16 Aprel 2016 15:02
3 093
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com AMEA Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşı Aidə İsmayılovanın “Orta əsr işıqlandırma vasitələrinə dair (AMEA Milli Azərbaycan Tarixi Muzeyinin materialları əsasında)” adlı məqaləsini təqdim edir.

***

Milli Azərbaycan Tarixi Muzeyində qorunan maddi mədəniyyət nümunələri içərisində orta əsr şəhər yerlərindən aşkar olunmuş işıqlandırma vasitələri xüsusi yer tutur.

Muzeydə əsasən, orta əsr Beyləqan, Mingəçevir, Gəncə, Bakı, Qəbələ, Bəndovan şəhər yerlərindən aşkar olunmuş işıqlandırma vasitələri qorunur.

Qeyd olunan şəhər yerlərindən üzə çıxarılmış işıqlandırma vasitələrinin ayrı-ayrı ümunələri haqqında Q.Əhmədov, İ.Cəfərzadə, V.Leviatov, F.İbrahimov öz tədqiqat əsərlərində məlumat veriblər, lakin bu arxeolji materiallar kompleks şəkildə öyrənilməyib,tipoloji bölgü aparılmayıb.

Hazırkı məqalədə əsas məqsəd IX-XIII əsrlərə aid işıqlandırma vasitələrini sistemləşdirmək, onların tipoloji bölgüsünü aparmaq, dövrünü, əsas səciyyəvi xüsusiyyətlərini müəyyənləşdirməkdən ibarətdir. Milli Azərbaycan Tarixi Muzeyində qorunan işıqlandırma vasitələrinin aşağıdakı kimi bölgüsünü aparmaq olar: piydanlar, çıraqlar və şamdanlar.

Milli Azərbaycan Tarixi Muzeyində Gəncə, Qəbələ, Şamaxı (Gülüstan qalası) və Bakıdan aşkar olunmuş 5 ədəd piydan qorunur.

Bu piydanlar əsasən I tiplə təmsil olunub. Piydanlar üç hissədən - fitil qoyulmaq üçün kiçik açıq burnu olan üst kasacıq, oturacaq rolu oynayan alt kasacıq və onları birləşdirən oxdan ibarətdir.

Bu tip piydanları Ö.İsmizadə iki yaruslu piydanlar adlandırıb ( 9; s 96-97, şəkil 7). Belə piydanlara nümunə olaraq Qəbələ, Gəncə, Mingəçevirdən aşkar olunmuş piydanları göstərə bilərik.
MATM-da Kültəpə abidəsindən aşkar olunmuş 1 ədəd şirli piydan qorunur. İkiyaruslu olan bu piydanın üzəri qəhvəyi rəngli şirlə şirlənib (şəkil 2).

Görünür, piydanlarda piy yandırılırdı və mənbələrdə piydanlarda yanacaq kimi piydən istifadəsiyə dair məlumat vardır. Əbdürrəşid Əl- Bakuvinin “Kitab təlxis əl-asar və əcaib əl-məlik əl-qəhhar” ( “Abidələrin” xülasəsi və qüdrətli hökmdarın möcüzələri) kitabında Bakı şəhərinin yaxınlığında su iti dərisindən yağ hazırlanması haqqında məlumat var. “Şəhərin yaxınlığında məskun olunmuş ada var və buradan su itilərinin ovuna gedirlər. Su itlərinin dərisini soyur və çıraqlarda [istifadə edilən] yağlarını əridirlər. Dərilərindən tuluqlar düzəldib neftlə doldururlar və [başqa] ölkələrə aparırlar” (1; s 104).

İşıqlandırma vasitələri içərisində kəmiyyət etibarı ilə çıraqlar çoxluq təşkil edir. Çıraqları materialına görə iki bölməyə ayırmaq olar: metal və saxsı çıraqlar. Şirli və şirsiz olmaqla iki qrupa bölünən saxsı çıraqlar, xüsusilə çoxluq təşkil edir.

