13 İyun 2015 11:38
834
12 Punto 14 Punto 16 Punto 18 Punto

Asim Mollazadə: "Ölkəmizə gələn qonaqlar həqiqətləri öz gözləri ilə görəcək, reallıqlarla tanış olacaqlar"

"Onların məqsədi Azərbaycanı qaralamaq idi. Səbəb də budur ki, Azərbaycanın əldə etdiyi uğur və nailiyyətləri həzm edə bilmirlər. Buna görə də maksimum anti-Azərbaycan platformasında çalışdılar. Ancaq bu, mənasız və nəticəsiz oldu. İkincisi, bu, Azərbaycana qarşı ilk belə hal deyil. "Eurovision" mahnı müsabiqəsi ərəfəsində də buna bənzər fəaliyyətin şahidi olmuşuq. Ümumiyyətlə, hər dəfə Azərbaycan dünyada və Avropa mühitində uğurlu addım atanda bu qüvvələr hərəkətə gəlir. Xüsusilə, Azərbaycan "Əsrin müqaviləsi"ni imzalayan ərəfədə də bu kimi hallar müşahidə edilib.

Bunu qəzetimizə müsahibəsində millət vəkili, Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə bildirib. Müsahibəni təqdim edirik:

- Asim bəy, İlk Avropa Oyunlarına artıq rəsmən start verildi. Sizin ilkin təəssüratlarınız necədir?
- I Avropa Oyunları Azərbaycan xalqı və dövləti üçün çox gözəl bir hadisədir. Bu, bizim xalqın mədəniyyətini, Azərbaycanın gerçəkliklərini dünyaya və Avropa mühitinə çatdırmaq baxımından gözəl vasitədir. I Avropa Oyunlarında iştirak, habelə izləmək məqsədilə gələn qonaqlar həqiqətləri öz gözləri ilə görəcək, reallıqlarla tanış olacaqlar. Bu yenə də bir məqamı təsdiq edir-Azərbaycan Avropa ailəsinin üzvüdür, Azərbaycan öz mədəniyyəti ilə Avropa mədəniyyətinə töhfə vermək niyyətindədir, buna imkanları var. Bu, böyük bir gənclik və idman bayramıdır. Əlbəttə, buna görə ancaq sevinmək olar. Biz şadıq ki, belə bir mühüm tədbir ilk olaraq Azərbaycanda keçirilir.

- Artıq Azərbaycana avropalı idmançılar, turistlər gəlib. Onların dəqiq sayı bəlli olmasa da, sizcə, kifayət qədər gələn olubmu?
- Məndə olan informasiyaya görə, artıq minə qədər jurnalist Bakıdadır. Eləcə də, komandalar gəlib, onların heyətləri açıqlanıb, müşahidə edənləri var. Təbii ki, Oyunları seyr etmək məqsədilə müxtəlif ölkələrdən azarkeşlər də paytaxtımıza gəlib. Bir çox turistlər mümkündür ki, sonrakı günlər ölkəmizə gəlsin. Çünki hər kəs ona maraqlı olan idman yarışına azarkeşlik edir. Bu mənada, turistlərin gəlməsi prosesi hələ davam edəcək. Bu sarıdan heç bir problem yoxdur. Əksinə, hər şey gözəl hazırlanıb, bütün işlər diqqətlə həyata keçirilir. Bu durumdan şad olmaq lazımdır. Biz bu Oyunları yüksək səviyyədə həyata keçirəcəyik. Artıq bir sıra prezidentlər, dövlət başçıları, nazirlər I Avropa Oyunlarının açılış mərasimində iştirak etmək məqsədilə Bakıya gəlib. Biz bu gün şəhərə çıxanda görürük ki, mərkəzdə və digər yerlərdə kifayət qədər əcnəbi var. Bunun özü də hadisənin önəmini bir daha təsdiq edir.

- Dediyiniz kimi, bir neçə prezident, baş nazir, nazirlər və yüksək ranqlı fiqurlar I Avropa Oyunlarının açılış mərasimində iştirak etmək məqsədilə Bakıya gəlib. Sizcə, onların sayı kifayət qədərdirmi?
- Azərbaycana gözlənildiyi qədər qonaq gəlib. Bu, Avropa qitəsi üçün ilk oyunlardır. Və Azərbaycan bu tarixi yazır. Məncə, belə tədbirlərdə dövlət başçılarının idmana münasibəti çox mühüm məsələdir. Hesab edirəm ki, bu səfərlər də gözlənildiyi qədər oldu.

