21 Dekabr 2015 17:42
3 244
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com Günel Natiqin “Zamana meydan oxuyan sənətkar” essesini təqdim edir:

“Heyif ki, həyat su kimi axıb getdi, indi mən geriyə baxanda bircə günün də mənə aid olduğunu görmürəm. Artıq qocalmışam. Təəssüflənmək üçün çox gecdir. Hədər yerə göz yaşı tökürəm, heç bir bədbəxtlik boş yerə axıb gedən zamanla müqayisə oluna bilməz. Yalançı ümidlər və şöhrətpərəst arzular həqiqəti görməyimə mane oldu, mən bunu indi anlayıram. Məni qarşıda böyük cəza gözləyir; xeyrin harada olduğunu bilən, amma bununla belə şər törədənlər üçün hazırlanan cəza. Mən bunu o qədər aydın görürəm ki, nəyə ümid edəcəyimi belə bilmirəm...”

İntibah dövrünün dahi rəssamı və heykəltəraşı Mikelancelo ahıl çağında belə düşünürdü....

Mikelancelo Buonarroti 1475-ci ildə Karavadco deyilən kiçik bir qəsəbədə doğulub. Atası şəhər məsləhətçisi Lodoviko Buonarroti müflisləşmiş zadəgan idi. Bəzi bioqrafik mənbələrə görə, Mikelancelonun əsli-nəcabəti qraf idi, Kanossonun nəslinə gedib çıxırdı. Rəsmi sənədlərdə bu barədə bilgi olmasa da Mikelancelo məşhurlaşdıqdan sonra qraf Kanosso onunla qohum olduğunu elan eləmişdi. O, Mikelanceloya “əziz qohumum” deyir, tez-tez evinə dəvət edirdi.

Lodoviko Buonarroti varlı deyildi, çoxuşaqlı ailəni çətinliklə dolandırırdı. Həyat yoldaşı isə Mikelancelo hələ altı yaşında olanda dünyasını dəyişmişdi. Oğlanın tərbiyəsi ilə elə həmin kənddə yaşayan dayə məşğul olurdu. Kiçik Mikelancelo palçıqla oynamağı sevirdi, yazıb-oxumağa başlamadan heykəl yapmağı öyrənmişdi.
Sonralar Mikelancelo deyəcəkdi: “Bu gözəl torpaq, açıq hava və ana südü məni rəssam elədi”.

Ata oğlunun rəssam olmasını istəmirdi, amma gec-tez Mikelancelonun istəyi ilə barışmalı olur və onu Domeniko Qirlandayonun emalatxanasına aparır. Bir ildən sonra isə oğlunu heykəltəraş Bertoldo di Covanniyə şagird verir. Covanni San-Marko meydanındakı bədii məktəblərə rəhbərlik edirdi. Mikelancelo burda köhnə qravüraların üzünü köçürürdü, əsərlərin surətlərini yaradırdı. Axırda bu işdə elə böyük uğur qazanır ki, hətta məşhur Lorensonun da diqqətini cəlb edir. O, Buonarrotini öz dərnəyinə dəvət edir. Artıq 1490-cı illərdə istedadlı gənc rəssamın adı dillərdə gəzirdi.

Təəssüf ki, Mikelancelonun erkən rəngkarlıq işləri haqqında bilgilər azdır. Yeganə sona çatdırdığı əsəri “Müqəddəs ailə”dir. Tabloda əsas obraz Madonnadır, o, gənc, gözəl və əzəmətlidir. Əllərini körpəyə tərəf uzadıb, əslində, bütün kompozisiya bu hərəkət üzərində qurulub. Madonna, İosif və körpə bir kompozisiyada bütövləşiblər. Bu, adi ailə deyil, “kəbini göylərdə kəsilmiş” müqəddəs ailədir.

