2 İyul 2015 12:56
1 034
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən gün "Bakı-2015" Birinci Avropa Oyunları Əməliyyat Komitəsində Avropa Oyunlarının ulduz elçiləri ilə görüş keçirilərək, onlara xatirə mükafatları təqdim olunub. Məlumat üçün bildirək ki, "Bakı-2015" Avropa Oyunlarının ulduz elçiləri əməkdar artist Tünzalə Ağayeva, Murad Dadaşov, Rafael İsgəndərov, Coşqun Rəhimov, müğənnilər Röya, Eldar Qasımov, Nigar Camal, Miri Yusif, "KVN"çilər Cabir İmanov, Tahir İmanov, Bəhram Bağırzadə, şoumen İlkin Həsəni, Hacı Nuran, Azər Qərib, Dj Shock olub.

"I Avropa Oyunları dünya idman hərəkatında xüsusi tədbir kimi yadda qalacaq"

Mərasimi giriş sözü ilə açan Avropa Oyunları Əməliyyat Komitəsinin əməliyyatlar üzrə baş icraçı direktoru Saymon Kleq ulduz elçilərin Avropa Oyunlarındakı işini yüksək qiymətləndirib. O bildirib ki, elçilərin Avropa Oyunlarının əhali arasında populyarlaşmasında, daha çox insanların bu yarışlara cəlb olunmasında əvəzsiz xidmətləri olub: "Siz tanınmış simalar kimi Avropa Oyunlarında çox əziyyət çəkdiniz. Hamınıza təşəkkürümü bildirirəm. Azərbaycanda tanınmış şəxs olduğunuza görə bilirəm ki, cədvəliniz çox gərgin olub. Amma Avropa Oyunları ərzində siz təmənnasız olaraq vaxtınızı ayırıb bu tədbirin yüksək səviyyədə keçməsi üçün zəhmət çəkmisiniz. Bizim heyətlə işlədiyinizə, oyunların uğurlu keçirilməsinə verdiyiniz töhfəyə görə sizə dərin minnətdarlığımı bildirirəm. Sözsüz ki, adınızla, şəxsiyyətinizlə Avropa Oyunlarına ayırdığınız vaxt ərzində gördüyünüz işlərlə nəinki Bakıda, eləcə də, bölgələrdə yaşayan insanların diqqətini "Bakı-2015"-ə cəlb edə bildiniz. İki ildir ki, Azərbaycandayam və diqqət etmişəm ki, azərbaycanlılar qonaqlıqlara gec gəlir, amma gələndən sonra onların qarşısını almaq olmur. Sizin zəhmətiniz niyə lazım idi? Məhz sizlər insanları bu tədbirlərə vaxtı-vaxtında gəlməyə sövq edirdiniz. Siz bunu layiqincə bacardınız. Avropa Oyunlarının məşəli Atəşgah məbədində yandırılan gün, daha sonra onun müxtəlif regionları gəzə-gəzə Bakıya qayıtması prosesində insanların fəal iştirakı sizin səyləriniz nəticəsində mümkün olmuşdu. Avropa Oyunlarının belə yüksək səviyyədə həyata keçirilməsində yalnız BEGOC-un adını çəkmək düzgün deyil. Bir neçə ildən sonra insanlar I Avropa Oyunlarını xatırlayanda onların yaddaşında idmançıların əldə etdiyi medallar qalacaq. İstərdim ki, həm Azərbaycanın tarixində, həm də dünya idman hərəkatının tarixində xüsusi tədbir kimi yadda qalacaq I Avropa Oyunlarına verdiyiniz töhfələrə görə hər birinizə təşəkkürümü bildirirəm. Ümid edirəm ki, gələcəkdə sizinlə mənim həyatım yenə kəsişəcək".

