Səttar Bəhlulzadə adına Mərkəzi Sərgi Salonunda Gürcüstan Rəssamlar Federasiyasının üzvü Rizvan İsmayılın “Müsbət enerji” adlı fərdi sərgisi açılıb.
AZƏRTAC xəbər verir ki, mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev sərgi iştirakçılarını qarşıdan gələn bahar bayramları münasibəti ilə təbrik edərək ekspozisiya müəllifini təqdim edib. O qeyd edib ki, bu, Gürcüstanda geniş tanınan Rizvan İsmayılın ilk fərdi sərgisidir.
Rizvan İsmayıl qonşu ölkənin Bolnisi rayonundakı Zolgüvəc kəndində anadan olub. 1990-cı ildə Əzim Əzimzadə adına incəsənət kollecini bitirib. R.İsmayıl Təbriz və Qum şəhərlərində dini təhsil də alıb. Onun parlaq, rəngarəng rəsmləri mənəvi zənginliyi və dünyanın fəlsəfi dərki ilə diqqəti cəlb edir.
Milli Məclisin deputatı, Azərbaycan-Gürcüstan parlamentlərarası dostluq qrupunun rəhbəri, Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov, Azərbaycanın Əməkdar Rəssamı, UNESCO yanında Beynəlxalq Rəssamlar Federasiyasının və Dünya Rəssamlıq Akademiyasının üzvü Sakit Məmmədov, Gürcüstan Azərbaycanlıları Mədəniyyət Mərkəzinin rəhbəri Fazil Həsənov Rizvan İsmayılın özünəməxsus yaradıcılığı haqqında danışıblar, qeyd ediblər ki, R.İsmayılın İstanbul və Tbilisidə fərdi sərgiləri keçirilib. Natiqlər rəssama yeni yaradıcılıq uğurları arzulayıblar.
Sakit Məmmədov bildirib ki, bu ilin yayında dünyanın ən məşhur muzeylərindən biri olan Luvrda Rizvan İsmayılın fərdi sərgisi açılacaq.
Rəssam bütün borçalılar adından iştirakçıları salamlayıb, sərginin təşkilatçıları və iştirakçılarına minnətdarlığını bildirib. Ekspozisiya müəllifi hamını bahar bayramları münasibəti ilə təbrik edərək deyib: “Sizə müsbət enerji bəxş edirəm”.
İki gün davam edəcək sərgidə rəssamın sürrealizm və abstraksionizm janrında 50-dən çox əsəri nümayiş olunur.