5 May 2016 14:54
1 781
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Lalə" qızlar ansamblının keçmiş solisti Elmira Əliyeva Teleqraf.com-a müsahibə verib. Zirzəmidə acınacaqlı şəraitdə yaşayan müğənni taleyindən, ailə həyatının çətinliklərindən, maddi vəziyyətindən danışıb.

- Emira xanım, maddi vəziyyətinizin və səhhətinizin pis olduğunu eşitdik. Necəsiniz?
- Maddi vəziyyətim çox pisdir. 240 manat pensiya alıram, onunla da bilmirəm, kommunal xərcləri ödəyim, yoxsa ailəmi saxlayım. İki yetim saxlayıram, iki oğlum var. Böyük oğlumun 49, kiçik oğlumun isə 37 yaşı var. Böyük oğlum xəstə olduğuna görə evdə olur. Yaşadığımız çətin ev şəraitinə görə mübahisə edirlər. Keçən gün az qaldılar ki, bir-birini öldürsünlər. Kiçik oğlumun həmyaşıdlarının evi, ailəsi var. Bəzən deyir ki, buradan çıxıb gedəcəm(ağlayır). O bir müddət əvvəl qəza keçirmişdi, bel hissəsində problem yaranmışdı. Və ona görə həkim dedi ki, ağır işdə işləyə bilməz. Ona görə də ona iş tapa bilmirəm. Ailə vəziyyətim çox ağırdır. Dolana bilmirik. İnanın ki, bəzən çörəyin üstünə duz səpib yeyirik. Bunu Allah götürməz(ağlayır ). Səhhətimə gəlincə ürək çatışmazlığından əziyyət çəkirəm. Gözüm əməliyyat olunub, biri görmür. Dərman almağa pul tapa bilmirəm. Artıq belə yaşamağa dözümüm qalmayıb. Yaşadığım evi görürsünüz, uçub başımıza tökülür. Siçovul var. Dövlətimdən, imkanlı şəxslərdən kömək istəyirəm. 35 il bu sənətə can qoymuşam. Dövlətimizdən haqqımı istəyirəm. Qızıl fondda mahnılarım saxlanılır, fəxri fərmanlarım var. Belə olmaz axı. Mən də insanam. Normal yaşamaq istəyirəm.

- Ev üçün müraciət etmisinizmi?
- Bəli, millət vəkillərindən biri ərizə yazıb. Amma nəticəsi olmayıb. 11 ildir ki Mədəniyyət və Turizm Nazirliyinə müraciət edirəm və nəticəsi yoxdur. İmkanlı şəxslərdən kömək istəyirəm ki, mənə ev versinlər. Kiçik oğlumu evləndirim. Bunda sonra bir ay, yaxud da 15 gün yaşayacam, bilmirəm. Amma bu zirzəmidə ölmək istəmirəm. Dövlətimdən xahiş edirəm ki, mənə sığınacaq və prezident təqaüdü versin. Heç olmasa, adam kimi yaşayım, doyunca çörək yeyim. Pensiya ilə dolanıram. İşıq pulunu verməyəndə kəsirlər. Bilmirəm neynəyim? Mağazalara nə qədər borcum var. İnanın ki, pensiyanı alıb borca verirəm. Cibimdə 3 manat pulum var. Bu pul ilə neynəyim, yemək üçün nə alım? Bunu Allah götürməz. Səhnədə can qoymuşam, amma mənə fəxri ad verməyiblər. Ev növbəsində varam. Deyirlər ki, növbə çatanda ev veriləcək. Mən o vaxta qədər yaşayacam?

- Elmira xanım, "Lalə" qızlar ansamblının keçmiş solisti olmusunuz. Niyə tanınmadınız?
- Mənə sənətdə çox mane oldular. Tanınmağa imkan vermədilər.

- Sizə kimlər mane oldu?
- Mənə mane olan gorbagor olmuşlar rəhmətə gediblər. Bir çox tanınmış sənətkarlar mənə mane oldular. Onda 17 yaşım var idi. Arxamca düşmüşdülər. Adlarını deyə bilmərəm. Çünki oğlanlarıma zərər verə bilərlər.

Mən Asəf Zeynallını adına musiqi texnikumunu bitirmişəm. 35 il musiqi sahəsində, 50 il isə ingilis dili müəlliməsi işləmişəm.

