“İlk olimpiya oyunları XIX əsrin sonlarından bəri Yunanıstanın tarixində necə qızıl hərflərlə qalıbsa, Atəşgahdan alovlanan ilk Avropa Oyunları da Azərbaycanın tarixində o cür qalacaq. Bundan sonra Avropa Oyunları müxtəlif ölkələrdə keçirilsə də, onun ilk dəfə Suraxanıda, Atəşgahda alovlandırıldığı, ilk dəfə Odlar Yurdu Azərbaycanda keçirildiyi daim xatırlanacaq. Bilirsiniz, Günəş çıxanda ulduzlar görünmür. Qlobal tədbirin əhəmiyyəti, mahiyyəti, onun miqyası o qədər böyükdür ki, cılız hisslərlə, qərəzli mövqelərlə Avropa Oyunlarına qarşı kampaniya aparanlar heç görünməyəcəklər də. İyunun 12-dən 28-dək o qədər möhtəşəm tədbirlərin, görüşlərin, o qədər zəngin proqramın şahidi olacağıq ki, kiçik söz-söhbətlər, dedi-qodular heç kimin yadına düşməyəcək”.
Bunu qəzetimizə müsahibəsində Milli Qeyri-Hökumət Təşkilatları Forumunun prezidenti Rauf Zeyni deyib. Müsahibəni təqdim edirik.
- Rauf bəy, ilk Avropa Oyunlarının ölkəmizdə keçirilməsini nə cür qiymətləndirirsiniz?
- Əgər yadınızdadırsa, biz 2011-ci ilin oktyabrında 155 ölkənin səsini qazanaraq iki il müddətinə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçiləndə bunu haqlı olaraq böyük nailiyyət, böyük diplomatik qələbə kimi qiymətləndirmişdik. Bu gün ilk Avropa Oyunlarının Azərbaycanda keçirilməsi də ölkəmizin böyük nailiyyətidir. Çoxları elə bilir ki, sadəcə olaraq kimlərinsə istəyi ilə Avropada bu Oyunların Azərbaycanda keçirilməsinə dair qərar qəbul olunub. Ancaq bu, uzun bir prosesin nəticəsi idi və çox böyük nailiyyətdir ki, Avropa ailəsində 38 dövlətin səsi ilə ilk Oyunların Azərbaycanda keçirilməsi qərarlaşdırılıb. Biz bilavasitə Avropa ölkəsi olmasaq da, bu yarışların Azərbaycanda keçirilməsi ölkəmiz adına böyük uğur, eyni zamanda, böyük etimaddır. Ona görə də bu oyunların Azərbaycan üçün çox böyük tarixi, milli, siyasi, beynəlxalq əhəmiyyəti var. Əhalimiz, vətəndaşlarımız, dünya azərbaycanlıları da bunu bu cür qəbul edirlər və hər biri bu gün Avropa oyunlarına yaxınlaşır. İstər QHT-lər, istər media nümayəndələri, istər turizm şirkətləri, istər dövlət məmurları, istərsə də taksi sürücüləri olsun, - hər bir Azərbaycan vətəndaşı bu işə öz töhfəsini vermək istəyir. Təbii ki, biz də Azərbaycanı təmsil edən idmançıların yüksək səviyyədə nəticə əldə etməsini istəyirik. 2 min jurnalistin, 6 min idmançının, 30 minə qədər azarkeşin gələcəyi çox tarixi, möhtəşəm, beynəlxalq, qlobal bir tədbirin Azərbaycanda keçirilməsi bizim həm də tarixi qələbəmiz və nailiyyətimizdir. Bir ay boyunca Avropada və dünyada 1 milyarda qədər izləyici televiziya vasitəsilə Azərbaycana baxacaq. Düşünürəm ki, bundan böyük nailiyyət əldə etmək çətin məsələdir.
- Sıralarında yüzlərlə QHT-ni birləşdirən Milli QHT Forumu bu istiqamətdə hansı işləri görür və ya görməyi planlaşdırır?
