Ramiz Alıyev: “Dağlıq Qarabağ problemi ilə bağlı həqiqətləri təqdim etməliyik”
Vüqar Zifəroğlu: “Bu dəfə də öhdəmizə düşəni layiqincə yerinə yetirəcəyik”
İdman yarışları dünya ölkələrində hər zaman maraqla qarşılanır. Təkcə ona görə yox ki, bu yarışlar idman həvəskarları üçün daha cəlbedicidir. Həm də ona görə ki, idman yarışları dünyaya bir sülh çağırışıdır.
Azərbaycanda keçirilən I Avropa Oyunları da dünyanın bir çox yerində mövcud olan münaqişələrə sülh çağırışı etmək missiyasını öz üzərinə götürüb. Lakin hələ də “Bakı-2015" I Avropa Oyunlarına qarşı qarayaxma kampaniyası həyata keçirən bəzi xarici qurumlar və beynəlxalq təşkilatlar var.
Məsələ ilə bağlı qəzetimizə açıqlamasında politoloq Ramiz Alıyev bildirib ki, I Avropa Oyunları kimi böyük idman yarışlarının ölkəmizdə keçirilməsi Azərbaycana olan inamın və etibarın təzahürüdür. Onun sözlərinə görə, bunu ölkəmizin və dövlətmizin illərdir apardığı müstəqil və qətiyyətli siyasətin, tolerantlığın, ölkədə hökm sürən ictimai təhlükəsizliyin, iqtisadiyyatımızın getdikcə artan inkişafının, idman ölkəsinə çevrilməmizin nəticəsi kimi qiymətləndirmək lazımdır: “Əlbəttə, I Avropa Oyunlarına ölkəmizin ev sahibliyi etməsindən yaxşı mənada yararlanmalıyıq. Bu imkandan həm dövlətimiz, həm də bütün Azərbaycan vətəndaşları bəhrələnməlidir. Belə ki, bizə verilmiş olan bu imkandan maksimum yararlanıb ölkəmizin, dövlətimizin inkişafını təbliğ etməliyik. Xüsusilə, Azərbaycanın ən böyük və ağrılı problemi olan Dağlıq Qarabağ problemi ilə bağlı həqiqətləri, real məlumatları həm ölkəmizə gələn qonaqlara, həmçinin də yarışları işıqlandıracaq xarici kütləvi informasiya vasitələrinin nümayəndələrinə təqdim etməliyik. Hesab edirəm ki, hər kəs üzərinə düşən şəkildə bu məsuliyyəti üzərinə götürməyə borcludur. Çünki bu borc vətəndaşlıq mövqeyindən irəli gəlir”.
R.Alıyev bu idman yarışının iqtisadi əhəmiyyətindən danışaraq qeyd edib ki, I Avropa Oyunlarını izləmək üçün Azərbaycana çoxlu sayda turist gələcək və onlar da özləri ilə, hər halda xərcləmək üçün müəyyən maliyyə vəsaiti də gətirəcək: “Bu da o deməkdir ki, taksi sürücüsündən tutmuş digər xidmət sahələrində çalışanların hər birinin büdcəsinə əlavə maliyyə vəsaiti daxil olacaq və hər kəs bundan gəlir əldə edəcək. Digər tərəfdən bu yarışlardan sonra ölkəmizin artan nüfuzu nəticəsində gələcəkdə xarici iş adamlarının Bakı və digər regionalarına müəyyən investisiyalar edəcəyi də gözləniləndir. Əsas məsələlərden biri də budur ki, bir ay müddətində bütün Avropa və dünyanın bir çox ölkəsi Azərbaycandan, onun inkişafından və idman ölkəsi olmasından, yarışları yüksək şəkildə təşkil etməsindən danışacaq”.
Yarışlar öncəsi bir sıra xarici QHT-lərin və onların ölkəmizdə olan nümayəndələrinin apardıqları qarayaxma kampaniyasına toxunan R.Alıyev qeyd edib ki, Azərbaycanda keçirilən bütün beynəlxalq tədbirlərdən əvvəl ölkəmiz bu kimi hallarla rastlaşır. Politoloqun sözlərinə görə, ölkəmizin bütün uğurlu işlərində, böyük layihələr həyata keçirəndə Azərbaycanın inkişafına qara yaxmaq üçün görəvləndirilən bu təşkilatlar və onların əlaltıları hərəkətə keçirlər: “Ancaq təbii ki, onların mənasız və cəfəngiyat dolu bəyanatlarına Azərbaycan dövləti ciddi reaksiya vermir. Əksinə, uğurlu işlərini davam etdirir. Hər kəs kimi dövlətimizi təmsil edən şəxslər də bilir ki, bu cür qarayaxma kampaniyasının arxasında erməni lobbisi və onun havadarları dayanıb. Bütün Avropa dövlətləri bu yarışlara çox ciddi hazırlaşıb və daha çox ruh yüksəkliyi ilə bu yarışlarda öz idmançılarının iştirakını təmin edəcəkdir. Xüsusilə, həmin ölkələrin ən öndə olan idmançıları, olimpiya və dünya birinciliyi mükafatçısı olan idmançıların bu yarışlarda iştirakı təmin olunacaq. Bu da bir daha onu göstərir ki, Avropa ölkələri və digərləri bu yarışlara necə önəm verir”.
“Oğuz” Müstəqil Araşdırmaçılar Qrupunun rəhbəri, analitik Vüqar Zifəroğlu qeyd edib ki, beynəlxalq tədbirlərə ev sahibliyi etməyimiz ölkəmizin imicinin daha da yüksəldilməsi və eləcə də, təbliğat baxımından əhəmiyyətlidir. Onun sözlərinə görə, idman oyunlarının auditoriyası isə ümumiyyətlə, geniş olur: “Fikrimcə, I Avropa Oyunlarına ev sahibliyi etməyimiz ölkəmizin bütün dünyada tanıdılması və təbliği üçün əvəzedilməz imkandir”.
V.Zifəroğlu deyib ki, ölkəmizə qarşı kampaniya aparan qüvvələr məlumdur. Onun sözlərinə görə, bunlar əsasən erməni lobbisi və onlara havadarlıq edən qüvvələrdir: “Məqsədləri aydındır, çünki hər zaman bu cür çirkin PR texnologiyalarından istifadə edərək bizə qarşı təbliğat aparmağa səy göstəriblər. Xatırlayırsınızsa, ”Avroviziya" mahnı müsabiqəsinə ev sahibliyi etdiyimiz zaman da bu cür hallarla rastlaşmışdıq. Lakin onda olduğu kimi, bu dəfə də öhdəmizə düşəni layiqincə yerinə yetirəcəyik".
BƏXTİYAR