Milli Azərbaycan Tarixi Muzeyinin Arxeologiya fondunda ümumilikdə, 243 ədəd saxsı çıraq qorunur. Onlardan 202 ədədi şirsiz, 41 ədədi şirli, 2 ədədi metal çıraqdır. Bütöv çıraqlardan əlavə onların ayrı-ayrı hissələri də var. MATM-da qorunan orta əsr şəhər yerlərindən aşkar olunmuş saxsı çıraqları istehsal dövrünə görə aşağıdakı şəkildə dövrləşdirmək mümkündür:

1) IX-X əsrlərə aid çıraqlar. Bu dövrə aid çıraqların ölçüləri böyük, gövdəsi şar formalıdır. Onların qısa boğazı, kiçik gövdəsi, fitil keçirilən burnu və qulpu var. çıraqların qulpunun bir ucu ağzının kənarına, digər ucu isə gövdəyə yapışdırılırdı (3, s. 97).

2) XI-XIII əsrlərə aid çıraqlar. Bu çıraqların gövdəsi daha kiçik, qulpu isə adətən lentvari şəkildə dairəvi düzəldilirdi və qabın boğazına birləşdirilirdi. Bu dövrə aid olan üzəri şirlə örtülmüş çıraq nümunələri də var. Sonrakı çıraqların gövdəsi nisbətən kiçilir, qulpları nazikləşir, boğaz hissəsi nisbətən uzanır, lülələri o qədər də qalxmış formada olmur. Çıraqların gövdələri getdikcə daha kiçilir və yumru haldan tədricən uzunsov hala keçir. Daha sonra isə çıraqların boğaz hissəsi uzanır, lülələri bir az qalxmış şəkildə olur. Bu zaman çıraqların gövdələri naxışlanmağa başlanır, neft tökmək asan olsun deyə çıraqların boğazları qıf kimi düzəldilir ( 9; s 38-39; 10, s 99).

Saxsı çıraqlar öz formalarına görə tip yaradır. I tip yastı oturacaqlı, şar və ya çəlləkvari gövdəli, gen, alçaq boğazlı, fitil üçün ucunda oyuq olan boru şəkilli lüləyə, ağzının kənarına və gövdəyə birləşdirilmiş qulpa malik çıraqları təmsil edir. VIII-IX əsrlərə aid edilən bəzi nümunələr dulus çarxından istifadə edilmədən kobud hazırlanıb. IX-XI əsrlərə aid edilən çıraqlar isə dulus dəzgahında hazırlanıb. ( şəkil 3)

II tip çıraqlar alçaq diskvari oturacağa, bir qədər dəyirmi gövdəyə və borusəkilli lüləyə malikdir. Lentşəkilli qulpunun aşağı ucu gövdəyə, yuxarı ucu ağzının kənarına yapışdırılıb. ( şəkil 4)

III tip çıraqlar nisbətən konusvari gövdəyə malik olub,alçaq boğazlıdır. Bu çıraqların lüləkləri boruşəkilli, yarımdairəvi qulpları lentşəkilli olub üzərində şırımlar var. Qulpunun yuxarı hisəsi ağzının kənarına, aşağı hissəsi isə gövdəyə birləşib. (şəkil 5)

IV tip çıraqlar bikonik gövdəyə malik olub, boğaz hissələri nisbətən genişdir və yuxarıya doğru uzanır. Lüləkləri boruşəkilli olub düz istiqamətlidir. Bu tip çıraqların qulpları da lentşəkilli yarımdairəvi olub yuxarı ucu boğazının kənarına, aşağı ucu isə gövdəyə birləşib. Oxşar nümunələr Şamaxı, Bərdə və Şəmkir şəhər yerlərindən də məlumdur ( 8, s. 59; 7, s. 59; 6, s. 133; şəkil 5,8,9). Bu tipə aid olan Beyləqandan aşkar olunmuş bir ədəd çırağın bir-birinin ardınca birləşdirilimiş lentşəkilli qulpu var. Qulp boyunca iki cızıq çəkilib. (şəkil 6)

V tipə aid olan çıraqlar bir qədər bikonik gövdəyə malik olub, nisbətən yuxarıya doğru daralan boğazları var. Lüləkləri boruşəkilli, yarımdairəvi lentşəkilli qulplarının yuxarı hissəsinin ucu boğazının kənarına, aşağı hissəsi gövdəyə birləşib. (şəkil 11)

