11 İyun 2015 15:11
692
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Mən onun tərəfdarıyam ki, problemi ölkə daxilində özümüz həll edək. Bu mövqeyimə görə də hər zaman vurulmuşam. Məsəl var, yetimə can-can deyən çox olar, amma çörək verən az olar. Avropa təşkilatlarının, beynəlxalq qurumların öz maraqları var. Beynəlxalq qurumlar öz oyunlarını oynayır. Həm də, beynəlxalq qurumları təmsil edənlərin hamısı Azərbaycanı sevənlər deyil. Təbii ki, onların içərisində Azərbaycanı sevməyən, bizdən xoşlanmayanlar da var. Bizi sevənlərlə yanaşı, Azərbaycana qarşı işləyənlər də var. Bunun siyasi, iqtisadi yönümü də var. Biz də elə ab-hava yaratmalıyıq ki, onların əlinə imkanlar verməyək”.

Bunu Teleqraf.com-a müsahibəsində hüquq müdafiəçisi Səidə Qocamanlı bildirib. Müsahibəni təqdim edirik:

- Səidə xanım, sabah I Avropa Oyunlarının açılış mərasimi olacaq. Bakıda baş tutacaq bu tədbiri necə qiymətləndirirsiniz?
- Azərbaycan vətəndaşı olaraq fəxr edirəm ki, Vətənimizdə gözəl Oyunlar keçiriləcək. Şübhəsiz ki, bu, həm də tarixdə iz qoyacaq. Çünki bu, ilk Avropa Oyunlarıdır. Odur ki, ilk belə Oyunların məhz Bakıda keçirilməsinin böyük əhəmiyyəti olacaq. Hər halda Azərbaycana gələnlər, Bakını görənlər öz təxəyyüllərində dəyişiklik etməli olacaqlar. Nəzərə alın ki, Avropada illər boyu Azərbaycanı tanımayan insanlar olub. Mən yaxşı xatırlayıram, qızım Danimarkada işə düzələndə demişdi ki, Azərbaycandandır. Qarşı tərəf qızıma əllərini yelləyib cavab vermişdi ki, hə, siz Əfqanıstandansınız, başa düşdük. Yəni Azərbaycanı Əfqanıstanla dəyişik salırdılar. Amma “Avrovision” müsabiqəsi Bakıda keçiriləndən sonra fikirlər dəyişmiş, çoxu qızıma demişdi ki, istərdik Bakıda olaq, siz çox gözəl şəhərdən bura gəlmisiniz. Yəni bu tədbiri bir təbliğat, Azərbaycanın dünyaya təqdim edilməsi baxımdan da qiymətləndirmək olar. Əlbəttə, Avropada Azərbaycanı hamı yaxşı tanımır. Elə insanlar var ki, ümumiyyətlə Azərbaycandan bixəbərdir. I Avropa Oyunlarının ölkəmizdə keçirilməsi, təbii ki, Azərbaycanın yaxından tanınmasına təkan verəcək. Bu müddətdə təşkilatçı olaraq biz əziyyət çəkmişik, uzun müddət hazırlıq işləri aparmışıq, böyük vəsaitlər xərcləmişik. Odur ki, indi I Avropa Oyunlarının pis keçməsinə heç bir halda rəvac vermək olmaz. Buna ancaq yaxşı qiymət verə bilərik. I Avropa Oyunları dünyada Azərbaycan haqqında fikirləri müsbətə dəyişdirə bilər. Bunun üçün biz də çalışmalıyıq ki, Azərbaycanı işıqlı və gözəl ölkə kimi dünyaya tanıdaq.