- Milli QHT Forumu sıralarında 652 QHT-ni birləşdirir. İlk Avropa Oyunlarının Azərbaycanda keçirilməsi qərarı veriləndən sonra maarifçilik işlərinin, tədbirlərin keçirilməsinə başlanılıb. Foruma üzv olan təşkilatlar QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə müxtəlif tədbirlər keçirib və keçirməyə davam edir. QHT-lərin üzərinə düşən missiyalar könüllülərin yetişdirilməsindən, onların hazırlanmasından, mərkəzdə və bölgələrdə müxtəlif tədbirlərin keçirilməsindən, Avropa oyunlarının əhəmiyyətinin, mahiyyətinin əhali arasında təbliğindən ibarətdir.
- Avropa Oyunları ilə bağlı qarayaxma kampaniyası da aparılır...
- Bəli, ilk Avropa Oyunları ilə bağlı bizi istəməyən qüvvələr tərəfindən qarayaxma kampaniyası aparılır. Bunlar da maraqlı qüvvələrdir və öz ağalarının sifarişi ilə hər dəfə bu cür beynəlxalq tədbirlər zamanı fəallaşırlar. Bizim də QHT-lər və KİV olaraq vəzifə borcumuz Azərbaycan haqqında obyektiv, gerçək, ədalətli informasiyaları dünya ictimaiyyətinə çatdırmaqdan ibarətdir. Biz bununla onlara layiqli cavab vermiş oluruq. Ancaq mən bu kampaniyadan narahat olmuram, çünki 2 minə qədər jurnalistin, 6 minədək idmançının, minlərlə azarkeşin Azərbaycana gəlmələri, bugünkü müasir, gerçək Azərbaycanı görməsi və onun haqqında real informasiyalara malik olması, onun cəmiyyəti, insanları, əldə etdiyi nailiyyətləri öz gözləri ilə görmələri qarayaxma kampaniyasını aparanlara çox layiqli bir cavab olacaq. Ölkəmizə gələn hər bir əcnəbi özü ilə buradan dolğun informasiya, xoş xatirələr aparacaq və bizim xalqımızın xoşniyyətli, qonaqpərvər, eyni zamanda, milli, bəşəri bir xalq olduğunu öz gözləri ilə görəcəklər. Bizim cəmiyyətimizin, o cümlədən vətəndaş cəmiyyətinin nə qədər inkişaf etdiyini öz gözləri ilə görəcəklər və təbliğat aparmağa ehtiyac qalmayacaq.
- İlk Avropa Oyunları Azərbaycanın tarixində nə cür qalacaq?
- İlk olimpiya oyunları XIX əsrin sonlarından bəri Yunanıstanın tarixində necə qızıl hərflərlə qalıbsa, Atəşgahdan alovlanan ilk Avropa Oyunları da Azərbaycanın tarixində o cür qalacaq. Bundan sonra Avropa Oyunları müxtəlif ölkələrdə keçirilsə də, onun ilk dəfə Suraxanıda, Atəşgahda alovlandırıldığı, ilk dəfə Odlar Yurdu Azərbaycanda keçirildiyi daim xatırlanacaq. Bilirsiniz, Günəş çıxanda ulduzlar görünmür. Qlobal tədbirin əhəmiyyəti, mahiyyəti, onun miqyası o qədər böyükdür ki, cılız hisslərlə, qərəzli mövqelərlə Avropa Oyunlarına qarşı kampaniya aparanlar heç görünməyəcəklər də. İyunun 12-dən 28-dək o qədər möhtəşəm tədbirlərin, görüşlərin, o qədər zəngin proqramın şahidi olacağıq ki, kiçik söz-söhbətlər, dedi-qodular heç kimin yadına düşməyəcək. Mən əminəm ki, bu tədbirlərin möhtəşəm keçirilməsi də o kampaniyaları heçə endirən bir amil olacaq.
- Rauf bəy, Azərbaycana qarşı bu qarayaxma kampaniyasında erməni lobbisinin rolunu necə görürüsünüz?
