İyunun 21-i saat 19:30-dan 22:00-dək Bakı Caz Mərkəzində musiqi bayramı keçirilib. Teleqraf.com-un məlumatına görə, tədbiri Fransanın Azərbaycandakı səfiri Paskal Mönye açıb.
Səfir bildirib ki, 1981-ci ildən yay fəslinin ən uzun günü olan 21 iyun Fransada musiqi bayramı kimi qeyd edilir. Bu gündə insanlar musiqi dinləyir, oxuyur, rəqs edir və musiqinin xoş ovqatını yaşayırlar: “Azərbaycan musiqiçilər ölkəsi olduğuna görə mədəniyyət və turizm naziri Əbülfəz Qarayevdən xahiş edəcəyikk ki, Azərbaycanda da musiqi bayramının rəsmən qeyd olunmasına dəstək versin”.
Konsertin aparıcısı, “Oda” teatrının rəhbərinin Elmin Bədəlov bildirib ki, musiqi bayramı ənənəsi Fransada başlasa da, artıq dünyanın 110-dan çox ölkəsində qeyd edilir.
Sonra Elmin ardıcıl olaraq “OKABER”, Əli Xəyyam, “RG”, “Sirat”, “Old Baku”, Albina, Erkin Love, Şəbnəm (kamança), “Aynur et les garçons”, “BIGGABOO” kollektivindən brektans və başqa Azərbaycanın çoxsaylı gənc həvəskar musiqi qruplarını təqdim edib.
İfalar əsasən gənclərdən ibarət olan seyrçilərin gurultulu alqışları ilə izlənib.
SEVİL
Fotolar Nihad QULAMZADƏYƏ məxsusdur