- Siz mütəmadi olaraq Avropa Şurası ilə işləyirsiniz. Hazırda I Avropa Oyunları ilə bağlı Avropa Şurası ortaya normal mövqe qoysa da, ATƏT və Avropa Parlamenti müxalif mövqedən çıxış edir. Niyə?
- Məsəl var, hər ağızı yummaq olmaz. Təbii ki, hərənin öz marağı, yanaşması var. Mən demirəm ki, ölkəmizdə hər şey əladır və qüsurlar yoxdur. Təbii ki, minuslarımız var. Amma mən onun tərəfdarıyam ki, problemi ölkə daxilində özümüz həll edək. Bu mövqeyimə görə də hər zaman vurulmuşam. Məsəl var, yetimə can-can deyən çox olar, amma çörək verən az olar. Avropa təşkilatlarının, beynəlxalq qurumların öz maraqları var. Beynəlxalq qurumlar öz oyunlarını oynayır. Həm də, beynəlxalq qurumları təmsil edənlərin hamısı Azərbaycanı sevənlər deyil. Təbii ki, onların içərisində Azərbaycanı sevməyən, bizdən xoşlanmayanlar da var. Bizi sevənlərlə yanaşı, Azərbaycana qarşı işləyənlər də var. Bunun siyasi, iqtisadi yönümü də var. Biz də elə ab-hava yaratmalıyıq ki, onların əlinə imkanlar verməyək. Bu gün ATƏT və Avropa Parlamenti siyasi mənsubiyyəti olan məhbusları əldə bayraq edərək Azərbaycana qarşı səlib yürüşünə keçiblər. Biz hüquq müdafiəçisi olaraq ümid edirik ki, əfv fərmanı veriləcək. Ümid edirəm ki, Avropa Şurasının baş katibi ilə Azərbaycan Prezidenti arasında olan razılıq əsasında yaradılan İşçi Qrupunun gördüyü işlərin nəticəsi olacaq. Biz son iclasımızda da məhbus məsələsini ortaya qoyduq, siyahımızı hazırladıq. Biz gözləyirik ki, İşçi Qrupunun təklifini nəzərə alaraq əfv fərmanı olsun. Bununla da, ATƏT, Avropa Birliyinin əlində olan bəhanələri alaq və sübut edək ki, öz vətəndaşlarımızla bağlı problemləri özümüz həll edə bilərik. Onların səlib yürüşü yaxşı mənada hazırlanmır. Təbii ki, təzyiqlər olacaq, hətta Avropada mitinqlər keçirəcəklər və s. Odur ki, biz hər şeyə hazır olmalıyıq. Eyni zamanda, bizi sevməyənlərin əlinə bəhanələr verməmək üçün addım atmalıyıq.

- Dünən Avropa Parlamentində I Avropa Oyunları rakursunda “İdman və insan hüquqları mövzusunda” konfrans keçirilib. Sizcə, buna nə ehtiyac var?
- Siz tədbirin mövzusuna baxın - idman və insan hüquqları. İnsan hüquqları termini ilə alver etmək olmaz. İdman insanları sülhə, barışığa, yaxınlaşmaya, əmin-amanlığa çağıran sahədir. Odur ki, belə tədbirin keçirilməsi düzgün deyil. İdman yarışları ölkələri, insanları birləşdirir. İnsan hüquqlarının bununla nə əlaqəsi ola bilər? Hər şeylə alver edirlər ki, Azərbaycanı vursunlar. Əgər I Avropa Oyunları olmasaydı, bəhanə kimi başqa bir şey tapacaqdılar. “Avroviziya” mahnı müsabiqəsi zamanı da, belə etdilər. Nəticəsi necə oldu? Mahnı müsabiqəsi gözəl keçirildi, ölkəmiz və millətimiz dünyada tanındı. Bu cür alverə keçmək çirkin addımdır. Odur ki, belə tədbirlərin keçirilməsi uğursuzluqla nəticələnəcək. Eyni zamanda, biz bundan nəticə çıxarmalı, çalışmalıyıq ki, belə işlər olmasın. Bu qədər insan əməyi, maliyyə sərf edilib ki, Oyunlar gözəl keçirilsin. İndi bunun üzərində insan hüquqları konfransının keçirilməsi, Oyunlarının əhəmiyyətinin azaldılmasına dair cəhdlər yersizdir. Bu, mənim ürəyimi ağrıtdı. Xaricdə oturub Azərbaycanı söymək, özü də, bunu qanı bizdən olan insanların həyata keçirməsi yolverilməzdir.

