25 İyun 2015 19:53
799
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı-2015 Avropa Oyunlarında qılıncoynatma üzrə yarışların üçüncü günü başlayıb.

Teleqraf.com-un məlumatına görə, bu gün kişilər rapira, qadınlar sablyada fərdi mübarizə aparacaq.

Azərbaycan təmsilçiləri bu gün yalnız qadınların yarışında təmsil olunur. 4 qadın sablyaçımız qılıncoynadanların fərdi yarışlarının son günündə qüvvəsini sınayacaq.
Qadınların yarışında 36 idmançı 6 qrupda mübarizəyə başlayacaq. Azərbaycan qılıncoynadanlarından Sevinc Bünyadova A, Fatimə İbrahimova D, Səbina Mikina E, Sevil Bünyadova F qrupunda qüvvəsini sınayır. Onlar 1/16 finala vəsiqə qazanmaq uğrunda mübarizə aparacaq.

A qrupunda mübarizəyə başlayan Sevinc Bünyadovanın ilk qarşılaşması türkiyəli İlgin Sarban ilə olub. O, rəqibinə 2-5 hesabı ilə uduzub. Sablyaçımız ikinci döyüşdə fransalı Marion Stoltz ilə yarışıb. S.Bünyadova rəqibi üzərində qələbə çalıb: 5-3. Təmsilçimiz daha sonra italiyalı Rebeka Qarqano ilə mübarizə aparıb. O, italiyalı sablyaçını nəfəs almağa qoymayıb. Sevinc Bünyadova 5-0 hesabı ilə rəqibi üzərində təmiz qələbə qazanıb. Polşalı Martina Vatora ilə yarışda da sablyaçımız uğurlu çıxış edib. Görüş 5-2 hesabı ilə sablyaçımızın qələbəsi ilə nəticələnib. Son döyüşdə Sevinc Bünyadova Ukrayna təmsilçisi, dünya çempionu Olqa Xarlanla qarşılaşıb. O, çətin mübarizədə rəqibini məğlub edib. S.Bünyadova 5-3 hesabı ilə qələbə qazanıb. O, 1/32 mərhələni 1-ci yerlə adladığı üçün birbaşa 1/8 finala yüksəlib.

Qılıncoynatma yarışlarının favoritlərindən hesab olunan Səbinə Mikina ispaniyalı Laia Vila ilə ilk döyüşdən 5-1 hesabı ilə qalib ayrılıb. S.Mikina Belorus təmsilçisi Darya Andreyeva üzərində də qələbə qazanıb: 5-3. Rusiyalı Tatyana Şukova ilə mübarizədə də Mikina üstünlüyü ələ alıb. Döyüş 5-2 hesabı ilə sablyaçımızın xeyrinə başa çatıb. Sablyaçımızın dördüncü döyüşü polşalı Karolina Kaleta ilə keçirib. Bu qarşılaşma da təmsilşimizin üstünlüyü ilə nəticələnib: 5-2. İtaliyalı Sofia Ciaragliya ilə mübarizəni də S.Mikina qələbə ilə başa çatdırıb. S.Mikina 5-4 hesabı ilə qalib gələrək birbaşa 1/8 final mərhələsinə keçib. Bu mərhələdə Səbinə Mikina rusiyalı Yana Obvintseva ilə qarşılaşıb. Oyun boyu öndə olmasına baxmayaraq, təmsilçimiz sonda 13:15 hesabı ilə uduzub.

D qrupunda mübarizəyə başlayan Fatimə İbrahimova və F qrupunda qüvvəsini sınayan Sevil Bünyadova 3 və 4 qələbə qazanıblar. Sevillə və Fatimə 3-cü yerin sahibi kimi 1/16 finala çıxıb.

Sevil 1/16 final mərhələsində növbəti qələbəsini qazanıb. Sablyaçımız polşalı Maqdalena Pasternakı 15-4 hesabı ilə məğlub edib. S.Bünyadova 1/8 finalda rusiyalı Mariya Ridellə görüşüb. Bu qarşılaşma 15-9 hesabı ilə təmsilçimizin xeyrinə başa çatıb. Sablyaçımız qalib gələrək dörddəbir finala keçib. O, yunanıstanlı Vasiliki Vouqiouka ilə qarşılaşacaq. Sevil Bünyadova döddəbir finalda yunanıstanlı qılıncoynadanı 15:12 hesabı ilə məğlub edərək yarımfinala yüksəlib. Final görüşü fransalı Marqaux Rifkis ilə olub. Sevil Bünyadova sablya üzrə fərdi yarışlarda fransalı Marqo Rifkisi 15:9 hesabı ilə vaxtından əvvəl məğlub edərək finala yüksəlib.

Fatimə isə italiyalı Rebekka Qarqanoya uduzub – 7-15.

Qarqano 1/8 finalda Sevinclə üz-üzə gəlib. Sevinc Bünyadova 15-7 hesabı ilə italiyalı sablyaçını məğlub edərək 1/ 4 mərhələyə keçib. Onun rəqibi ukraynalı Alina Komaşçuk olub. Təmsilçimiz 15:11 hesabı ilə rəqibinə qalib gəlib. Sablyaçımız yarımfinal döyüşündə iştirak edəcək. Sevinc Bünyadova yarımfinalda Polşa təmsilçisi Anjelika Vator ilə qarşılaşıb. Görüşdə polşalı atlet 15:11 hesabı ilə qalib gələrək finala vəsiqə qazanıb. Sablyaçımız bürünc medalla kifayətlənib.

Sevinc Bünyadovanın bacısı Sevil Bünyadova finalda bacısının uduzduğu Anjelika Vatorla mübarizə aparıb. O, cəmi 1 xal fərqi ilə rəqibinə uduzub. Beləliklə, Sevinc Bünyadova Avropa Oyunlarının bürünc, Sevil Bünyadova isə gümüş medala layiq görülüb.

Nərgiz


Müəllif: