10 Oktyabr 2015 11:39
1 435
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün dünyada çox az məşhur insan tapılar ki, həyatlarını sosial şəbəkələrsiz yaşasın. Məşhurlar üçün sosial şəbəkələr təbliğat, reklam rolunu oynamaqla yanaşı həm də onların “sima”sına çevrilir. Bu mənada doğru-düzgün sosial hesablarından istifadə etməyən məşhurlar çox tez gözdən düşür. Amma ən çox təzyiq və haker hücumuna məruz qalanlar da məhz tanınmışlardır. Elə bu yaxınlarda sosial şəbəkə qurbanına çevrilən tanınmışlardan biri də, Əməkdar artist, şou-men Murad Dadaşov oldu. O mətbuata açıqlamasında sosial şəbəkə adreslərinin oğurlandığını və adından qeyri-etik mesajlar göndərildiyini etiraf edib: “Son illər müasir dünyanın aparıcı sahələrindən olan rabitə həyatımızın ayrılmaz tərkib hissəsinə çevrilir. İnsanlar arasında operativ ünsiyyət, əlaqə, informasiyanın asan əldə olunması, məlumatlı olmaq kimi faktorlar müsbət haldır. Lakin bu üstünlüyün mənfi tərəfləri də var. Çox təəssüf ki, müasir dünyamız belə hallarla mübarizə aparmaqda bəzən çətinlik çəkir”.

Onun sözlərinə görə, bu cür halların baş verməsi təxribat xarakteri daşıyır: “Belə bir xoşagəlməz hadisə ilə son zamanlar mən və ölkənin digər tanınmış şəxsləri də qarşılaşır ki, bu, heç də təsadüfi deyil. Belə ki, bunlar respublikamızda ictimai sabitliyi pozmaq, insanlar arasında neqativ münasibət yaratmaq və hətta ölkəmizdəki mühüm siyasi hadisələr ərəfəsində (parlament seçkiləri və s.) gərgin mühitə səbəb olmaq, bir sözlə təxribat məqsədi daşıyır. Ölkənin tanınmış şəxsləri daima ictimaiyyətin diqqət mərkəzində olduqları üçün bəzən xoşagəlməz hadisələrlə qarşılaşmağa öyrəşiblər. Çox təəssüf ki, son zamanlar bu analoji hal ilə mən də üzləşirəm. Mobil nömrəm və sosial şəbəkələrdə olan şəxsi hesablarımdan (Facebook, İnstagram, WhatsApp və s.) dostlarıma, yaxınlarıma, hətta tanımadığım şəxslərə mənim adımdan heç bir etik normaya sığmayan mesajlar göndərilir. Hətta özlərini başqa adamların adıyla təqdim edərək, mənimlə uydurma yazışmalara da əl atırlar. Hər kəsin nəzərinə çatdırmaq istəyirəm ki, mənim də hesablarım hakerlərin təcavüzünə məruz qalıb. Əlbəttə ki, belə bir mənfi halla qarşılaşmağı heç kim istəməz və bundan sığortalanan yoxdur”.

O, bu hadisəni xuliqanlıq kimi qiymətləndirib: “Amma son zamanlar adımızdan göndərilən, həmçinin ailə üzvlərimizin, yaxınlarımızın ünvanına səslənən hədə-qorxu, təhdid və təhqir dolu mesajların artması məni bununla bağlı ciddi məşğul olmağa vadar etdi. Bu məsələ ilə bağlı müvafiq hüquq-mühafizə, təhlükəsizlik orqanları və kiber cinayətkarlığa qarşı mübarizə aparan beynəlxalq qurumlara rəsmi müraciət etmişəm. Həmin əməli törədən şəxslər barəsində istintaq araşdırmaları artıq başlayıb”.

Əməkdar artist bu məsələni işıqlandıran KİV nümayəndələrini də diqqətli olmağa, şişirdilmiş, sensasiya xarakterli və uydurulmuş məlumatlardan istifadə etməməyə çağırıb: “Məsələ ciddi nəzarət altında olduğu üçün həmin media qurumları haqqında sərt tədbirlər görüləcək. Unutmayaq ki, yalanı yaratmaq və yaymaq özü bir cinayətdir. Xahiş edirəm, diqqətli olun!”

“Parollarımı dəyişdirmişdilər”

Aktrisa Günel Məmmədova da belə bir hadisə ilə qarşılaşdığını deyib: “Günlərin bir günü sosial hesablarıma girə bilmədim. Onda anladım ki, hesablarımın parolları dəyişdirilib. Həqiqətən çox pis haldır. Niyə və nə üçün oğurlanmalıdır ki? Amma səbəbsiz yerə də olsa belə hadisələrlə qarşılaşırıq. Sosial şəbəkədən axır vaxtrlar aktiv istifadə edirəm. Əvvəllər belə deyildi. Baxmayaraq bu qədər işim olur, amma sosial şəbəkələrdəki hesablarımı tez-tez yoxlayıram. Səhər açılanda ”İnstaqram"a girirəm, sonra “Facebook” ünvanımı yoxlayıram. Fotolarımı paylaşıram, yazılan şərhləri oxuyuram. Tanımadığım mesajlar isə cavab vermirəm".

