Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında xalq artisti, tanınmış teatr və kino aktyoru Süleyman Ələsgərovun anadan olmasının 100 illiyinə həsr olunmuş xatirə gecəsi keçirilib.
Teleqraf.com xəbər verir ki, yubiley iştirakçıları əvvəlcə teatrın foyesində unudulmaz sənətkarın zəngin yaradıcılığını əks etdirən fotosərgi ilə tanış olublar.
Mərasimdə teatrın akrtisası, əməkdar artist Gülər Nəbiyeva unudulmaz sənətkarın övladı Sevil xanımın obrazını canlandıraraq onun keçdiyi həyat yolu, təhsili, teatra olan sonsuz məhəbbəti, Dövlət Gənc Tamaşaçılar Teatrının səhnəsində canladırdığı və möhürünü qoyduğu bir-birindən maraqlı tamaşalar haqqında ətraflı məlumat verib.
Həmçinin xalq artistləri Yasin Qarayev, Tariyel Qasımov, Ağaxan Salmanlı, Cəfər Namiq Kamal, Tariyel Qasımov, əməkdar artistlər Lətifə Əliyeva, Nübar Novruzova, Almaz Mustafayeva, Gənc Tamaşaçılar Teatrının direktoru Mübariz Həmidov çıxış edərək, aktyorla bağlı xatirələrini dilə gətiriblər.
Tədbirdə sənətkarın canlandırdığı tamaşalardan və çəkildiyi filmlərdən kadrların nümayiş etdirilib.
Məlumat üçün bildirək ki, Süleyman Ağababa oğlu Ələsgərov20 iyun 1915-ci ildə Bakıda anadan olub. 1936-cı ilin sentyabrında Süleyman Ələsgərov GTT-yə müsabiqə yolu ilə aktyor götürülüb. Aktyor bu teatrın səhnəsində yaratdığı Polad (“Qızıl quş”), Fərzəli bəy (“Nəsrəddin”), Afşin (“Babək”), Vəzir, Oruc (“Fitnə” və “Qaraca qız”), Lorenso (“Romeo və Cülyetta”), Yaşar, İmamyar, Əmirqulu (“Yaşar”), Hacı Nuru və Molla Salman (“Molla İbrahimxəlil kimyagər”), Valentin (“İki veronalı”), Montanelli (“Ovod”), Zeynalabdin Şirvani (“Əlvida, Hindistan!”, Namaz (“Xırs quldurbasan”) və digər bir-birindən maraqlı və xarakterik obrazları ilə tamaşaçıların yaddaşında silinməz izlər qoyub.
Dövlət Gənc Tamaşaçılar Teatrının veteranlarından olan görkəmli aktyor bu sənət ocağında fasiləsiz olaraq altmış üç il səhnəyə çıxıb.
“Dağlarda döyüş” (Mayor Poladov), “İstintaq davam edir” (Professor), “Bizim Cəbiş müəllim”, “Alma almaya bənzər” (Professor), “Bəxtiyar” (klub müdiri), “Köhnə bərə”, “Bağ evi”, “Bizi bağışlayın” kino-filmlərində, “Poçt qutusu”, “Günəş”, “Bir ailədə” və digər televiziya tamaşalarında canlandırdığı rollar aktyorun obrazlar qalereyasını təşkil edir.
Gənc Tamaşaçılar Teatrının inkişafında xidmətlərinə görə 1954-cü ildə Azərbaycan Respublikasının əməkdar artisti, 1982-ci ildə isə xalq artisti fəxri adlarına layiq görülüb. 1961-ci ildə oynadığı Səməd Vurğun (“Komsomol poeması”, İsgəndər Coşqun) roluna görə Respublika Lenin komsomolu mükafatı laureatı olub.
Süleyman Ələsgərov 10 dekabr 1998-ci ildə Bakıda vəfat edib.
Nərmin