mehriban xanım Əliyeva olmasaydı, muğamımızı itirəcəkdik. Bunu səmimi deyirəm. Çünki muğam artıq uçuruma gedirdi, amma indi artıq inkişafdadır".

Nərmin


Müəllif:

Oxşar xəbərlər