"İstəyimizə çatdıq"

"Bakı-2015" Avropa Oyunlarının Əməliyyat Komitəsinin korporativ direktoru Elçin Səfərov elçiləri təbrik edib, onların bu məsuliyyətli işə təsadüfi seçilmədiyini deyib. Onun sözlərinə görə, seçim edərkən tanınmışların cəmiyyətdə necə sevilməsi, hansı formada sevilməsi önəmli rol oynayıb: "Mən sizin hamınıza təşəkkür edirəm, siz isə öz fanatlarınıza təşəkkür edin. Sizin adlarınız olan siyahı ilə tanış olanda öncə belə bir sual ortaya çıxdı "Niyə məhz siz? Niyə başqaları yox?..." Sonra başa düşdük ki, siz, həqiqətən, cəmiyyətdə sevilirsiniz və məhz fanatlarınızın sayına görə elçi seçildiniz. Siz bu əməyinizlə Avropa Oyunlarına, Azərbaycana böyük xidmət göstərdiniz. Çətin iş idi, biz o vaxt hazırlıqlara başlayanda Avropa Oyunları barədə cəmiyyətdə tam fikir formalaşmamışdı. Çox şükür ki, bu gün heç kimdə şübhə qalmayıb ki, çəkdiyimiz əziyyət əbəs yerə olmayıb. Biz nəyi istəyirdiksə, ona da çatdıq. Mən sizə uğurlar arzu edirəm və istəyirəm ki, heç vaxt gündəmdən düşməyəsiniz".

"Gənc Azərbaycanın tarixini birgə yazdıq"

Azərbaycan Gənclər Fondunun direktoru Fərhad Hacıyev üzünü elçilərə tutub: "Siz ən seçilmişlərin seçilmişisiniz. Bizim gənclər sizi çox istəyir və məncə, siz özünüz də bununla fəxr edə biləsiniz. Şadam ki, sizinlə birgə müasir, gənc Azərbaycanın, eləcə də Avropanın tarixini yazdıq, dünyanın idman tarixinə öz töhfəmizi verdik. Bu, hər bir elçinin, hər bir könüllünün xatirində qalacaq anlar idi. Belə gözəl idman bayramına görə ölkə başçısına təşəkkür edirik. Həm Cənab Prezident İlham Əliyev, həm də ilk Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban xanım Əliyeva əllərindən gələni etdi ki, Avropa Oyunları ölkəmizin bayramına çevrilsin".

Daha sonra mərasimdə iştirak edən ulduz elçilər Avropa Oyunları ilə bağlı fikirlərini "Gündəlik Teleqraf"la bölüşüb.

"Bütün idman tədbirlərində səfir biz olaq"

Ulduz elçilərdən biri, tanınmış jurnalist Azər Qərib elit idman yarışında dörd faktorun əhəmiyyətini diqqətə çatdırıb: "Avropa Oyunlarının yekununda özüm üçün dörd əhəmiyyətli faktoru dəqiqləşdirdim. Bunlar təhlükəsizlik sisteminin yüksək səviyyədə qurulması, peşəkar təşkilatçılıq, Azərbaycan idmançılarının uğurlu çıxışları və əlbəttə ki, könüllülərin işi idi. Bütün səfirlər adından Avropa Oyunlarında əməyi olan hər kəsə təşəkkürümü bildirmək istəyirəm. Və belə bir təklif var ki, bundan sonra Azərbaycanda keçirilən bütün idman tədbirlərində səfir biz olaq".

"Göz yaşlarımı saxlaya bilmədim"

Ulduz elçi, əməkdar artist Tünzalə Ağayeva deyib ki, Avropa Oyunları ilə dünya Azərbaycanın nələrə qadir olduğunu gördü: "Bu gün çox xoşbəxtəm. Bütün sənət dostlarım kimi mən də eyni xoşbəxtliyi, eyni qüruru yaşayıram. İlk növbədə Cənab Prezidentimizə, onun xanımı Mehriban Əliyevaya çox təşəkkür edirəm ki, biz azərbaycanlılara, məmləkətimizə belə bir bayram yaşatdılar. Bu, sadəcə, idman yarışı deyildi. Bu, dünyanın, millətlərin bir araya gəlməsi, eyni zamanda Azərbaycanın nə qədər sülhsevər, qonaqpərvər, bütün mədəniyyətləri qucaqlayacaq qədər imkanlara, gücə sahib olmasının sərgilənməsi idi. Baxın, biz belə böyük ürəyə sahibik. Mən Avropa Oyunlarında birlik, insanlarımızın həmrəy olduğunu gördüm. Bunlar hamısı insanı xoşbəxt edir. Xoşbəxtik ki, bu işdə bizim kiçik də olsa, töhfəmiz var. Hər bir səfir hansısa bir idman növünü təmsil edirdi. Və bu neçə günlər ərzində hamımız təmsil etdiyimiz idman növü ilə məşğul idik. Sağ olsun tamaşaçılarımız, soydaşlarımız deyilən mesajlara, bütün təbliğata həssaslıqla yanaşdılar, çox böyük qarşılıq verdilər. Biz oyunlar zamanı bunun şahidi olduq. Müxtəlif idman arenalarına gedəndə görürdük ki, boş yerlər yoxdur, əksinə, insanlar ayaq üstə durub yarışları izləyirlər. Avropa Oyunlarının açılış mərasimi çox möhtəşəm keçdi. Hətta o qədər möhtəşəm oldu ki, mən göz yaşlarımı saxlaya bilmədim. Açılış mərasimin davam etdiyi müddətdə çox həyəcanlı anlar yaşanırdı. Mən bol-bol dua edirdim ki, Rəbbimiz məmləkətimizi, dünyamızı qorusun. Bağlanış mərasimi isə tamamilə başqa möhtəşəmliyi özündə əks etdirirdi. Hər şey çox yüksək səviyyədə keçdi və bəzi qüvvələrin bu oyunlara, bizlərə ləkə gətirmək istəkləri boşa çıxdı. Biz, sadəcə, özümüz olduq. Biz özümüzü boş söhbətlərlə yox, ortada mövcud olan möhtəşəm, uğurlu layihə ilə göstərdik. Azərbaycan budur".