- İyunun 22-də Avropa Şurası Parlament Assambleyasının yay sessiyası işə başlayır. Siz, sessiyada iştirak edəcəksiniz?
- Bəli, planımızda Strasburqa getmək var. Ancaq nə zaman gedəcəyimizi deyə bilmərəm. Çox ümid edirəm ki, yay sessiyasına qədər əfv fərmanı veriləcək. Mən və həmkarlarım buna ümid edirik. Əfv fərmanı yaradılan İşçi Qrupunun ortaya qoyduğu iş olacaq. İşçi Qrupunda ancaq hüquq müdafiəçiləri ilə dövlət strukturlarının nümayəndələri təmsil olunmur, həm də Avropa Şurasının yüksək ranqlı məmuru da iştirak edir. Biz əfv fərmanı gözləyirik. Eyni zamanda, qeyd edim ki, yay sessiyasında həmməruzəçilərin Azərbaycanla bağlı hazırladığı hesabat dinləniləcək. Təbii ki, orda müəyyən tədbirlər təşkil ediləcək, hansısa xoşagəlməz hərəkətlər ola bilər. Biz ötən il AŞ PA-nın yay sessiyasında da bunun şahidi olmuşduq. Odur ki, bütün bunları önləmək üçün biz də addım atmalıyıq. Bilirsinizmi, ortaya Azərbaycanın nüfuzu qoyulub. Hər birimiz üçün bu nüfuz vacibdir və onu müdafiə etməliyik. Bəd fikirlərlə insan hüquqları və məhbus məsələsindən istifadə etmək olmaz. Ortada Azərbaycanın adı var və onu yüksək tutmalıyıq. Çünki Azərbaycanın adı əslində bizim hər birimizin adıdır.

- Siz Müsavat Partiyasının üzvüsünüz. Bu partiya I Avropa Oyunlarına qarşı bəyanat verib. Partiyanızın bəyanatını necə şərh edirsiniz?
- Birincisi, elə bilməyin ki, Müsavatın üzvü olduğum üçün dediyiniz addımı təqdirəlayiq hesab edirəm. Xeyr. Mən bunu təqdirəlayiq hal hesab etmirəm. I Avropa Oyunlarına bir neçə gün qalmış belə bəyanatın verilməsi nə məqsədi güdür? Qoy, məni bundan sonra söysünlər, lap partiyadan çıxarsınlar. Onsuz da, gündə yüz dəfə söyürlər. Amma mən öz sözümü deyəcəyəm. Bu bəyanat nəyə lazım idi? Bu, məndə şübhəsiz ki, başqa fikirlər yaradır. İkincisi, mən Müsavatdan çıxarılsam belə, sözümü deyirəm. Üçüncüsü, mən Müsavata daxil olmazdan əvvəl ürəyim müsavatçı qəlbi olub, əgər çıxarsalar da, ürəyim yenə də müsavatçı qəlbidir. Çünki mənim atam, babam müsavatçı olub. Bu gün baş verən hadisələrə də öz vətəndaş mövqeyimi bildirməliyəm. Mən Müsavatın bəyanatını anlamıram. Bu, düzgün addım deyildi. Bilirsinizmi, biz ölkənin içində olanda bunları görüb qiymət verə bilmirik. Amma mən xeyli müddət xaricdə idim və oradan Azərbaycana baxır, izləyirdim. Bütün bu addımlar oradan heç yaxşı görünmür. Biz birləşə bilmirik, birimiz digərimizə düşmən mövqeyindən yanaşır. “Mənim kimi düşünmürsənsə, demək, sən düşmənsən” yanaşması var. Biz bu yolla demokratiya quracağıq, övladlarımıza gözəl gələcək qoyub gedəcəyik? Bu rakursdan baxanda uzaqdan Azərbaycan yaxşı görünmür.

- Türkiyə ilə yaxşı münasibətləriniz var. Qardaş dövlətdə keçirilən parlament seçkilərinin nəticəsini necə qiymətləndirirsiniz?
- Türkiyədə keçirilən seçkilər bir daha göstərdi ki, azərbaycanlılar arasında birlik çox zəifdir. Həmçinin biz lobbiçilik işini yaxşı aparmırıq. Elə bu səbəbdən Türkiyədəki seçkilərdə uduzduq. Təbii ki, bu, Türkiyənin daxili məsələləridir. Amma bu ölkə bizə ən yaxın qardaş dövlətdir. Biz Türkiyəni hər zaman gözəl, bütöv və layiqli görmək istəyirik. Mən çox gözləyirdim ki, İqdırdan namizəd olan İsa Yaşar Tezel deputat seçiləcək. Ancaq bu, baş vermədi. Səbəbi də elə azərbaycanlılarda, səslərin bölünməsində axtarmaq lazımdır. Mən bilirəm ki, türk xalqı güclü xalqdır və hər bir sınaqdan ləyaqətlə çıxacaq. İnanıram ki, seçkilərin nəticəsini təhlil edən siyasi qüvvələr yaxşı bir işə imza atacaqlar.

Nemət


Müəllif:

Oxşar xəbərlər