“Bu əsər sanki Tanrı əliylə çəkilib”

1504-cü ildə florensiyalı bir xanım iki məşhur rəssama – Mikelanceloya və Leonardo da Vinçiyə Palatso Vekkiodakı Böyük salon üçün iki freska (böyük ölçülü divar rəsmi) sifariş verir. Freskalarda müharibə səhnələri təsvir olunmalıydı. Rəssamlar əvvəlcə divar rəsminin karton üzərində kiçik ölçülü ilkin təsvirini çəkirlər. Leonardodan fərqli olaraq, Mikelancelo döyüş səhnəsini deyil, çayda çimərkən həyəcan təbilini eşidib döyüşə tələsən əsgərləri təsvir edir. Rəssam 18 fiqur çəkir, onların hamısı hərəkətdə idi.

1506-cı ildə hər iki təsvir tamaşaçıların mühakiməsinə verildi. Müasirlərinin fikrincə, Mikelancelonun bu rəsmi onun ən gözəl əsəri olmalıydı, amma təəssüf ki, iş başa çatmadı, karton üstündə çəkilən təsvir əldən-ələ keçərkən paralandı. Təsvirin müəyyən hissələrini görmüş Bazzari yazırdı ki, bu, qeyri-adi bir əsər idi, sanki Tanrı əliylə çəkilmişdi. Hər iki təsviri görən heykəltəraş Benvenuto Çellininin fikrincə isə, bu işlər sübut edirdi ki, Leonardo da Vinçi və Mikelancelo bütün dünya rəssamlığının ən güclü məktəbləri idilər.

Məşhur “David” əsərinin də maraqlı tarixçəsi var. Belə ki, bu heykəlin yapıldığı mərmər illər öncə Karrara şəhərinin yaxınlığındakı su hövzəsindən tapılmış və lazımsız əşya kimi kilsənin həyətinə atılmışdı. Mikelancelo heykəli bu mərmərdən düzəldəcəyini deyəndə onu fikrindən vaz keçməyə çağırırlar: ”Indiyə qədər heç bir sənətkar bu materialı ram edə bilməyib, zəhmətiniz hədər gedəcək”. Amma Mikelancelo təslim olmaq fikrində deyildi. O, təkidlə sözünün üstündə durur və məhz bu mərmərdən məşhur “David” heykəlini yapır. Demək ki, qiymətli daş öz ustasını gözləyirmiş…

1505-ci ildə papa II Yuli Mikelancelonu yanına çağırır və ona qeyri-adi bir sifariş verir. Məsələ burasında idi ki, papa hələ sağlığında özünə layiqli məqbərə düzətdirmək istəyirdi və düşünürdü ki, bu işin öhdəsindən ancaq Mikelancelo gələ bilər. Ustad rəssam həyatının 30 ilini bu işə sərf edir. Məqbərənin layihəsi dəfələrlə dəyişdirilir, o qədər kiçildilib-böyüdülür ki, ahıl çağına gəlib-çatmış rəssam axırda təngə gəlib işi başa çatdırmaqdan imtina edir.

1534-cü ildə Mikelancelo Florensiyanı tərk edib Romada yerləşir. Bir ildən sonra isə papa III Pavel onu Vatikanın rəngkarı, heykəltəraşı və arxitektoru təyin edir. Mikelancelonun ən möhtəşəm əsəri onun 1536-cı ildə Sikstin kapellasının tavanına çəkdiyi rəsmdir. Rəssam “Dəhşətli məhkəmə” adlı bu divar rəsminin üzərində düz altı il işləyir. Bu mövzu ona ruhən yaxın idi. Dünyagörmüş rəssam yer üzündə o qədər haqsızlıq görmüş və ağrı-acı çəkmişdi ki, reallıqda mümkün olmayanı öz əsərində mümkün etmişdi: Bəşəriyyətə hökm oxumuşdu.

Deyilənə görə, 3-cü Pavel tez-tez kapellaya baş çəkərdi. Bir dəfə o, Badco adlı bir məmuruyla gəlir.

- Bu fiqurlar sizə necə təsir bağışladı? - deyə papa Badcodan soruşur.