“Mesajlara əhəmiyyət verməyin”

Analoji hadisə ilə müğənni Elnarə Xəlilova da qarşılaşıb. Ötən il o, özü sosial şəbəkədə bu barədə məlumat yaymışdı: “Əziz dostlar, iki gün öncə ”Facebook" profilimə giriblər. Bu səbəbdən səhifəmi hazırda deaktiv etmişəm. Məndən son iki gündə gedən mesajlara əhəmiyyət verməyin. Sevgilərlə L-nara". Sonradan hesaplarını bərpa edən müğənni indi də aktiv istifadəçilərdən biridir. Gündəlik həyatını, gördüyü işləri fotolarda əks etdirən müğənni bunu fəaliyyətinin ayrılmaz hissəsi hesab edir.

“Yəqin istəmirlər ki...”

Xalq artisti Faiq Ağayev də gününü sosial şəbəkələrsiz təsəvvür etməyənlər siyahısındadır. Onun sözlərinə görə, hər gün sosial şəbəkələrdəki adreslərini yoxlayır, yazdığı statuslara, paylaşdığı fotolara izləyicilərindən gələn reaksiyaları izləyir. Onun fikrincə, sosial şəbəkələr fanatların sevdiyi müğənni ilə daha yaxından münasibət qurmasına şərait yaradır: “Səhər yeməyini yeyəndə 40 dəqiqə və axşam 22:00-dan sonra sosial şəbəkələrə 1-2 saat vaxt ayırıram. Bir çox insanlar üçün bu, sevdikləri müğənni ilə yeganə rabitə vasitəsidir. Bəlkə də onlar məni heç vaxt görməyəcəklər. Bütün yazılanlara da cavab vermirəm, amma tamaşaçılarımın qəlbini qırmaq da istəmirəm. ”Salam" müraciətinə, yaxud “doğrudan özünüzsünüz?” kimi suallara cavab vermirəm. Amma elə yazılar olur ki, yan keçmək mümkün deyil. Lakin yalan deməyəcəm, indiyədək sosial şəbəkələrdəki adreslərimin parolları oğurlanmayıb. Yəqin istəmirlər ki, mənim kimi istifadəçi qeyb olsun".

Sosial şəbəkələrdən aktiv istifadə edən Əməkdar artist Tünzalə Ağayeva, müğənni Samira, Aybəniz Haşımova indiyədək sosial şəbəkələrdəki hesablarının oğurlanmadığını deyiblər. Onlar bunu çox pis hal kimi qiymətləndiriblər.

Əcnəbilərin başına gələnlər

Sosial şəbəkələrin qurbanı yalnız bizimkilər deyil. Buna çox tez-tez əcnəbi məşhurlar da məruz qalırlar. Ötən il azərbaycanlı tamaşaçıların da çox sevdiyi türkiyəli müğənni Özcan Dənizin sosial şəbəkədə hesabı oğurlanmışdı. Belə ki, müğənninin “Twitter”, “Facebook”, “İnstagram” səhifələrini idarə edən şəxs müğənnidən xəbərsiz adreslərin şifrəsini dəyişdirərək, paylaşımlar edib. Özcan Dəniz isə bununla bağlı mətbuata açıqlama verərək, bildirib ki, hüquqi proseslər tamamlananadək yeni hesab açacağıq: “Köhnə hesablardan paylaşılanlara görə isə cavabdehlik daşımırıq”. Bu il daha bir tanınmış aktyor son vaxtlar “Paramparça” serialı ilə gündəmə gələn Erkan Pətəkkaya da eyni vəziyyətlə qarşılaşıb. Hesabları oğurlanan aktyorun adından günlərlə müxtəlif xoşagəlməz paylaşımlar edilib.

Məşhur aktyor Kıvanç Tatlıtuğ isə bir başqa cür sosial şəbəkə qurbanına çevrilib. Belə ki, Kıvançın öldüyü barədə xəbərlər məhz sosial şəbəkələrdə yayılaraq, mətbuata yol tapıb.

Qeyd edək ki, bu cür qurban sayı həddindən artıq çoxdur. Heç uzağa getməyək, məşhur kamança ustamız Habil Əliyev dünyasını dəyişməmişdən öncə sosial şəbəkələrdə dəfələrlə ölüm xəbərinə rast gəlinmişdi.

Nərmin Muradova


Müəllif:

Oxşar xəbərlər