29 İyun 2015 14:05
698
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hər şey 2012-ci ildə Avropa Olimpiya Komitəsinin qərarından sonra başladı. Birinci Avropa Oyunlarına ev sahibliyi hüququnu əldə edən Bakı çiyinlərinə hansı məsuliyyəti götürdüyünü yaxşı anlayırdı. Vaxt az idi. Digər ölkələrin belə tədbirlərə hazırlığa 6-7 il əvvəldən başladığı halda, Azərbaycanın cəmi 30 ay vaxtı qalırdı. Məhz buna görə skeptiklər l Avropa Oyunlarının uğurla baş tutacağı barədə fikirlərə şübhə ilə yanaşırdılar. Amma onlar belə bir faktı unutmuşdular ki, bundan əvvəl ölkəmiz “Eurovision” mahnı müsabiqəsinə cəmi 1 il ərzində hazırlaşmışdı. Həmin vaxt heç kimin ağlına belə gəlmirdi ki, rekord müddətə Cristal Hall kimi möhtəşəm bir obyekti cəmi 8 aya tikib istifadəyə vermək olar. Bundan əlavə, skeptiklər onu da nəzərə almırdılar ki, Azərbaycan bütün işləri görə biləcək peşəkar və işlək komanda formalaşdıra bilər. Nəticə etibarı ilə 2.5 il ərzində bu tədbirin yüksək səviyyədə təşkili məqsədilə görüləcək işlərin əsasında duran başlıca amil düzgün, düşünülmüş strategiyanın müəyyənləşdirilməsi və onun vaxtında, dəqiqliklə icrası oldu.


Ancaq razılaşmaq lazımdır ki, hadisələr heç də bir neçə cümlədə deyildiyi şəkildə asan və rəvan cərəyan etmədi. 49 ölkənin olimpiya komitələrinin ilk Avropa oyunlarının məkanı kimi Bakını seçməsi ölkəmizi sevməyən qüvvələri də hərəkətə gətirdi. “5-ci kolon”un da daxil olduğu bu qüvvələrin yeganə məqsədi oyunlara kölgə salmaq və Azərbaycan barədə mənfi rəy yaratmaq idi. Təbii ki, bunun üçün problemlər tapıb onları qabartmaq lazımıydı. Bəs problem yoxdursa? Onda onu “kəşf etmək”, uydurmaq və yaymaq qalır. Hüquqi dildə bunun bir adı var - böhtan. Görünür, anti-Azərbaycan qüvvələr çirkli planlarını həyata keçirərkən Makiavellinin məşhur “məqsəd vasitəyə bəraət qazandırır” prinsipinə istinad edirdilər. Lakin makiavelizmdə son məqsəd dövlətin möhkəmləndirilməsinə xidmət edirsə, anti-Azərbaycan şəbəkənin niyyəti tam başqadır. Odur ki, bu davranış makeavalizmdən çox, Hebbelsin “yalanın ən böyüyünü danış ki, inandıra biləsən” prinsipinə uyğun gəlir.

Oyunların açılışı ərəfəsində ölkəmizə qarşı hücumlar kulminasiya nöqtəsinə çatdı. Müəyyən qüvvələrin sifarişini yerinə yetirən təşkilatlar, hətta oyunların “boykotu” kimi absurd iddianı da gündəmə gətirməyə cəhd göstərdilər. Amma özləri deyib-özləri eşitdilər: heç bir olimpiya komitəsi, heç bir idmançı siyasi bəyanat vermədi. Əksinə, bütün atletlər, məşqçilər, jurnalistlər və qonaqlar Bakıdakı şəraitdən ağız dolusu danışdılar. Bir sözlə, “boykot”dan danışanların özləri boykot olundular. Dünya isə Bakıda keçirilən ilk Avropa Oyunlarını izlədi. Bunu Şərqdə bir çox yeniliyə imza atmış, “ilk”lərə alışmış Bakının növbəti qələbəsi adlandırmaq olar. Çünki artıq bu idman tədbiri tarix kitablarına l Avropa Oyunları kimi daxil oldu. İdmançılarımızın uğurlarını bir kənara qoysaq belə, təkcə bu amilin özü çəkilən zəhmətin boşa getmədiyini göstərdi.

Avropa oyunlarının Azərbaycan üçün nəticələrini necə qiymətləndirmək olar? Proseslərin təhlili göstərir ki, dünyada Azərbaycanın gücü və potensialı haqında düzgün təsəvvür formalaşdı ki, bu da mühüm bir faktordur. Təsdiq olundu ki, Azərbaycan istənilən səviyyədə tədbiri hazırlamaq və keçirmək iqtidarındadır. Digər tərəfdən, dünyanın əksər ölkələrində gənclər narkomaniya, terror qrupları, insan alveri kimi bəlaların girdabında olduğu vaxtda, azərbaycanlı gənclərinin idman saraylarına üz tutmasından yaxşı nə ola bilər? Artıq bölgələrdən gələn məlumatlarda bildirilir ki, idman klublarına müraciət edən gənclərin sayı iki dəfə artıb.

30 ay ərzində Azərbaycanda inşa edilmiş çoxlu sayda idman obyekti ölkəmizin gələcəkdə dünya səviyyəli tədbirlərə ev sahibliyi edə bilməsini asanlaşdırdı. Artıq Azərbaycan ən böyük miqyaslı çempionatların – hətta olimpiadaların keçirilməsi üçün namizədliyini irəli sürə bilər. Bunun üçün tələb olunan 2 vacib amil – infrastruktur və təcrübə artıq var...

“Bakı-2015”-lə Avropada qitə oyunlarının təməli qoyuldu. Gələcəkdə Avropa oyunlarına ev sahibliyi edəcək ölkələr Azərbaycanın təcrübəsindən bəhrələnə biləcəklər.


Birinci Avropa oyunları ilə ölkəmiz hakimiyyət-xalq birliyinin də gözəl nümunəsini ortaya qoydu. Azərbaycan vətəndaşları böyük güclərin media və QHT-lərin, beynəlxalq təşkilatların vasitəsilə həyata keçirdiyi kampaniyanı rədd etdilər, dövlətin, dövlətçiliyin yanında oldular, Azərbaycan Prezidentinə, onun həyata keçirdiyi siyasətə dəstəklərini daha da gücləndirdilər. Bu, hakimiyyət-xalq birliyinin əyani təcəssümü kimi də səciyyələndirilə bilər. Təsadüfi deyil ki, son rəy sorğuları Prezident İlham Əliyevin nüfuzunun daha da artdığını və möhkəmləndiyini göstərdi.

Qarşıda isə bizi “Formula-1” və İslam Oyunları gözləyir. Təbii ki, Azərbaycan bu yarışmalar artıq Azərbaycan üçün sınaq olmayacaq və biz adi rejimdə bu yarışmaları da yüksək səviyyədə təşkil edib keçirəcəyik. Bəlkə Avropa Oyunlarının Azərbaycana ən böyük xeyri onda oldu ki, artıq bizim üçün sınaq adlandırıla biləcək bir şey qalmadı.


Müəllif:

Oxşar xəbərlər