- Əlahəzrət, sizdən dəfələrlə üzr istəyirəm, amma bu çılpaq bədənləri mən müqəddəs məbədə hörmətsizlik kimi qəbul edirəm.
Papa heç nə demir. Onlar getdikdən sonra qəzəblənmiş Mikelancelo fırçanı götürür və divara şeytan şəkli çəkir, üz cizgilərini isə həmin o məmura bənzədir. Bundan xəbər tutan Badco papanın yanına şikayətə gedir. Papa onu dinləyib deyir: “Badco, əzizim, əgər sənin təsvirin ətraf məkanların birində olsaydı, mən səni ordan çıxarmaq üçün əlimdən gələni edərdim. Amma madam ki, o, səni cəhənnəmə aid edib, mən tamamilə gücsüzəm, cəhənnəmdə mənim hökmüm keçmir”.
Badconun simasını xatırladan qəzəbli şeytan təsviri bu günə kimi həmin divar rəsmində qalmaqdadır.

“Dəhşətli məhkəmə” əsərindən sonra Mikelancelo Buonarroti şöhrətin ən üst pilləsinə qalxdı. Artıq o, papanın hüzurunda papağını çıxarmağı belə unudurdu, heç papa da bunun fərqinə varmırdı. Ziyafətlərdə Mikelancelonun yeri yuxarı başda, kralların və papaların yanında olardı.

Mif, yoxsa həqiqət?

Deyirlər, Mikelancelo əsərlərinin altında imza qoymağı sevməzmiş, bunu özündənrazılıq sayırmış. Yalnız bircə əsərində – “Pyeta” heykəlində onun imzası var. Səbəbi isə çox sadədir, o vaxtlar xalq arasında şayiə gəzirdi ki, guya bu əsəri bir başqası çəkib.

İntibah dövrünün rəngkarları incəsənətə öz həqiqətini və əfsanəsini “nəqş etmişdi”. Məsələn, Matias Qryunevald. Bu dahi rəngkarın varlığından çox az adamın xəbəri vardı. Ölümündən sonra bir çox rəssam onu təqlid etməyə başladı, amma heç biri Qryunevald ola bilmədi, çünki onun üslubu bənzərsiz idi. Sağlığında şöhrət tapmayan bu bəxtsiz sənətkar ölümündən sonra məşhur rəssama çevrildi.

Ya da Roqier van der Veyden. Erkən İntibah dövrünün rəssamıdır. Der Veydenin də fərqli özəlliyi vardı; o, ön plana daha çox diqqət ayırırdı, arxa planda baş verənlər onun fikrini məşğul etmirdi. Əsərlərində insan hislərini və təlaşlarını ifadə edirdi. İsanın anasını təsvir etdiyi tablo XV əsrin şedevri sayılırdı. Der Veyden bu gün də dahi rəssam kimi sevilir.

İntibah dövrünün maraqlı rəssamlarından olan Fra Filippo Lippi əvvəllər monastırda keşiş imiş. Lakin sonradan seçiminin yanlış olduğuna qərar verir, həm də o, gənc rahibə Lukresiya Butiyə aşiq idi. Onlar birlikdə monastrdan qaçırlar. Günlərin birində Filippo özündə rəssamlıq istedadı aşkar edb rəngkarlıqla məşğul olmağa başlayır. Filippo tezliklə məşhurlaşır, keçmiş rahibə isə əsərlərinin bənzərsiz qəhrəmanına çevrilir.
İntibah dövrünün rəssamlarının həyatı mif pərdəsi altındadır. Məsələn, deyilənə görə, Rafaelin madonnalarında çörəkçi qızı Marqaret Luinin cizgiləri var. Bəzilərinin nəzərində o, yolunu azmış olsa da, digərləri üçün Rafaelin məsum sevgilisiydi. Hətta deyilənə görə, Marqaretə olan məhəbbət rəssama imkan vermir ki, o kübar təbəqədən olan zəngin qızı ilə evlənsin. Bir çox tədqiqatçılar isə bu fikirdə idilər ki, bütün bunlar uydurulmuş mifdən başqa bir şey deyil. Belə şayiə də gəzirdi ki, Roma papasının yanında rəngkarlıq edən bu adam əslində Allaha inanmırdı. Bu şayiəyə inanmayanlara isə o dövrün keşişlərindən birinin məşhur sözlərini xatırladırlar: “İsa haqqında bu nağıl görün bizə nə qədər qazanc gətirdi!”

