Bolqarıstan iyunda Bakıda keçiriləcək I Avropa Oyunlarında ən yüksək səviyyədə təmsil olunacaq.
Trend-in məlumatına görə, bunu jurnalistlərə Bolqarıstan Prezidenti Rosen Plevneliyev III Qlobal Açıq Cəmiyyətlər Forumunun kuluarlarında deyib.
Onun sözlərinə görə, Baş nazir, Prezident burada olacaq: "Bolqarıstan idmançıları çox minnətdardırlar və onlar bu dünya miqyasında hadisəyə yaxşı hazırlaşıblar".
R.Plevneliyev Bolqarıstan xalqı adından və Avropa dövlətinin başçısı kimi Avropa Oyunlarının təşkilinə görə Azərbaycana təşəkkürünü bildirib. Prezident qeyd edib ki, I Avropa Oyunlarının tarixi əhəmiyyəti olacaq: "Gözəl Bakıya (Avropa Oyunları üçün - red.) gələcəyimiz günü səbirsizliklə gözləyirik".
O, III Qlobal Açıq Cəmiyyətlər Forumu kimi irimiqyaslı tədbiri təşkil etdiyinə görə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinə təşəkkürünü bildirib: "XII əsrdə yaşamış azərbaycanlı mütəfəkkir, filosof və şair Nizami Gəncəvidən dialoqu anlamağı, müxtəlif ideyaların qiymətləndirilməsini və dözümlüyüyü öyrənmək lazımdır".