1 İyun 2015 14:39
720
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Bakıda bu ay keçiriləcək Avropa Oyunları Azərbaycanın avrointeqrasiyası istiqamətində atılmış addımlardan biridir. Azərbaycan sübut edir ki, o, təkcə iqtisadi sahədə inkişaf etməyib, həm də ölkədə sabitlik mövcuddur, təhlükəsizlik məsələsi yüksək səviyyədə təmin edilib, idmanla bağlı infrastruktur mövcuddur. Avropalı qonaqlar Azərbaycandakı sakitliyi, əmin-amanlığı görəcəklər və gənc müstəqil ölkə haqqında müsbət təəssüratlarda olacaqlar. Ümumiyyətlə, Avropa Oyunlarının mahiyyəti, əhəmiyyətini şərh etməyə ehtiyac yoxdur".

Bunu Teleqraf.com-a açıqlamasında Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı bu ay Bakıda keçiriləcək Avropa Oyunlarının əhəmiyyətindən danışarkən bildirib.

S.Rüstəmxanlıya görə, ermənilər və onlarla əməkdaşlıq edən qüvvələr Azərbaycanda Avropa Oyunlarının keçirilməsində maraqlı deyillər: "Onlar istəmirlər ki, ölkəmiz dünyada əmin-amanlığın, dincliyin hökm sürdüyü diyar kimi tanınsın. Bu üzdən ermənilər və onların dəyirmanına su tökənlər bizə qarşı qarayaxma kampaniyası aparırlar. Avropa Oyunları ərəfəsində Azərbaycana qarşı aparılan hər bir kampaniyanın arxasında erməni xisləti, erməni barmağı var. Avropa Oyunları bütün bunlara yaxşı cavabdır".

Deputat qeyd etdi ki, Avropa Oyunlarına çəkilən xərclərə görə narahat olmağa dəyməz: "Əvvəla, bu elə böyük məbləğ deyil. İkincisi, tikilən qurğular, infrastrukturlar ölkədə qalacaq, gənclər maddi-texniki bazadan istifadə edəcək və növbəti belə yarışlar üçün əlavə xərclərə ehtiyac qalmayacaq. Yəqin fikir vermisiz, Bakı şəhərində nəqliyyatın hərəkətinə nəzarət güclənib, yollarda nizam-intizam var. "Bakı-2015" üçün ayrılan yollardan kənar nəqliyyat vasitələri istifadə etmir. Əvvəlki vaxtlarda nəqliyyatın hərəkətində xaos müşahidə olunurdu. Hadisə baş verəndə təcili yardım, yanğınsöndürən maşınlar vaxtında ünvana çata bilmirdilər. İndi bütün bunlar aradan qaldırılıb".

S.Rüstəmxanlı Avropa Oyunlarının açılışında iştirak edəcəyini qeyd etdi: "Çox güman ki, açılışda iştirak edəcəm. Və güləş yarışlarını izləyəcəm. Mənim güləşə həvəsim var. Cavan yaşlarımda sərbəst güləşlə məşğul olmuşam. Bundan başqa üzgüçülük və şahmat da mənə yaxın idman növləridir. Mən Azərbaycan Şahmat Fedarasiyasının ilk prezidenti olmuşam".

Ayxan


Müəllif:

Oxşar xəbərlər