VI tip çıraqlar dar gövdəyə, yarımdairəvi lentşəkilli qulpa malik olub,lüləkləri uzundur. Boğazları qısa olub, yuxarıya doğru daralır. Qulplarının yuxarı hissəsi boğazının kənarına, aşağı hissəsi gövdəyə birləşib (şəkil 12).
VII tip çıraqlar dəyirmi, bir qədər yastılaşmış və ya şarşəkilli gövdəsi, dar, qıf formalı boğazı ilə fərqlənir. XII-XIII əsrin birinci yarısına aid nümunələrin bəziləri cızıqlarla naxışlanıb. Bu tip çıraqlar Qafqaz üçün səciyyəvi olub arxeoloji qazıntılar nəticəsində orta əsr abidələrinin əksəriyyətindən aşkar olunub. (2; s 151-152; şəkil 13)
VIII tipi təşkil edən çıraqların fərqli xüsusiyyəti onların iki lüləyinin olmalarıdır. MATM-n Arxeologiya fondunda Beyləqan və Gəncə şəhər yerlərindən aşkar olunmuş iki lüləkli saxsı çıraqlar qorunur (şəkil 13). İki lüləkli çıraqlar içərisində Gəncə şəhər yerindən tapılmış şirli çıraq diqqəti daha çox cəlb edir. İki qulplu və iki lüləli çırağın üzərinə yaşıl şir çəkilib. Bu çıraq 1939-cu ildə İsaq Cəfərzadə tərəfindən aşkar olunub.

Hündürlüyü-4,5 sm-dir. Güman ki, bu çıraqlar bayram və mərasimlərdə istifadə olunub (şəkil 14). Oxşar formalı çıraqlara Şəmkir şəhər yerindən də məlumdur. (6, s. 14)

Saxsı şirsiz çıraqlarla yanaşı MATM-da şirli çıraqlar da qorunur. Onlar say etibarı ilə şirsizlərdən azdır. Şirli çıraqlar Beyləqan, Gəncə və Qəbələ aşkar olunub. Qeyd edək ki, şirli çıraqlar da ümumi quruluşuna görə şirsizlərlə demək olar ki eyniyyət təşkil edir. Şirli çıraqlar həcmlərinə görə fərqlənirlənirlər, onlar əsasən kiçik həcmlidirlər. Şirli saxsı çıraqların demək olar ki, hamısı iç tərəfdən şirlə örtülüb və heç bir çırağın üzərində ornament yoxdur. Say etibarı ilə şirli çıraqlar Beyləqan və Gəncədən daha çox aşkar olunub.

Milli Azərbaycan Tarixi Muzeyində saxsı çıraqlarla yanaşı metal çıraqlar da qorunur. Lakin bu çıraqların sayı çox azdır. Metal çıraqlar Beyləqan, Şəki və Bakıdan aşkar olunub. Bakıdan aşkar olunmuş tuncdan hazırlanmış çıraq olduqca maraq doğurur. Çıraq tökmə yolu ilə hazırlanıb. Zoomorf tipdə olan bu çırağın dörd ayağı vardır. Onlardan ikisi gövdənin, ikisi isə lülənin orta hissəsinə bərkidilib.Çırağın gövdəsi üzərində nəbati naxışlar və buynuz təsviri vardır, lüləsində isə təkə rəsmi təsvir edilib. Hündürlüyü-7 sm, ağzının diametri- 3,5 sm-dir (4; s 23-24 şəkil 16). Digər metal çıraqlar da demək olar ki,eyni formadadır.

Milli Azərbaycan Tarixi Muzeyinin Arxeologiya fondunda qorunan Şəki rayonu ərazisindən təsadüf nəticəsində aşkar olunaraq Muzeyə təhvil verilmiş çıraq tökmə üsulu ilə hazırlanmış, zoomorf formadadır və 4 ayağı var. Bu çırağın dövrünü R. Əfəndiyev XII əsrə aid edir və fikrini orta əsr Bakı şəhər yerindən aşkar olunmuş çıraqla eyniyyət təşkil etməsi ilə əsaslandırır ( 5; s 80-81).

