30 Oktyabr 2015 11:49
1 435
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com-un “Portret” rubrikasında xalq yazıçısı Anar uşaqlıq dostu, mərhum bəstəkar Emin Sabitoğlunu xatırlayır:

– Anar müəllim, Emin Sabitoğlunun vəfatından 15 il keçir. Onu necə xatırlayırsınız?
– Emin mənim ən yaxın dostum olub. Biz yeddi yaşından dostluq etməyə başlamışıq. Ömür boyu bir yerdə olmuşuq. Yaradıcılıq sahəsində də əməkdaşlıq etmişik. Bir çox filmlərimə musiqi yazıb. Ssenarini yazanda düşünürdüm ki, bu filmin musiqisini mütləq Emin yazmalıdır. Emini istedadlı bir insan, böyük bəstəkar və sədaqətli dost kimi xatırlayıram. O, musiqi mədəniyyətimizdə öz yeri olan gözəl bir bəstəkar kimi də xatirəmizdə yaşayır.

– Onunla ortaq cəhətləriniz çoxdur. Hər ikiniz yaradıcı ailədə dünyaya gəlmisiniz...
– Bizim atalarımız da dost idi. Uşaqlıq illlərimiz bir yerdə keçib, birlikdə böyümüşük. Daim bir-birimizin evində olardıq. Tez-tez atası Sabit müəllim bizə, atam da onların ailəsinə gedərdi.

– Birlikdə işləriniz çox olub. Yaradıcı mübahisələriniz olurdumu?
– Birlikdə işlədiyimiz dövrdə hansısa mübahisəmiz olduğunu xatırlamıram. Həmişə musiqi yazanda məni də çağırardı, dinləyirdim. Hansısa qeydlərim olanda deyirdim ki, bunu belə etsən, daha yaxşı olar. O da həmişə mənim sözlərimə diqqətlə yanaşırdı.

– Emin Sabitoğlu deyəndə parlaq melodiyalar yada düşür. Onun ən çox sevdiyiniz mahnısı hansıdır?
– Təbii ki, əsərlərimə yazdığı musiqilər mənə daha yaxındır. Çünki iş prosesində o musiqiləri daha çox dinləmişəm. “Gün keçdi”, “Təhminə” filminə musiqini o yazıb. Eminin Vaqif Səmədoğlunun, Fikrət Qocanın, Bəxtiyar Vahabzadənin sözlərinə yazdığı çox gözəl mahnıları var. Ona görə də hansı musiqi əsərinin daha yaxşı olmasını demək çətindir. İstedadlı adam olduğu üçün əsərlərinin hamısı yüksək səviyyədədir.

– Sizin filmlərinizdə Emin Sabitoğlu ilə yanaşı, Firəngiz Əlizadə, Cavanşir Quliyev də mahnı bəstələyib. Emin Sabitoğlunun iş prosesini digər bəstəkarlardan fərqləndirən cəhət nə idi?
– Bütün filmlərimə musiqini Emin yazıb. O, vəfat etdikdən sonra bir neçə filmdə Cavanşir Quliyevlə işlədik. “Əlaqə” filminin musiqisini isə Firəngiz Əlizadə yazıb. Onlarda istedadlı bəstəkarlardır.

– Emin müəllim 1994-cü ildən Türkiyədə yaşamağa başladı. Onunla son görüşünüz nə vaxt oldu?
– Ölümündən bir gün əvvəl Xalq artisti adını almışdı. Fəxri ada layiq görüldüyünə görə bir neçə dostla bir yerə yığışıb qeyd etdik. Axşam saat 11-də mən evə getdim, ondan sonra Vaqif Səmədoğlu ilə xəstəxanaya gedəsi olublar. Səhər mənə zəng etdilər ki, Emin vəfat edib.

Eminin vəfatı mənim üçün böyük itki idi. İndiyə qədər də Eminin yeri görünür. Emin, Vaqif Səmədoğlu, Yusif Səmədoğlu və Araz Dadaşzadəni çox böyük ağrıyla xatırlayıram. Çox təəssüf ki, dünyadan erkən getdilər.