- Sizə mane olanlarla niyə mübarizə aparmadınız?
- Üç yetimim var idi. Anam xəstə idi. Necə mübarizə aparardım? Heç kimdən köməyim yox idi. Qızım, köməksiz bu sənətdə fəaliyyət göstərmək çox çətindir. Çox problemlər yaşamışam. Bir tanınmış ifaçı mənə dedi ki, mənimlə yaçayacaqsan, səni məşhur edəcəm. Bir hadisəni danışım, 17-18 yaşlı qızı idim. Bir dəfə Həbib Bayramov yatanda mənim adımı çəkib. Arvadı konsertdə üzümə bir şillə vurdu ki, Həbib niyə sənin adını çəkir? Mənim başım çox bəlalar çəkib. Mən də pis yola getsəydim, cah-cəlal içində yaşayardım. Amma onu özümə yaraşdırmadım.

- Ailə qurduğunuz insan sənətinizi dəstkləyirdimi?
- O vicdansız bir insan idi. Hər gün məni döyürdü. Evə pozğun qadın gətirirdi.

- Keçmiş həyat yoldaşınızla nə qədər evli olmusunuz?
- Onunla dörd il yaşadım, sonra ayrıldıq. Mən gənclik illərində çox qəşəng idim. Qəşəngliyimə görə saçımı dolayıb, döyürdü. Bir dəfə bıçaq vurmaq istəyəndə evdən qaçdım. Hüquq-mühafizə orqanlarına müraciət etdim və ondan sonra ayrıldım.

Əslində onunla evlənmək istəmirdim. Onunla evlənməmək üçün üç dəfə nişanı qaytarmışam. Çox əzab çəkmişəm. Nə qədər bəlalar çəkmişəm… Məni onunla nənəm güclə evləndirmişdi. Ümumiyyətlə, evlənməyə, ərə getməyə nifrət edirdim. Nənəm dedi ki, nə vaxta qədər subay olacaqsan? Evlənməmək üçün hamıdan qaçırdım. Çox gözəl ailəm olub. Atam naxçıvanlı, anam isə Şuşalıdır. Babam Məşədi Abuzər milyonçu olub. Stalinlə dost olub. O qarmon ifaçısı idi. Babamgil o zaman Gəncəyə yaşamağa gəliblər. Mən 7 aylıq olanda atam əsgərliyə gedib və qayıtmayıb. Qız uşağının sahibsiz böyüməsi dəhşətdir.

- Həyat yoldaşınız uşaqlarınıza kömək etmək üçün maddi yardım göstərdimi?
- Xeyr (ağlayır). Keçən gün zəng edirəm ki, gəl böyük oğlumu apar, kiçik oğlumuz evlənsin. İflic olub, çox alçaq insandır.

- Siz niyə ikinci dəfə ailə qurmamısınız?
- Nə bilim, üç uşaqla necə evlənim? Anam xəstə idi. Oğlumun biri sətəlcəmdən dünyasını dəyişdi. Toylara qaçırdım, uşaqlarım sahibsiz qalırdılar. O zaman qız toylarına gedirdim, oradan qazandığım məvaciblə anama, ölən oğluma dərman alırdım. O vaxt toylara çox cuzi pula gedirdik. İndiki müğənnilər toylarda fonoqramma oxuyurlar və 15 min alırlar.

- Yoldaşınızdan ayrıldıqdan sonra yəqin ki, evlənmə təklifi edənlər olub…
- Bəli, hətta mənə evlənmək üçün yalvarırdılar. Amma övladlarımı qəbul etmirdilər. Kim üç yetimi qəbul edərdi?
Həyat yoldaşımla 21 yaşımda evləndim və ondan sonra pis günlərim başladı. Əyyaş, qumarbaz insan idi. O zaman key kimi idim, evlənən zaman qumarbaz olduğunu bilmirdim.

- “Lalə" qızlar ansanblının bir çox simaları tanındılar, amma siz məşhur ola bilmədiniz?
- Tanınmaq üçün gərək pis yola gedərdim. Bir nəfər mənə dedi ki, sən də bəzi tanınmışlar kimi prokurorlarla sevgili olsaydın, bu gün villada yaşayardın. Hər kəs səsimi və görünüşümü Rübabə Muradovaya bənzədirdi. Bu sənətdə xidmətlərim çoxdur. İfalarımla yanaşı 11 yaşımdan "Qaraca qız"ı ingilis dilində səsləndirmişəm.

- “Lalə” qızlar ansamblında nə qədər fəaliyyət göstərmisiniz və qrupun üzvlərindən kimlərlə əlaqəniz var?
- Xeyr, heç biri ilə əlaqəm və münasibətim yoxdur.

- Son olaraq nə demək istərdiniz?
- Çox xahiş edirəm mənə kömək edin! Yaşadığım ev zirzəmidir. Siçovul var. Pensiya ailəmi saxlamağıma çatmır.

Rəqsanə


Müəllif:

Oxşar xəbərlər