MATM-da şamdanlar Səlcuq dövrünə aid iki ədəd kufi yazılı şamdanla təmsil olunur. Bu şamdanlar tuncdan hazırlanıb. Şamdanlardan birinin ayaqları heyvan pəncəsi formasadındadır, aşağı çıxıntısı ovaldır. Onun gövdəsi altıtillidir və gövdəsi nəbati ornamenti ilə işlənib. Şamdanın gövdəsinin yuxarı və aşağı hissəsi həndəsi və epiqrafik ornamentlə bəzədilib (şəkil 17). Bu dövrə aid misdən hazırlanmış 1 ədəd çıraqaltı da vardır. Gövdəsi və altlığı fiqurlu olan bu çıraqaltının üzəri nəbati təsvirlidir. İnsan ayaqlarına bənzər üç dayaqları vardır. Altlığın üzərində halqaları olan üç çıxıntısı mövcuddur.

Elə də yaxşı vəziyyətdə saxlanmamış, altlığının və dayaqlarının üzərində qopuqları var. Hündürlüyü- 44 sm, ağzınının diametri- 12,5 sm-dir ( şəkil 18). Bu çıraqaltı Etnoqrafiya fondunda saxlanılır. Qeyd etmək lazımdır ki, bu tip şamdanlar XI-XII əsrlərdə Müsəlman Şərqində, xüsusən də Mərkəzi Asiya və İran ərazisində geniş yayılıb ( 11; s 276).

Yuxarıda qeyd olunanları nəzərə alaraq demək olar ki, IX-XIII əsrin əvvəllərində Azərbaycanın orta əsr şəhər əhalisinin məişətində işıqlandırma vasitəsi kimi piydanlardan, çıraqlardan və şamdanlardan istifadə olunub. Saxsı çıraqlar əhalinin bütün sosial zümrələrinin məişətində əsas işıqlandırma vasitəsi olub. Çırqları işıqlandırmaq üçün neftdən istifadə edilib.

Məqalədə əsas elmi yenilik ondan ibarətdir ki, MATM-ın Arxeologiya fondunda qorunan qeyd olunan dövrə aid işıqlandırma vasitələrinin kompleks olaraq tipooji bölgüsü aparılmış, onlar haqqında indiyə qədər söylənilmiş fikirlər ümumiləşdirilib.


Ədəbiyyat:

1. Bakuvi Ə. Abidələrin xülasəsi və qüdrətli hökmdarların möcüzələri( akademik Z. Bünyadovun tərcüməsi ). Bakı, 1992. 165 s.

2. Dostiyev T.M. Şimal-şərqi Azərbaycan IX-XV əsrlərdə. Bakı, 2001. 292 s.

3. Əhmədov Q. M. Azərbaycanın şirsiz saxsı məmulatı. Bakı, 1959. 142 s.

4. İbrahimov F. Bakıda metalişləmə tarixi ( IX-XVII əsrlər). Bakı, 1995. 72 s.

5. İbrahimov F. Azərbaycanın orta əsr şəhərlərində metalişləmə sənəti (IX-XIII əsrlər). Bakı, 1988. 174 s.

6. Hüseynli. N. Orta əsr Şəmkir şəhərinin işıqlandırma vasitələrinə dair. Türk Dünyası İncelemeleri Dergisi / Journal of Turkish World Studies, Cilt: IX, Sayı 1, Sayfa: 131-136, İzmir 2009.

7. Nuriyev. A; Babayev, Ə. Bərdə səhərinin tarixi-arxeoloji oçerki (antik və orta əsrlər), Bakı., 2001, tablo. XII. sək. 5, s. 59.

8. Джидди. Г. Средневековый город Шемаха IX-XVII вв, Баку, 1981, табл VIII 1-2, c. 59.

9. Исмизаде. О. Ш. О раскопках в Кабале на территории южной части городища в 1960 г./ Материальная култура Азербайджана. т. V.Баку, 1964. с.5-130.

10. Казымов. А. О добыче и использовании нефти в средневековом Азербайджане. //Azərbaycan arxeologiyas. Bakı 2001, № 1-4. s 96-100.

11. Художественная культура Центральной Азии и Азербайджана IX-XV веков. Tом III. Tоревтика. Самарканд-Ташкент, 2012. с 276.


Müəllif:

Oxşar xəbərlər