"Bağlanış mərasimi yenilik idi"

Badminton üzrə ulduz elçi olan, "Eurovision"ın qalibi Nigar Camal Avropa Oyunlarının başa çatmasına görə kədərləndiyini deyib: "Azərbaycanda keçirilən Avropa Oyunları çox möhtəşəm keçdi. Buna görə çox qürurluyam. Avropa Oyunları başa çatıb və buna görə kədərlənirəm. Çünki Avropa Oyunlarına hazırlıqlar ərəfəsində, eləcə də, oyunlar zamanı Bakıda, ümumiyyətlə bütün Azərbaycanda çox gözəl ab-hava yaşanırdı. Arzu edirəm ki, növbəti illərdə Bakıda keçiriləcək idman oyunları da belə yüksək səviyyədə baş tutsun. O ki qaldı açılış və bağlanış mərasimlərinə... Onu deyə bilərəm ki, bütün dünya Avropa Oyunlarının açılışından danışır və bundan sonra da danışacaq. İnanmıram ki, belə bir şounu kimsə təkrarlaya bilsin. Bağlanış mərasimi isə gənclər üçün çox əla düşünülmüşdü. Burada da başqa bir formada yenilik oldu".

"İnsanlar zəng edib məsləhət alırlar"

Ulduz elçi, tanınmış aparıcı Hacı Nuran Avropa Oyunlarının əhəmiyyətini belə izah edib: "Elçi kimi bizim üzərimizə düşən vəzifə təbliğat işlərini düzgün formada həyata keçirmək idi. Əsas təbliğat vasitəmiz də televiziya idi. Mütəmadi verilişlərdə iştirak edirdik, Avropa Oyunlarının bilet satışı ilə bağlı məlumatlar verirdik. Bilirsiniz ki, mən hər zaman fiziki məhdudiyyətli insanlarla çalışmışam və onlara da təmənnasız biletlər verilirdi. Avropa Oyunlarının Azərbaycan üçün əhəmiyyəti böyükdür. Birincisi, bu oyunlar Azərbaycan xalqında idmana həvəs oyandırdı. İndiyə kimi insanlar zəng edib, idman federasiyalarının yerini soruşurlar, idmanla bağlı suallarını bizə ünvanlayırlar, məsləhətləşirlər. İkincisi, Avropa Oyunları üçün istifadəyə verilən komplekslər bizə qalacaq. Sabahdan, birigündən hər kəs bu arenalardan yararlana biləcək. Üçüncüsü, Avropa Oyunları ilə dünyada təbliğat işimizi həyata keçirdik. Bilirsiniz ki, mən bir neçə il xaricdə yaşamışam. Hər zaman azərbaycanlı olduğumu deyəndə, tanımırdılar. Artıq bilirəm ki, Avropa Oyunlarından sonra hər kəs Azərbaycanın xəritədə yerini, onun necə gözəl ölkə olduğunu gördü".

Nərmin Muradova


Müəllif:

Oxşar xəbərlər