“Bakı-2015” birinci Avropa Oyunları çərçivəsində Mingəçevirdə keçiriləcək kayak və kanoe yarışlarına hazırlıqla bağlı bütün sahələri əhatə edən tədbirlər demək olar ki, başa çatıb.
AZƏRTAC xəbər verir ki, şəhərdə həm yerli sakinlərin, həm də xarici turistlərin istirahəti üçün hər cür şəraiti olan məkanlar yaradılıb. Birinci Avropa Oyunları keçirilən günlərdə Mingəçevirdə qonaqların rahatlığını təmin etmək, sərnişindaşıma xidmətini yüksək standartlara uyğun həyata keçirmək üçün şəhərə 30 ədəd “London taksi”si gətirilib. Bu taksilər həm də yerli sakinlərə xidmət göstərəcək.
Taksi sürücüsü Rəşad Aslanov deyir ki, xarici qonaqlarla ünsiyyət zamanı çətinliyin olmaması üçün onlar ingilis dili kurslarında iştirak ediblər: “Taksi sürücüləri arasında əvvəlcədən də xarici dil bilənlər var idi. Bilməyənlər də kurslara cəlb olundular. Sürücülər artıq rahat şəkildə xarici turistlərlə ünsiyyət qura bilirlər”.
İyunun 10-da Mingəçevirə iritutumlu 10 ədəd sərnişin avtobusu da gətirilib. Həmin avtobuslar Oyunlar zamanı gün ərzində Atletlər kəndindən başlayaraq şəhərin mərkəzindən keçməklə “Kür” Olimpiya Tədris İdman Mərkəzinədək fasiləsiz hərəkət edəcəklər.