23 İyun 2015 14:36
765
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Bakı-2015" Birinci Avropa Oyunlarında tamaşaçı qismində iştirak etdim. Ailəlikcə yarışları efirdən izləyirik. Əsasən də öz idmançılarımız çıxış edəndə həyəcanla baxırıq. Oyunlarla qızım həddindən artıq çox maraqlanır, çox həyəcanlanır”. Bu sözləri “Gündəlik Teleqraf”a müsahibəsində əməkdar artist, bəstəkar Gövhər Həsənzadə deyib. Onun sözlərinə görə, Azərbaycan belə mötəbər idman bayramına ev sahibliyi edərək adını tarixə yazdırıb. Bəstəkar xanım həm Avropa Oyunları ilə bağlı fikirlərini, həm də Türkiyədəki yaradıcılıq işləri ilə bağlı son məlumatları bizimlə paylaşıb.

- Hamı kimi mən də “Bakı-2015" Avropa Oyunlarının açılış mərasimini izlədim. Açılış çox möhtəşəm təşkil olunmuşdu. Dünya Azərbaycanın tarixini, mədəniyyətini gördü. Ümumiyyətlə, Avropa Oyunlarının ölkəmizin dünyada, Avropada tanınması üçün əvəzsiz xidməti olacaq. Təsəvvür edin ki, dünyanın 200-dən çox kanalında canlı nümayişdə olması, hər gün ölkəmiz haqda informasiyanın efirlərdən bütün Avropaya, oradan da dünyaya yayılması bizim üçün çox mühüm amildir. Çünki Azərbaycan haqda olan informasiyalar, təəssüratlar, ölkəmizin mədəniyyət, iqtisadiyyat sahəsində olan inkişafı, siyasi durumunun qərəzsiz olaraq çatdırılması üçün bizim Avropa insanına, vətəndaşına, dünyanın efirlərinə çox böyük ehtiyacımız var.

Çünki bu qədər yalanların, uydurmaların qarşısında avropalı Azərbaycana gəlir, görür, tanış olur, burda baş verən iqtisadi yüksəlişin, uğurun, tərəqqinin birbaşa şahidi olur. Görün, bu necə təsirli və faydalıdır. Bu baxımdan, Azərbaycanın dünyaya çıxışı üçün “Bakı-2015" Avropa Oyunlarının əhəmiyyəti böyükdür.
Bundan başqa Avropa Oyunlarının ilk olaraq burada keçirilməsi hər zaman tarixdə xatırlanacaq. Sabah kimsə deyə bilməyəcək ki, Azərbaycanın Avropaya aidiyyəti yoxdur. Bu oyunlar vasitəsilə biz bu cür fikirləri kökündən siləcəyik.

- Yarışları izləyə bilirsinizmi?
- Ailəlikcə yarışları efirdən izləyirik. Əsasən də öz idmançılarımız çıxış edəndə baxırıq. Qızım oyunlarla həddindən artıq maraqlanır, çox həyəcanlanır. İdmançıların adlarını, neçə medal qazandığına qədər hər şeyi ətraflı bilir. Çox sevinirəm ki, Avropa Oyunlarına tamaşaçılarımız tərəfindən çox böyük maraq var. Zalların əksəriyyəti dolu olur, publikamız çox canlı, aktivdir. Dünya bizim idmana olan dəstəyimizi, marağımızı, ümumiyyətlə o abu-havanı görür.

- Gövhər xanım, nə vaxtsa ciddi şəkildə idmanla məşğul olmusunuz?
- Bəli, hətta çempion olmuşam. Təxminən 11-12 yaşım olanda gimnastika ilə məşğul olurdum. Çempionluq mərhələsinə qədər yüksəlmişdim. Gimnastika mənim üçün daha doğmadır və gözəllik nümunəsidir.

