19 İyun 2015 12:36
768
12 Punto 14 Punto 16 Punto 18 Punto

“İnkişaf etməkdə olan, sürətlə irəliyə gedən, dövlətçiliyini möhkəmləndirən ölkələrə qoca Avropa daima qısqanclıqla yanaşır və özünə rəqib kimi görür. Avropada uzun illər davam edən xristian təəssübkeşliyi məsələsi də var. Şübhəsiz ki, bunlar ciddi məqamlardır. Başqa sözlə, üzdə tolerantlıq, daxildə isə barışmazlıq xəstəliyi var. Biz bütün bunları soyuq başla təhlil etməyi bacarmalıyıq və təsadüfi olmadığının da fərqində olmalıyıq. Azərbaycan müstəqilliyini 25 il deyil ki, əldə edib. Amma çox sürətlə inkişaf edir, özünü gücləndirir, modernləşən dövlət kimi özünü dünyaya təqdim edə bilib”.

Bunu qəzetimizə müsahibəsində YAP Siyasi Şurasının üzvü, millət vəkili Musa Quliyev bildirib. Müsahibəni təqdim edirik.

- Musa müəllim, I Avropa Oyunlarının açılış mərasimi zamanı ölkədə olmamısınız. Açılışı televiziya vasitəsilə izlədinizmi?
- Bəli, I Avropa Oyunlarının açılışı günü biz Moldovanın paytaxtı Kişinyov şəhərində Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisi Baş Assambleyasının 45-ci plenar iclasında iştirak etdik. Ancaq buna baxmayaraq, televiziya vasitəsilə açılış mərasimini izlədik. I Avropa Oyunları Azərbaycanın və Avropanın tarixində ən əhəmiyyətli tədbirdir. İlk Avropa Oyunlarının Azərbaycana salınması Avropa məkanında ölkəmizin güclü dövlət kimi tanınması deməkdir. Yəni, etiraf edilir ki, Azərbaycan bir Avropa ölkəsidir və qısa müddətə böyük nailiyyətlər əldə edə bilib. İki ilə yaxın müddətdə I Avropa Oyunları ilə bağlı işləri görmək, qısa müddət ərzində Oyunların açılışını möhtəşəm şəkildə təşkil etmək Azərbaycanda dövlət mexanizminin mükəmməl və olduqca operativ şəkildə qurulmasının nümayişidir. Ölkənin birinci xanımının rəhbərliyi ilə açılış mərasiminin yüksək zövqlə təşkil edilməsi Azərbaycan mədəniyyətinin və intellektinin dünyaya nümayişi idi.

- İlk Avropa Oyunlarının Bakıda baş tutması hansı baxımdan əhəmiyyətlidir?
- Oyunlarda əllidən çox ölkənin 6 mindən çox idmançısı iştirak edir. Demək olar ki, 10 minlərlə turist, idman azarkeşi ölkəmizə gəldi. Sözsüz ki, onlar Azərbaycan, onun mədəniyyəti, tarixi, yaşam tərzi, mətbəxi ilə yaxından tanış olmaq imkanı əldə etdilər. Azərbaycan dünyaya bir daha özünü yaxşı mənada tanıtmaq fürsəti əldə etdi. İkincisi, bu, şübhəsiz ki, yeni biznes əlaqələrinin qurulması, turizm sektorunun inkişafı deməkdir. Mədəni əlaqələrin qurulması istiqamətində böyük bir körpü rolunu oynayacaq. İdman həm də turizmin, mədəni əlaqələrin inkişafına təsir edir. Buraya gələnlər qayıdandan sonra ölkəmiz haqqında danışacaq, öz təəssüratlarını bölüşəcəklər. Kimlərdəsə ölkəmizi görmək arzusu baş qaldıracaq. Qarşıdan gələn il dünya şahmat Olimpiya Oyunları, daha sonra isə İslam Həmrəylik Oyunları ölkəmizdə keçiriləcək. Deməli, bütün bunlar uğurlarımızı daha da artıracaq və Azərbaycanı dünyada idman ölkəsi, tolerantlıq mərkəzi, mədəniyyət məmləkəti olaraq tanıdacaq. Bütün bunlar uzun illər ərzində aparılan doğru xarici siyasətin təntənəsi, bütövlükdə Azərbaycan xalqının qələbəsidir.

- Hazırda idman yarışları davam edir. Azərbaycan vətəndaşlarının bu yarışlarda iştirakı, azarkeşliyi hansı səviyyədədir?
- Çox yüksək səviyyədədir. Təbii ki, yarışların keçirildiyi zallar məhduddur və insanlarımızın hamısını qəbul etmək imkanında deyil. Bunun üçün də, vətəndaşlarımız bu zallara bilet əldə edə bilməyəndə televiziya, parklarda, kafelərdə qurulan monitorlar vasitəsilə izləyirlər. Bütövlükdə bu, Azərbaycan xalqına coşqu gətirən tədbirdir. Eləcə də, həmrəyliyimizi, milli birliyimizi möhkəmləndirən tədbirdir. Çox sevindirici haldır ki, Azərbaycan idmançıları bu yarışlarda böyük əhvali-ruhiyyə ilə çıxış edir, uğurlar qazanır, medallar əldə edirlər. Hazırda ən çox medal qazanan ölkələrdən biri Azərbaycandır. Bu da, özümüzə güvənimizi, milli birliyimizi artıran məqamdır. Azərbaycan xalqı bütövlükdə bu Oyunları dəstəkləyir, bəyənir, bu prosesdə aktiv iştirak edir və alqışlayır.

Şübhəsiz ki, bütün bunlar xalq-iqtidar birliyinin əyani nümayişidir.

- Hazırda Oyunlar davam edir. Oyunları izləyirsinizmi, daha çox hansı idman yarışlarına baxırsınız?
- Şübhəsiz ki, izləyirik. Mən və oğlum böyük həvəslə güləş və taekvondo yarışlarını izləmişik. Hazırda şənbə günü keçiriləcək boks yarışlarına getməyə hazırlaşırıq. I Avropa Oyunları yaşından asılı olmayaraq hər bir vətəndaşımızı riqqətə gətirən səviyyədə keçirilir, təşkilat işi yüksək səviyyədə qurulub, azarkeşlərimizin mədəniyyəti məni çox sevindirir. İdmançıların hansı ölkəni təmsil etməsindən asılı olmayaraq azarkeşlərimiz hər bir uğurlu idmançını alqışlayır, buna hörmətlə yanaşır. Bu da, Azərbaycan mədəniyyətinin göstəricisidir.

- Erməni idmançıları ilə bağlı siyasətçilər də fikirlər səsləndirir. Siz erməni güləşçilərini müşahidə etmisiniz?
- İnsanlarımız bu məsələyə bir qədər emosional yanaşır. Bu, idmandır. Əgər onları dəvət etmişiksə, onlara da idmançı kimi yanaşmalıyıq. Bu yarışlarda idmançılara millətindən və dövlətindən asılı olmayaraq idmançı kimi baxmalıyıq. Bu baxımdan idmançının uğuruna da, uğursuzluğuna da normal yanaşma sərgiləməliyik. Güləşçimiz Həsən Əliyevin uduzmasına siyasətçilərimiz də emosional reaksiya verdilər. İdmanla digər sahədə ermənilərlə apardığımız mübarizəni eyniləşdirmək doğru deyil. İki nəfər idmançıdır, onlardan biri uduzar, növbəti dəfə udar. Bunun siyasətə qətiyyən aidiyyəti olmamalıdır. Biz ermənilərlə emosiya ilə deyil, ağıl və siyasətlə mübarizə aparmalıyıq.

- I Avropa Oyunlarının açılış mərasiminin 40 ölkədə canlı yayımlanması dediyiniz ağıl və məntiqli mübarizənin təzahürü hesab oluna bilərmi?
- Təbii ki, bu, müsbət hadisədir. Biz bilirik ki, bu ölkələrin hamısının münasibəti eyni deyil. Əgər Avropanın 50 ölkəsindən 40-da bu açılış mərasimi canlı yayımlanırsa, təbii ki, sevindirici haldır. Digər tərəfdən, hər ölkənin, hər televiziya kanalının öz maraqları var. Yəni, bunu ancaq bizə münasibətlə əlaqələndirmək də doğru deyil. Amma bütövlükdə I Avropa Oyunlarının bütün ölkələrdə yayımlanması, informasiya verilməsi Azərbaycanın dünya miqyasında öz nailiyyətlərini nümayiş etdirməsi imkanıdır, tanınmaq və qəbul edilmək fürsətidir. Şübhəsiz ki, hər bir uğurun arxasında uzun illər çəkilən zəhmət və fəaliyyət durur. Bütün bunlar da aparılan siyasətdən qaynaqlanır.

