Martın 27-də kitabevim.az kitab marketində tarix üzrə fəlsəfə doktoru Fariz Xəlillinin “Ağsuda zəngin alban mədəni irsi – Nərgizava” kitabının təqdimatı və imza mərasimi olub.
“Ağsuda zəngin alban mədəni irsi – Nərgizava” kitabı AMEA Memarlıq və İncəsənət İnstitutu Elmi Şurasının qərarı ilə “Elm və Təhsil” nəşriyyatında çap olunub. Kitabın elmi redaktoru professor Kübra Əliyeva, rəyçiləri professor Qafar Cəbiyev və professor Şikar Qasımovdur.
Teleqraf.com xəbər verir ki, MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin sədri, tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli əvvəlcə kitabı haqqında qısa məlumat verib. O qeyd edib ki, “Ağsuda zəngin alban mədəni irsi – Nərgizava” kitabı "Xəmsə - Nərgizava, Mehravan, Şıxməzid, Ağsu, Xançoban" seriyasından ilk kitabıdır. Nərgizava Azərbaycanın antik və ilk orta əsrlər tarixini və mədəniyyətini öyrənmək üçün fərqli və zəngin material verən abidələrimizdəndir. Nərgizava elmə gec məlum olub, az öyrənilib.
O, bildirib ki, Nərgizava qəbristanlığını yalnız Xocalı kurqan çölü ilə müqayisə etmək olar. Buradan aşkar edilən bədii metal məmulatı və qəbir keramikası Azərbaycan arxeologiyasında yenidir. Dəfn formasında, xüsusilə üst-üstə dəfnlərin həyata keçirilməsi maraq doğurur. Nərgizavalılar ata həvəs göstərmiş, çoxsaylı at, ikibaşlı at, atlı fiqurları, at dəfni və s. əlamətlər bu toplumun əsasən yarımköçəri həyat tərzi keçirdiyini və sonrakı toplumlarda olduğu kimi ərazinin yazlaq kimi istifadə edildiyini sübut edir. Maraqlıdır ki, Nərgizava abidəsinin yerləşdiyi müasir Gəgəli kəndi də Axtaçı obası ilə bağlı olub, atçılıqla birbaşa əlaqəlidir. Nərgizava tədqiqatlarının gələcəkdə Azərbaycanda etnoarxeologiyanın əsas istinad məkanlarından biri olacağı şübhəsizdir.
Fariz Xəlilli Nərgizava abidəsinin ortalığa çıxmasında AMEA-nın müxbir üzvü, müəllimi Vəli Əliyevin əməyini xüsusilə vurğulayıb. Onun həvəsləndirməsi və istiqamətləndirməsi ilə başlanan bu yolda Oğuz-Qəbələ-Bakı su kəmərini inşa edənlərin abidəni dağıtması acınacaqlı hal olsa da tanınmasına imkan yaratdığını deyib. AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu 2008-2010-cu illər qazıntı mövsümündə arxeoloji ekspedisiya təşkil edib, qismən olsa da, abidə haqqında ilkin təəssürat yaranıb. Lakin işlər yarımçıq qalıb, abidənin kompleks öyrənilməsinə ehtiyac vardır. Bu kitab indiyə qədər görülən işləri bir yerə toplayaraq cəmiyyətə verilən Nərgizava məsajıdır. Fariz Xəlilli kitabevim.az kitab marketinə başda yazıçı Şəmil Sadiq olmaqla MİRAS nəşrlərinin təqdimatı üçün verdikləri dəstəyə görə minnətdarlıq edib. Fariz Xəlilli bildirib ki, kitabın satışından gələcək gəlir “Kənan Mehdiyevlə yeni Dünya quraq” aksiyasına sərf olunacaq və Xocalı sakini Nizami Mehdiyevin hesabına köçürüləcək.
Kitabın elmi redaktoru, professor Kübra Əliyeva əsərin elmi dəyəri və yenilikləri haqqında məlumat verib. Nərgizava abidəsinin zənginliyi Albaniya-Aran tarixinin öyrənilməsinə yeni materiallar verəcəyini qeyd edib. Kitabın rəyçisi, professor Şikar Qasımov müəllifin gördüyü işlər, apardığı araşdırmalar fonunda Nərgizava abidəsində aparılan və aparılacaq tədqiqatların Azərbaycan tarix elminə yeniliklər gətirəcəyini bildirib. Tədqiqatların davam etdirilməsini arzulayıb. Nərgizava abidəsinin yerləşdiyi Ağsu rayonu Gəgəli kəndindən olan professor Vüqar Mikayılov nəhayət Nərgizava abidəsinin arxeoloji baxımdan öyrənilməyə başlanması və ona kitablar yazılmasını mühüm hadisə adlandırıb. Gəgəli kəndinin evlərinin altında yerləşən tarixi qalıqların, qəbirlərin gələcəkdə daha kompleks öyrəniləcəyinə inandığını qeyd edib.
Daha sonra Yeni Gallery Bakı İncəsənət Mərkəzinin direktoru Rafael Gülməmmədli, Sabah qruplarının tələbəsi Füzuli Mehrabzadə, Xocalı Soyqırımını Tanıtma İctimai Birliyinin üzvləri və digər iştirakçılar arxeologiya, Qafqaz Albaniyası, Xocalının maddi-mədəni irsi, mədəni irs abidələrinin qorunmasına dair fikir və düşüncələrini paylaşıblar.
Sonda müəllif Fariz Xəlilli iştirakçılar üçün kitabları imzalayıb.
Bəkir