– Birgə keçirdiyiniz gənclik dövrlərinizi necə xatırlayırsınız?
– Eminlə eyni məktəbdə oxumuşuq. Mən birinci sinfə gedəndə, o, ikincidə oxuyurdu. Əvvəldən tanış idik, amma çox yaxın münasibətimiz yox idi. Məktəb illərindən yaxın dost olmağa başladıq. Dəfələrlə onunla Moskvada, Azərbaycanın regionlarında səfərlərdə olmuşuq. Moskvada Emin balaca bir ev kirayələmişdi, oraya gedəndə Eminin evində qalırdım. Əvvəl mən Türkiyəyə işləməyə getmişdim. O da Türkiyəyə gələndə mənim qonağım olurdu. Sonra Türkiyədə işləməyə başladı.

– Onun həyatının xeyli çətin dövrləri də oldu. İlk həyat yoldaşı Cəmilə xanımdan ayrılmış, Xədicə Abbasova ilə ailə qurmuşdu. Bir dost kimi onun qərarlarına necə münasibət göstərirdiniz?
– Ailə münasibətləri haqqında nəsə demək çətindir. Onu deyə bilərəm ki, Cəmilə Eminlə eyni sinifdə oxuyurdu. Məktəb illərindən dost idilər. Sonra evləndilər və toylarında hamımız iştirak etdik. Eyni vaxta mənim oğlum, onun isə qızı dünyaya gəldi. Sonra həyat elə gətirdi ki, Emin Cəmilə xanımla ayrılıb, Xədicə xanımla evləndi.
Xədicə xanım da onun qayğısına qalırdı. Bir-birlərini sevirdilər.

– Ümumiyyətlə, Emin müəllim öz həyatından razı idimi?
– Kim öz həyatından razı idi ki? Həyatından razı olan adam bəsit insandır. Həyatın o qədər problemləri, qayğıları var ki... Onun da qayğıları çox idi. Azərbaycanda da, Türkiyədə də darıxdığı vaxtlar olurdu. Eləcə də, müxtəlif həyat, məişət qayğıları var idi.

– Dost kimi mənfi və müsbət xüsusiyyətləri nələr idi?
– Bir az xəsis idi (gülür). O, xasiyyətinə görə həmişə zarafat edərdik. Xəsisliyi də qəribə idi. Evində yüksək səviyyədə qonaqlıq təşkil edərdi, amma bəzən görürdük ki, xəsislik edir. Başqa mənfi cəhəti yox idi. Bir dəfə atamgilin bağında idik və oradan Vaqif, mən, Emin dənizə çimməyə getdik. Emin az qalırdı dənizdə batsın. Mən də yaxşı üzə bilmirdim, amma Emindən yaxşı idim. Onu birtəhər xilas elədim. Dedi ki, həyatımı xilas etdin, mütləq Vaqif və sənə qonaqlıq verəcəm. Evə gəldikdən sonra dedi ki, Nigar xala yemək bişirib, sizdə yemək yeyək. Biz isə həmişə onunla zarafat edirdik ki, sözünə əməl etmədin. Amma təbii ki, mən onu, o məni dəfələrlə qonaq edib. Onu da danışım ki, yubileyində çıxış edən zaman Eminə saat bağışladım. Dedim, Türkiyədə Bakı vaxt ilə qurarsan, sənə Bakını xatırladacaq. Doğrudan da otağında saatı Bakı vaxtı ilə qurmuşdu. Hətta Bakıya gələcək günləri sayırdı. Xüsusilə son vaxtlar Türkiyədə çox darıxırdı və bura gəlməyə can atırdı.

– Birinci və ikinci ailəsi ilə münasibətləriniz varmı?
– Tədbirlərdə qızı Cəmilə xanımla görüşürük. Türkiyədə olanda, Xədicə xanım Bakıya gələndə onunla da görüşürük.

– Hər hansı çətinlik zamanı bir-birinizə dost kimi məsləhətləriniz nə olurdu?
– Eyni yaşda olduğumuz üçün bir-birimizə heç nəyi tövsiyə etmirdik. Bizim söhbətlərimiz, yaradıcılıq müzakirələrimiz olurdu. Kitablar, filmlər, tamaşalar haqqında müzakirə aparırdıq. Uşaq vaxtı Akademik Milli Dram teatrına gedərdik. Demək olar ki, günümüz bir yerdə keçirdi.