- Almaniya, Fransa, İtaliya, Böyük Britaniya kimi ölkələr I Avropa Oyunlarında böyük nümayəndə heyəti ilə iştirak edir. Bəs, nədən bu dövlətlərdə Oyunlar ərəfəsində anti-Azərbaycan kampaniyası aparılırdı, hətta boykot çağırışları səsləndi?
- Bu, qoca Avropanın köhnə xroniki xəstəliyidir. İnkişaf etməkdə olan, sürətlə irəliyə gedən, dövlətçiliyini möhkəmləndirən ölkələrə qarşı qoca Avropa daima qısqanclıqla yanaşır və özünə rəqib kimi görür. Avropada uzun illər davam edən xristian təəssübkeşliyi məsələsi də var. Şübhəsiz ki, bunlar ciddi məqamlardır. Başqa sözlə, üzdə tolerantlıq, daxildə isə barışmazlıq xəstəliyi var. Biz bütün bunları soyuq başla təhlil etməyi bacarmalıyıq və təsadüfi olmadığının da fərqində olmalıyıq. Azərbaycan müstəqilliyini 25 il deyil ki, əldə edib. Amma çox sürətlə inkişaf edir, özünü gücləndirir, modernləşən dövlət kimi özünü dünyaya təqdim edə bilib. Buna görə də, qoca Avropa yeni nəsilləri həvəslə qəbul etmək istəmir və ya bunu bacarmır. Bu mənada Azərbaycanın uğurları Avropada və Qərbdə bəzi dairələri ciddi narahat edir. Onlar bu uğurların qarşısını almaq, qarayaxma kampaniyası həyata keçirmək, şər-böhtana üstünlük verməyə çalışırlar. Bu, həqiqətdir. I Avropa Oyunları qabağı, açılışa qədər aparılan kampaniyalar, verilən açıqlamalar oldu. İstər media, istər parlamentlər səviyyəsində, istərsə də qeyri hökumət təşkilatları formatında verilən iftira xarakterli bəyanatları gördük. Azərbaycanda insan haqlarının pozulması, hüququn və demokratiyanın olmaması, siyasi məhbusların olması haqqında əsassız bəyanatların səsləndirilməsi şübhəsiz ki, qısqanclıqdan doğurdu. Bizlər bütün bunları soyuq başla qəbul etməli, eyni zamanda da ciddi əhəmiyyət verməməliyik. Dövlətin müəyyən qurumları bu məsələlərlə bağlı öz işlərini görür, amma vətəndaş səviyyəsində buna ciddi önəm verilməsinin tərəfdarı deyiləm. El misalında olduğu kimi, it hürər, karvan keçər. Azərbaycanın karvanı uğurla öz məqsədinə doğru irəliləyir. Məqsəd cənab Prezidentin elan etdiyi kimi Azərbaycanda inkişaf edən sosial dövlətin qurulması, ölkəmizi dünyanın inkişaf etmiş dövlətləri sırasına çıxarmaqdır. Biz də bu yolla davam edirik, uğurlarımız var. İndi Avropa da, Qərb də, Şərq də, Şimal da, Cənub da nəsə deyə bilər. Bu deyilənlərdən asılı olmayaraq Azərbaycan müstəqillik əldə etdikdən bu yana öz uğurlu siyasətini davam etdirir. Xüsusilə, 2000-ci ildən bu yana biz heç kəsin təsirinə düşmədik, müxtəlif bloklara qoşulmadıq. Yalnız Azərbaycanın maraqlarına xidmət edən siyasətlərə imza atdıq. Bu da, Azərbaycanın gücündən, dövlətin möhkəmliyindən xəbər verir.


Müəllif:

Oxşar xəbərlər