5 İyul 2014 12:12
1 126
12 Punto 14 Punto 16 Punto 18 Punto
İqor Qirkinin başçılıq etdiyi silahlı separatçılar gecə Ukrayna ordusunun mühasirəsindəki şəhərdən qaçıblar

Ukraynanın şərqində son aylar separatçı-terrorçu qruplaşmaların əsas dayaq nöqtəsinə çevrilmiş və “alınmaz qala” adlandırılan Donetsk vilayətinin Slayvansk şəhəri nəhayət ki, azad edilib. Bu gün səhər yerli sakinlər sosial şəbəkələrdə bu haqda xəbərlər paylaşıblar.

Ukrayna ordusunun Slavyansk ətrafındakı bütün strateji nöqtələri ələ keçirməsi və son olaraq şəhərə bitişik Nikolayevka qəsəbəsini ağır döyüşlərdən sonra azad etməsindən sonra separatçılar və Rusiyadan gəlmiş muzdlular Slavyansk şəhərini tərk etməyə qərar veriblər. Onlar iyulun 5-nə keçən gecə Slavyanskdan çıxaraq Kramatorsk şəhəri istiqamətində Ukrayna ordusu və Milli Qvardiyasının mühasirəsini yarıblar. Bu zaman Ukrayna artilleriyası və aviasiyası onlara zərbələr endirib.

Donetskdə fəaliyyət göstərən “OstroV” saytının baş redaktoru Sergey Qarmaş “Twitter” səhifəsində bütün silahlıların Slavyansk şəhərini tərk etdiyini yazıb: “Blok-postlar boşdur. Şəhər milis idarəsi boşdur. Bütün girovlar qaçıb”.

Şahidlərin sözlərinə görə, terrorçuların ələ keçirdiyi milis idarəsində saxlanılan girovlar gecə hər hansı mühafizənin olmadığını görüblər, lakin qorxduqları üçün səhərə qədər gözləməyə qərar veriblər. Səhər açılan kimi isə qaçıblar.

Slavyansk sakini Pyotr Dudnik də əvvəl silahlı separatçıların qaldığı kilsənin boş olduğunu yazıb: “Bizim kilsədə hərbi formada bir nəfər də qalmayıb”.

Ukraynanın daxili işlər naziri Arsen Avakov da son durumla bağlı açıqlama verib. O bildirib ki, Slavyanskdakı silahlıların lideri, “Donetsk Xalq Respublikası”nın “müdafiə naziri”, Rusiya vətəndaşı, “Strelkov” ləqəbli İqor Qirkin qaçıb: “Səhər kəşfiyyat məlumat verdi ki, Qirkin və silahlıların böyük hissəsi Slavyanskdan qaçıb. Onlar Qorlovka istiqamətində hərəkət edirlər və yol boyu onları bizim qüvvələrimiz “qarşılayır”. Terrorçular itki verir və təslim olurlar”.

Qeyd edək ki, 120 min nəfər əhalisi olan Slavyansk şəhəri Ukraynanın şərqində separatçıların ələ keçirdiyi ilk şəhərlərdən biri olub. Şəhər aprelin 12-dən bəri separatçıların nəzarətində idi və hətta “ikinci Stalinqrad” adlandırılırdı.

/apa/


Müəllif: