Sevincimi ifadə etməyə söz tapa bilmirəm. Həmyerlilərim Diana Bakozi və Valerio Lukini Avropa Oyunlarının atıcılıq üzrə dairəvi stend idman növünün qarışıq komanda yarışında qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxdılar. İndi isə komandamızın qələbəsi şərəfinə İtaliyanın Dövlət himni yenidən səsləndirildi. Bu, mənim ölkəm üçün fantastik bir gündür.
Bu sözləri AZƏRTAC-a məxsusi müsahibəsində 10 metrdən pnevmatik tüfəng ilə atəş üzrə yarışda qalib gəlmiş komandanın üzvü Petra Zublasinq deyib. Xatırladaq ki, italyan idmançı iki gün bundan əvvəl 50 metrlik məsafədən üç vəziyyətdə (diz üstə, uzanaraq, ayaq üstə) kiçikçaplı tüfəngdən atəşaçma üzrə birinci Avropa Oyunlarının çempionu olub.
P.Zublasinqin komanda yoldaşı, 2012-ci ilin Olimpiya çempionu Nikkolo Kampriani ilk Avropa Oyunlarının idman elçisi olmasından qürur duyduğunu vurğulayaraq, Oyunların təşkili haqqında təəssüratlarını bölüşüb. “Bakıya heyran olmayan adamı təsəvvürə gətirmək çətindir. Şəhər çox maraqlı və əsrarəngizdir. Azərbaycanlılar çox xoşuma gəldi. Onlar gülərüzdürlər. Azərbaycanda dərin inam və dünyəvilik qəribə vəhdət təşkil edir, din isə tərəqqi və əmin-amanlığın həyati elementidir. Oyunların təşkilatçılarının peşəkarlığını da qeyd etməyə bilmərəm. İdmançılar üçün ideal şəraitin yaradıldığı Atletlər kəndini çox bəyəndim. Hər hansı məsələ ilə bağlı kömək etməyə hazır olan könüllülərin fədakar işi də xoşuma gəldi. Sonda isə Azərbaycan mətbəxinə valeh olduğumu bildirmək istəyirəm. Azərbaycan plovunu, kababını və əlbəttə ki, paxlavasını xüsusilə bəyəndim”, – deyə N.Kampriani bildirib.