- Sizi təbrik edirəm, nəhayət ki, Nilufərlə işbirliyinizin bəhrəsini gördünüz. Mahnı Türkiyədə necə qarşılandı?
- Təşəkkür edirəm. Bilirsiniz ki, Nilufərin “Kendi cennetim” adlı yeni albomu çıxdı. Orada mənim “Bəs mən indi neyləyim” adlı mahnım “Günahkar zaman” adı ilə təqdim olundu. O mahnının sözləri və musiqisi mənə aiddir. Bu mənim üçün uğurdur. Nilufərlə işbirliyinə başlayandan bəri mahnılarımı dinlədi və içərisindən məhz bu mahnını seçdi. Bundan başqa Zeliha Sunal “Nankor” mahnımı oxudu və klip də çəkdi. Onun sözləri Cəlal Qurbanova aiddir. Mahnı Türkiyə kanallarında çox gözəl qəbul olunub. Hazırda başqa layihə üzərində çalışmaq üzrəyəm. Bir aydan sonra yeni layihələrlə bağlı Türkiyəyə gedəcəm.

- Kifayət qədər musiqi cameəsində tanınırsınız. Bir neçə türk verilişlərdə mahnınız səslənəndə sizinlə bağlı çox xoş sözlərin deyildiyinin şahidi olmuşam.
- Adım keçir deyərdim. Mən o toplumun içərisinə girməyə can atmıram. Türkiyədə musiqi sektorunda hər şey yerindədir. Mən sadəcə orada azərbaycanlı sənətçi kimi işbirliklərimi qururam və buna əsasən tanınıram. Bir çox yerlərdə təqdimata ehtiyacım olmur. Bəli, xarici görkəmimə görə tanımaya bilərlər. Çünki çox görünməkdən xoşum gəlmir. Fikir versəniz, Bakıda da eləyəm. Elə mahnılarım var, Azərbaycanda da bilmirlər ki, onları mən yazmışam. Amma sevilir, dinlənilir. Və bu mənim üçün yetərlidir. Bir sözlə, adımı özümdən daha çox tanıyırlar.

- Türkiyədə bəzən müğənnilər yalnız bir bəstəkarla işləyir. Hətta bəstəkara icazə vermirlər ki, başqa müğənni ilə işləsin. Belə bir halla qarşılaşmamısınız hələ?
- Mən icazə deməzdim bunun adına. Sadəcə normal, sivil formada elə bir şərait yaradırlar ki, bəstəkar hər bir cəhətdən təmin olunaraq studiya ilə işbirliyi qurur və hansısa müğənni ilə uzunmüddətli işləmək üçün müqaviləyə imza atır. Amma bunun başqa yaxşı tərəfləri də var. Məsələn, “bir bəstəkarın mahnısını bir müğənni oxudu, başqa kimsə oxumasın” kimi söhbətlər Türkiyədə heç vaxt ola bilməz. Buna müğənninin haqqı yoxdur. Mahnı məşhurlaşandan, bir müddət keçəndən sonra bağlanan müqavilələrə əsasən başqa studiyalara da satılır və başqa müğənnilər tərəfindən ifa olunur. Bizdə, əfsuslar olsun ki, bu cür deyil.

- Siz o rejimdə işləyə bilərsinizmi?
- Mən də vaxtında işləmişəm. Yadınızdadırsa, Xatirə İslam, İradə İbrahimova yalnız mənimlə çalışırdı. Çünki bizim yaradıcılıq münasibətlərimiz çox yaxşı tuturdu. Burada ruh, melodiyaya, texnikaya uyğunluq məsələsi var. Biz hamımız ona çalışırıq ki, məhsulumuzu dinləyici bəyənsin, dinləsin. İstəməyi üçün də gərək musiqi gözəl, səmimi səslənsin. Bunun üçün də gərək ruhən bəstəkar-müğənni bir-biri ilə yaxın olsun. Bu mən filan bəstəkar, filan müğənni ilə işləmək istəyirəm söhbəti deyil. Mən də çox istərdim Selin Dion, Eros Ramazotti ilə işləyim. Amma görək işbirliyimizdəki ruhlarımız bir-birini tutacaqmı? Bilirsiniz ki, Kayahanla Nilufərin illərlə işbirliyi olub. Amma Nilufər xanım indiyə qədər deyir ki, mənim ruhumu oxuyan Gövhərdir.