- I Avropa Oyunlarının siyasi mənada effekti nədən ibarət olacaq?
- I Avropa Oyunları ilk növbədə Azərbaycan xalqını və dövlətini dünyaya tanıdacaq. Daha çox özümüzə dost qazanacağıq. Mən bunu mühüm hesab edirəm. Həm də müvafiq əlaqələr artır. Qeyd etməliyəm ki, bu hadisə siyasi deyil, idman bayramıdır. Əsas məqsəd Azərbaycan idmançılarının öz sahəsi üzrə yer tutmasıdır. I Avropa Oyunlarında iştirak edən idmançılar həm də Braziliyada keçiriləcək Olimpiya Oyunlarına vəsiqə qazanacaqlar. Bakı Avropa idman tarixini yazmağa başlayır və biz tarixi hadisədən danışa bilərik. Bütün dünya I Avropa Oyunlarının Bakıdan başlandığına şahid olur. Onu da vurğulamalıyam ki, biz Azərbaycanın mühüm dəyərləri, ələlxüsus multikulturalizm dəyərlərini, təcrübəmizi Avropa ilə bölüşürük. Bildiyiniz kimi, bizim hədəflərimizdə Azərbaycanı məhz multikulturalizm sahəsində mərkəz kimi yaratmaq planlarımız var. Bu da özlüyündə mühüm amildir.

- Sirr deyil ki, I Avropa Oyunları ərəfəsində müəyyən siyasi mərkəzlər tərəfindən anti-Azərbaycan çağırışları oldu. Bunu necə şərh etmək olar?
- Azərbaycanı istəməyənlərin, ölkəmizə qarşı düşmən siyasəti aparanların I Avropa Oyunları ərəfəsində təşvişə düşməsi həm də onu göstərir ki, bu Oyunların əhəmiyyəti yüksəkdir. Onlar çox çalışdılar ki, Azərbaycana ləkə atsınlar. Bütün lobbi təşkilatlarını bu istiqamətdə canlandırdılar. Lakin bu cür addımlar onların özlərini daha çox biabır etdi. Biz artıq Oyunlara başlamışıq.

- Dediyiniz kimi, artıq I Avropa Oyunlarına start verilib. Bəs, anti-Azərbaycan çağırışlarının effekti olubmu?
- Təbii ki, heç bir effekti olmayıb. Onların məqsədi Azərbaycanı qaralamaq idi. Səbəb də budur ki, Azərbaycanın əldə etdiyi uğur və nailiyyətləri həzm edə bilmirlər. Buna görə də maksimum anti-Azərbaycan platformasında çalışdılar. Ancaq bu mənasız və nəticəsiz oldu. İkincisi, bu, Azərbaycana qarşı ilk belə hal deyil. "Eurovision" mahnı müsabiqəsi ərəfəsində də buna bənzər fəaliyyətin şahidi olmuşuq. Ümumiyyətlə, hər dəfə Azərbaycan dünyada və Avropa mühitində uğurlu addım atanda bu qüvvələr hərəkətə gəlir. Xüsusilə, Azərbaycan "Əsrin müqaviləsi"ni imzalayan ərəfədə də bu kimi hallar müşahidə edilib. Demək istəyirəm ki, bu qüvvələr Azərbaycan uğur əldə edəndə çox narahat olurlar. Bunun üçün də çalışırlar ki, həmin ərəfədə Azərbaycanın üzərinə çamur atsınlar.

- Ermənistanın mövqeyi bu məsələdə necədir?
- Ermənistanın mövqeyi hər zaman olduğu kimidir. Bu dövlət çox narahatdır. Bilirlər ki, Azərbaycana çoxlu sayda media nümayəndəsi, xarici qonaqlar, idman azarkeşləri gələcək. Bu insanlar Azərbaycan, onun problemləri, mədəniyyəti, Dağlıq Qarabağ münaqişəsi ilə maraqlanacaq, biləcəklər ki, Azərbaycan ərazisində azərbaycanlılara qarşı cinayət hadisəsi baş verib, Xocalı qətliamı həyata keçirilib və bunu edən erməni tərəfi olub. Bu mənada, indi Ermənistan tərəfi çox narahatdır.