Mikelancelonun yeganə məhəbbəti

Mikelancelo heç vaxt evli olmamışdı, o, “İncəsənət qısqancdır, insanı bütün varlığıyla tələb edir, mən ona evliyəm, övladlarım isə əsərlərimdir”, – deyirdi. Bəlkə də elə bir qadın yox idi ki, onu anlaya bilsin. Belə bir qadın onun həyatına daxil olur, amma çox gec. Onda Mikelancelonun 60 yaşı vardı. 47 yaşlı Viktoriya Kolonna zadəgan nəslindən idi, hersoq Urbanskinin nəvəsiydi. Əri müharibədə həlak olmuş Viktoriya 35 yaşından dul qalmışdı. Mərhum ərini çox sevən qadın onun xatirəsinə də sadiq idi. Ağrı-acılardan yeganə xilas yolunu poeziyada görürdü. İncə duyumlu şeirləri onu intibah dövrünün ən məşhur şairəsinə çevirmişdi.
Viktoriya Kolonnanın portretləri onun iç dünyası haqqında da müəyyən təsəvvür oyadır, simasına çökmüş bədbinlik ümidlərdən məhrum olduğunu söyləyir… Ümumiyyətlə, bu xanımın portreti sanki onun vaxtilə etiraf edə bilmədiklərini açıqlayır….

Onlar 10 il boyunca ünsiyyətdə olurlar, məktublaşırlar, fanilik haqqında fikirlərini bölüşürlər…
Mikelancelo sonetlərini ona həsr edirdi. On ildən sonra Viktoriya dünyasını dəyişir. O andan etibarən Mikelancelonun dünyası darmadağın olur və öz ölümü haqqında fikirlər onu rahat buraxmır.

“Mən yanız indi sənətimi hecalarla oxuyuram”

Tarixçi Vazzari yazırdı ki, Mikelancelonun ideyalarını asanlıqla ərsəyə gətirmək mümkün deyildi. Heyf ki, o, öz eskizlərini məhv edirdi, əlyazmalarını, trafaretləri, eskizləri yandırırdı, ona görə belə edirdi ki, xələfləri onun hansı çətinliklərdən, hansı proseslərdən keçdiyini və bu dahiyanə sənətin çətinliklərini necə dəf etdiyini görə bilməsinlər.

O, həyatının son gününə qədər qurub-yaradır. Təsəvvür etmək çətindir ki, böyük güc-qüvvə tələb edən bir əsəri o, 81 yaşında başa çatdırır!

Dahi Mikelancelo Buanorroti 1564-cü ildə dünyasını dəyişir. Halbuki o, özündə yeni güc hiss edirdi. O, hər şeyi yenidən başlamağa hazır idi. “Axı mən yalnız indi sənətimi hecalarla oxumağı öyrənirəm. Yalnız indi mən hər şeyi daha dərindən və daha yaxşı duyuram. Amma faydası yoxdur. Gecdir, çox gec”.

Amma kiçik bir ümidi vardı. Hər gələn rəssamla, – o rəssam ki, fərqinə varmadan onun ideyalarını davam etdirəcəkdi, – Mikelancelo yenidən dünyaya gələcək və yenidən yaratmağa başlayacaqdı. Bir vaxtlar palçıqla oynayan və təbiətə, torpağa baxıb böyük rəssam olmaq istəyən həmin o balaca oğlan kimi....


Müəllif:

Oxşar xəbərlər