- Nilufərlə daha öncə çalışmışdınızmı? Və bundan sonra işbirliyiniz davam edəcəkmi?
- Nilufər xanım bu mahnını oxuyacağını bir neçə il öncə demişdi. Amma həyatında bir çox çətinliklər oldu. Belə ki, anasını itirdi, xəstəliyi ilə bağlı sənətdən uzaq düşdü, mənim bəzi şəxsi problemlərimlə əlaqədar başım qarışıq oldu, daha sonra Kayahan ağır xəstə olduğundan Nilufər xanım ona çox vaxt ayırdı. Bir sözlə, qismət bu günə imiş. Yaradıcı iş ürəklə bağlı bir işdir. Problemlər olanda insan yaradıcılıqdan kənara çəkilir. Amma sonra bütün o yığılanlar elə qələmə gəlir ki...hamısı özünü yaradıcılıqda tapır. Hazırda Nilifər xanımla uzunmüddətli işbirliyinin müzakirəsi gedir. İnşallah, bu mahnının ayağı düşərli olar. Onu da qeyd edim ki, Nilufər xanımın ifa etdiyi mahnını Azərbaycanda İzzət Bağırov ifa edib, Zeliha Sunalın ifa etdiyi “Nankor” mahnısını isə Aygün Kazımova oxuyub. Mahnı da Aygün xanımın doğum günü üçün Cəlal Qurbanovun təklifi ilə ona hədiyyə kimi yazılıb. Zeliha Sunal mahnını oxumamışdan öncə hər yerdə mənim də Aygün xanımın da adını çəkir, məlumat verir. Həmçinin də Nilufər xanım. Mən həmişə demişəm ki, Türkiyədə mahnılarım bizim müğənnilərin ifasından sonra sevilir. Heç vaxt pianino arxasında oturub kiməsə mahnı göstərib və ya “sən mənim canım, sənə maddi dəstək verəcəm, bunu oxu” deyib türk sənətçiləri ilə işbirliyi qurmamışam. Ancaq dinləyirlər, bəyənirlər, sevirlər, ürəklərinə yatır və ondan sonra ifa edirlər. Eləcə də, Zərrin Özər “Sorma”nı Kərimin ifasında eşidəndən sonra oxudu, Barbaros “Belə olarmı?”nı Elnurun ifasında sevdi. Eləcə də digərlərini: “Ömür bumu”, “Get, dönmə geri” Faiq Ağayevin ifasında, “Anladım sonunda” Zülfiyyə Xanbabayevanın ifasında eşidiblər, bəyəniblər, sonra iş birliyimiz qurulub.

- Artıq siz Azərbaycanda əvvəlki kimi müğənnilərlə sıx çalışmırsınız?
- Mənə münasibət, istək budur. Necə olmuşamsa, indi də eləyəm. Bəlkə də, dünyada çox az insanlardan biriyəm ki, heç vaxt dəyişmirəm. İstəyirəm dəyişmək, amma edə bilmirəm. Sadəcə, əvvəllər nə təklif edirdilər, hansı dəstəyi istəyirdilər, onu göstərirdim. İndi də gəlirlər mahnı istəyirlər, verirəm, bəzən təmannalı, bəzən təmənnasız. Amma əvvəlki kimi o canfəşanlığı etmirəm. Bizimkilər bir mahnını götürür gedir, sonra görürsən ki, toyda popuri oxuyur. Mən bu gün Azərbaycanda olduğum müddətdə heç kəsə “vaxtım yoxdur”, “mahnı yaza bilmirəm” demirəm. Eyni sistemlə, eyni tempdə çalışıram. Sadəcə, istək yoxdur, hamı bu gün pulunun olmamasından şikayətlənir, məişət problemlərini misal çəkir. Hamı elə bilir ki, sənətə gəlibsə, o dəqiqə ulduz olub, bütün məişət problemlərini həll edəcək. Amma illərlə sənətdə olan bizlərin həmişə məişət problemlərimiz olub, indi də olur.

Nərmin Muradova


Müəllif:

Oxşar xəbərlər