- Sizin xüsusi baxacağınız idman növü varmı?
- Təbii ki, var. Çalışacağam ki, bir sıra idman növü üzrə yarışlara baxım. Çünki bu cür səviyyəli yarışlar çox maraqlıdır. Mən daha çox futbol, güləş və digər növlərə azarkeşlik edirəm. Bu imkandan maksimum yararlanacağam.

- Türkiyədə parlament seçkilərindən sonra yaranan durumu necə qiymətləndirirsiniz?
- Bildiyiniz kimi, 45 gün ərzində Böyük Millət Məclisinə düşən siyasi partiyalar koalisiya hökumətini formalaşdırmalıdır. Əgər bu əldə edilməsə, Türkiyə yenidən seçkilərə getməyə məcbur olacaq. Türkiyə bizə qardaş ölkədir. Bizim istəyimiz qardaş ölkədə sabitliyin, inkişafın olmasıdır.

- Seçkidən sonra siyasi partiyalar arasında səs bölgüsünün bu formada olması sizin üçün gözlənilən idi?
- Bunu gözləmək olardı. Bir daha qeyd edirəm ki, bu seçkilər və ya yaxın gələcəkdə keçirilməsi gözlənilən erkən seçkilər qardaş ölkəyə xeyir gətirsin, ölkənin stabilliyi və inkişafı təmin olunsun. Təbii ki, indi çətin vəziyyətdir. Bu seçkilərdən sonra çətin mənzərə yarandı. Biz çox istəyirik ki, tezliklə mövcud olan problemlər öz həllini tapsın.

- Sizcə, tarixi təcrübə Türkiyə üçün koalisyon hökumətlərin qurulmasını mənfəətli hesab edir, yoxsa təkbaşına partiyanın iqtidar olmasını?
- Əlbəttə, təkpartiyalı hökumət daha asan və sistemli idarə üsuludur. Lakin Türkiyə tarixində biz dəfələrlə koalisyon hökumətlər formatını görmüşük. Ona görə də burada qeyri-adi bir şey yoxdur. Əsas olan siyasi mədəniyyəti yüksək səviyyədə saxlayaraq ölkənin və xalqın inkişafını təmin etməkdir. İnanıram ki, bu, Türkiyədə baş verəcək.

- Türkiyədə siyasi qüvvələr arasında kritik müzakirələrin getdiyi ərəfədə prezident Ərdoğan I Avropa Oyunlarının açılış mərasiminə qatılmaq üçün Azərbaycana gəlib. Adətən, belə hallarda prezidentlər səfərlərini təxirə salırlar. Ərdoğanın Bakı səfərini təxirə salmamasını necə qiymətləndirirsiniz?
- Hazırda qardaş Türkiyədə hansısa təhlükəli vəziyyət yoxdur. Sadəcə olaraq, indi seçkilərdən sonra siyasi partiyalar arasında danışıqlar prosesi gedir, konfiqurasiyalar haqqında ictimai müzakirələr açılıb. Prezident Ərdoğanın Azərbaycana səfəri isə bir daha xalqımızın bir millət, iki dövlət olduğunu ortaya qoyur.

- I Avropa Oyunlarının başa çatması ilə anti-Azərbaycan mərkəzlərin ölkəmizə qarşı fəaliyyəti dayanacaqmı?
- Xeyr, dayanmayacaq, davam edəcək. Ola bilsin ki, indiki qədər fəal olmayacaqlar. Bildiyiniz kimi, erməni diasporası, onun müttəfiqi olan digər qüvvələr daima lobbi təşkilatlarını maliyyələşdirirlər ki, Azərbaycana təzyiqlər edilsin, problemlər yaradılsın. Bu, indilikdə səngiyə bilər, amma davamlı proses olacaq. Çünki bu, Qarabağ müharibəsinin xaricdə informasiya sahəsində aparılan davamıdır.

Nemət Hüseynli


Müəllif:

Oxşar xəbərlər