– Hər bir dostun nə vaxtsa küsülülüyü, incikliyi olur. Sizin necə, nə vaxtsa münasibətinizdə bu hallar yaşanıbmı?
– İnciklik olub, amma o qədər əhəmiyyət verməmişik. Ciddi bir səbəbi olmadığı üçün münasibətimizə təsir etməyib.

– Bəs, əsərləri, tamaşaları müzakirə edən zaman fikir ayrılığı yaşayırdınızmı?
– Xeyr. Emin ömrünün son illərində detektiv əsərlər oxumağa maraq göstəririrdi. Mən də ona deyirdim ki, detektiv əsərlər oxuyursan lap yaxşı, amma başqa janrları da oxu.

– Emin müəllim, Türkiyədə pedaqoji fəaliyyətlə məşğul olurdu. Orada yaşayarkən dostlarından daha çox kiminlə əlaqə saxlayırdı?
– Yaxın adamlardan Türkiyəyə gedən bütün insanlarla əlaqə saxlayırdı. Türkiyəyə gedəndə mütləq onunla görüşürdüm. Eləcə də, Rasim Ocaqov, Vaqif Səmədoğlu. Ümumiyyətlə, Bakıda kimlərlə dostluq edirdisə, Türkiyəyə də onlarla görüşürdü. Onunla bağlı bir xatirə danışacam. Vaqif Səmədoğlunun tamaşasına musiqi yazmışdı və ona görə Vaqiflə Şəkiyə getmişdi. Qış ayı idi. Qatarla Şəkiyə gediblər və sonra teatrın rəhbərliyinə teleqram vurub ki, biz filan qatarla gəlirik, ora gəlmək üçün maşın göndər. Qatardan düşən zaman görür ki, maşın yoxdur. Taksi tapıb Şəkiyə gedirlər. Teatra gedən zaman direktora deyib ki, siz teleqramı almamısınız? Direktor da teleqramı cibindən çıxarıb və deyib ki, niyə almamışam, aldım, öpdüm, cibimə qoydum. Emin də qayıdır ki, teleqramı öpməkdənsə maşını göndərərdiniz. Ümumiyyətlə, Emin çox incə yumora sahib olan biri idi. Zarafatlarını hər zaman xatırlayıram. Çox şirin, baməzə insan idi. Bağımızda dəfələrlə bir yerdə olmuşuq. Birlikdə xatirələrimiz çoxdur.

– Baməzə insan olduğunu qeyd etdiniz. Ən çox hansı əhvalatlarını xatırlayırsınız?
– Bəli. Amma yumoru da çox qəribə idi. Yeni-yeni tanınan zaman mahnıları radio dalğalarında səslənirdi, çox populyar idi. Amma televiziyaya az çıxdığı üçün əyani tanımırdılar. Hansısa mağazaya girəndə deyirdi, Emin Sabitoğlunun adını eşitmişiniz? Mən onun xalası oğluyam. Rəsmi tədbirlərdə kulisə yaxınlaşıb, özündən bir familya deyirdi. Məsələn, Məmmədov yoldaş gəlib. Hamı təəccüb qalırdı ki, Məmmədov yoldaş kimdir?

– Tanınmağa başlayandan sonra şöhrət onun xarakterinə necə təsir etdi?
– Şöhrət Emini dəyişdirmədi. O, şöhrət görməmişi deyildi. Atası da tanınmış insan idi. Uşaqlıqdan atasının premyeralarına gedirdi. Gül-çiçək, alqış yağışı çox görmüşdü. Ona görə də şöhrət onun üçün adi bir şey idi, məqsədi də şöhrət qazanmaq deyildi.

– Yaradıcı insanların qeyri-adi maraqları olur. Emin Sabitoğlunun hobbisi, maraqları nələr idi?
– Hobbisi detektiv əsərlər oxumaq idi. Çingiz Abdullayevin demək olar ki, bütün əsərlərini oxumuşdu.

Rəqsanə Həsənova

Foto: Elçin MURAD


Müəllif:

Oxşar xəbərlər