- Bizim hər bir nailiyyətimizdən, təbii ki, torpaqlarımızı 25 ildir işğal altında saxlayan, bizə düşmən kəsilən üzdəniraq qonşularımız da narahatlıq keçirir, əndişələnirlər. Onları dəstəkləyənlər də, təbii ki, Azərbaycanın hər hansı uğurlarını həzm edə bilmirlər. Onlar da həmin anda aktivləşirlər. Azərbaycanın beynəxalq imicinə, onun bu tarixi nailiyyətinə kölgə salmaq üçün min oyundan çıxırlar. Biz bunların hamısına hazır olmalıyıq. Əgər “Avroviziya” bir turizm pasportu olmuşdusa, ilk Avropa Oyunları Azərbaycanın cəmiyyət və dövlət pasportu olmalıdır. Biz bu günədək - son 24 il ərzində bütün nailiyyətləri bu Oyunlar vasitəsilə dünya ictimaiyyətinə təqdim etməliyik. Bundan da bizim düşmənlərimiz, əlbəttə, narahat olacaqlar.
- Bu gün tariximizdə növbəti ağrılı gündür. Şuşanın işğalının 23-cü ildönümü tamam olur. Necə xatırlayırsız o günləri?
- Müstəqilliyimizi elan edən kimi erməni işğalı ilə üzləşməyimiz bizim üçün tariximizin ən ağrılı məqamlarıdır. Şuşanın işğal altına düşməsi bizim gözlərimiz önündə olub və biz bunu istər hərbi, istərsə də siyasi nöqteyi-nəzərdən anbaan izləmişik. Kimlərinsə hər hansı müqaviləni oxumadan, onunla tanış olmadan imza atmasının şahidiyik. Şahidi olmuşuq ki, insanlar - könüllü döyüşçülər Şuşada son damla qanlarına qədər döyüşüblər və böyük xəyanətin, böyük təxribatın qurbanı olublar. Bütövlükdə Şuşamız Azərbaycanın mənəvi məbədi olan və mədəni irsini özündə birləşdirən, alınmaz qala adlandırdığımız Şuşa məlum xəyanətlərin qurbanı oldu. Bu, bizim müasir tariximizin ən ağrılı, ən yaralı bir məqamıdır.
- Hazırda “Şuşaya azadlıq” kampaniyası aparılır. Bu kampaniyanın gedişini necə qiymətləndirirsiniz?
- Bu gün QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının apardığı “Şuşaya azadlıq” kampaniyası çərçivəsində 20-dən artıq ölkənin qeyri-hökumət və gənclər təşkilatları bu kampaniyaya qoşulublar. Artıq dünya ictimaiyyəti, beynəlxalq ictimaiyyət Şuşanın mədəniyyət məbədi olduğunu, tarixi irsə sahib olduğunu, eyni zamanda, onun necə işğala məruz qaldığını dünya ictimaiyyəti bilir və “Şuşaya azadlıq” kampaniyasına qoşulur. Bu, bizi sevindirir. Xaricdən bu kampaniyaya qoşulanlar da Şuşanın işğalı ilə barışmağın heç cür mümkün olmadığını qeyd edirlər və azərbaycanlılarla birgə Şuşaya azadlıq tələb edirlər. Düşünürəm ki, QHT-lər, media orqanları bu məsələdə fəaliyyətlərini gücləndirməlidirlər. Biz “Şuşaya azadlıq” kampaniyasını dünyada genişləndirməliyik. Hər bir QHT, hər bir media orqanı bu məsələdə üzərinə düşən vəzifəni daha geniş, daha yüksək səviyyədə yerinə yetirməlidirlər. Biz dünya ictimaiyyətinə daha geniş informasiyalar verdikcə, informasiya müharibəsində vəziyyəti öz xeyrimizə dəyişə bilirik. Məsələn, “Xocalıya ədalət” beynəlxalq kampaniyasının artıq əməli nəticələri var. Artıq ABŞ-ın 15-16 ştatı, o cümlədən 6-7 ölkənin parlamenti artıq Xocalı soyqırımını tanıyıb. Yəni, “Xocalıya ədalət” kampaniyası genişlənir. Ona görə də “Şuşaya azadlıq” kampaniyası çərçivəsində biz nə qədər geniş təbliğat aparsaq, dünya ictimaiyyəti Şuşa haqqında, onun mədəni, milli, tarixi mahiyyəti haqqında nə qədər geniş informasiyalar çatdırsaq, bir o qədər istəyimizə nail ola bilərik.
Səxavət Həmid