2 İyun 2015 19:06
1 192
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsmayıl Hacıyev: "Azərbaycan dünyanı heyrətləndirəcək"

"I Avropa Oyunlarının keçirilməsi üçün Azərbaycanın seçilməsinin özü qürurvericidir. Avropanın inkişaf etmiş ölkələri dura-dura Azərbaycanın mötəbər oyunlara ev sahibliyi etməsi olduqca əhəmiyyətlidir. Hər birimiz buna sevinməliyik".

Bunu Teleqraf.com-a açıqlamasında millət vəkili İsmayıl Hacıyev bu ay Bakıda keçiriləcək I Avropa Oyunlarının əhəmiyyətini şərh edərkən bildirib.

Onun sözlərinə görə, Azərbaycan I Avropa Oyunlarına qısa zaman kəsiyində hazırlaşıb: "Başqa ölkələrə bir neçə il vaxt verirlər ki, idman yarışlarına hazırlaşsın. Azərbaycan isə cəmi 30 aya bu işləri görə bildi. Yeni idman kompleksləri, qurğuları tikilib, təmir edilib. Bütün bunlar Azərbaycanın potensialından xəbər verir. Bütün dünya şahidi oldu ki, Azərbaycan ən çətin işlərin öhdəsindən gəlməyə qadirdir. "Avrovizion" musiqi yarışmasından sonra I Avropa Oyunlarına, daha sonra İslam Oyunları və Avropa Futbol Çempionatına ev sahibliyi etməsi Azərbaycanın dünya üzrə reytinqini qaldırır. Heç də hər bir ölkə belə işlərin öhdəsindən gəlməyə layiq deyil. Baxın, bəzi Avropa ölkələri böhran içindədir, heç özlərini saxlaya bilmirlər. Amma Azərbaycan sürətlə inkişaf edir. Bütün bunlar ölkə rəhbərliyinin düzgün iqtisadi-siyasi kursunun bəhrəsidir".

İ.Hacıyev əlavə etdi ki, I Avropa Oyunlarının biletləri satılıb qurtarmaq üzrədir: "Biletlərin 70 faizi avropalılara satılıb. Yəni xaricdə buna böyük maraq var. Vaxtilə Azərbaycanın düşdüyü duruma görə ürəyimiz ağrayırdı, təəssüflənirdik, indi isə ölkəmizin durumu ilə fəxr edirik. Atəşgahdan götürülən məşəl Azərbaycanı rayon-rayon gəzməkdədir. Odlar yurdu olan ölkəmizdə məşəlin bütün rayonlarda olmasının həm də simvolik anlamı var".

Deputatın sözlərinə görə, I Avropa Oyunları ərəfəsində Azərbaycana qarşı kampaniyanın aparılması təsadüfi deyil: "Bu, gözlənilən idi. Bunun bir neçə səbəbi var. Bütün bunların arxasında ermənilər, erməni lobbisi dayanır. Təəssüf ki, Azərbaycanda da bəzi dairələr bu məsələdə ermənilərə dəstək verir. Bu faktdır. İkinicisi, Azərbaycanın müsəlman ölkəsi olması bizə müəyyən problemlər yaradır. Bəzi xristian ölkələri müsəlman ölkəsində mötəbər tədbirləri keçirilməsini qəbul etmirlər, sinirə bilmirlər, buna pis baxırlar. Amma mən əminliklə bildirirəm ki, I Avropa Oyunları yüksək səviyyədə keçiriləcək və Azərbaycan sözün əsl mənasında dünyanı heyrətləndirə biləcək".

Ayxan


Müəllif: