Alternativ Almaniya Partiyası ölkədə müsəlman və yəhudi uşaqlarının sünnət edilməsinə qadağa tətbiq olunmasını təklif edir.
Teleqraf.com xəbər verir ki, məsələ bu həftə Alternativ Almaniya Partiyasının qurultayında müzakirəyə çıxarılacaq.
Müsəlman və yəhudi uşaqlarının sünnət edilməsinə qadağa cəhdi Almaniyada yeni məsələ deyil.
2012-ci ildə Sosial Demokrat Partiyasının 60 deputatı, habelə Yaşıllar Partiyası Bundestaqa müsəlman və yəhudi uşaqlarının yalnız 14 yaşından sonra sünnət edilməsinə icazə verilməsini təklif edən qanun layihəsi hazırlamışdı. O zaman Almaniyada yaşayan yəhudi və müsəlmanlar buna sərt reaksiya vermişdilər. Kansler Angela Merkel başda olmaqla parlamentin böyük çoxluğu sünnət qadağasına qarşı idi.
434 deputatın səsi ilə məsələ siyasi gündəmdən çıxmışdı .
İndisə Almaniya Alternativ Partiyası yenidən bu məsələni qaldırmağı planlaşdırır.
Analitiklər hesab edirlər ki, əslində Alternativ Partiya sünnət qadağasını siyasi gündəmə gətirməklə millətçi kəsim arasında nüfuzunu artırmağa çalışır.