Suriya lideri Bəşər Əsəd Astana prosesini sabotaj edir.
Teleqraf.com xəbər verir ki, Türkiyə, Rusiya və İran arasında əldə edilən razılaşmaya əsasən, təhlükəsiz ərazi elan olunan İdlibə Bəşər Əsəd rejiminə aid olan qırıcı və helikopterlərin hücumlarının sayı artıb.
Xüsusilə, bölgədə yerləşən Cercenaz, Etarip, Əbu Dali, Melluh, Sincar, Zeytun və Mesluhiyəyə hücumlar həyata keçirilir.
Yerli mənbələr qeyd edirlər ki, son 4 gündə Bəşər Əsəd ordusuna məxsus qırıcıların həyata keçirdiyi hücumlar zamanı yüzdən çox mülkü insan öldürülüb. Xüsusilə, Cercenaz bölgəsində mülkü əhaliyə aid evlər böyük ziyan görüb.
Xatırladaq ki, sentyabrın 14-də Astanada keçirilən Türkiyə, Rusiya və İran görüşü zamanı İdlibdə gərginliyi azaltmaq qərara alınıb. Bu qərardan sonra Türkiyə İdlibdə təhlükəsizliyi gücləndirmək məqsədilə 12 məntəqə qurub.
Onu da qeyd edək ki, Həma və İdlibin cənubuna hava hücumları həyata keçirən Bəşər Əsəd rejiminə aid hərbi təyyarə Azad Suriya Ordusu tərəfindən vurulub.