8 Fevral 2018 15:59
1 993
12 Punto 14 Punto 16 Punto 18 Punto

İdlibdə rus qırıcısının vurulmasından sonra mütəxəssis MANPAD silahının terrorçuların əlinə necə düşdüyü ətrafında müzakirələrə başlayıb.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, rusiyalı hərbi ekspert Vadim Saranov Suriyada MANPAD kimi tanınan daşına bilən hava hücumundan müdafiə sistemlərinin ilk dəfə 2012-ci ildə istifadə edildiyini və bu silahla terrorçuların Suriya ordusuna məxsus Mi-8 helikopterini vurduğunu xatırladıb:

“Terrorçular ən çox sovet və rus istehsalı MANPAD-lardan istifadə edirdi. Münaqişə bölgəsindən gələn foto və videolarda döyüşçülərin İqla və Strela sistemlərindən istifadə etdiyi aydınlaşır. Sovet istehsalı sistemlərlə azı 3 ədəd Mi-8 helikopteri, bir ədəd MiQ-21, MiQ-23, Su-22 və L-39 qırıcıları vurulub. Bundan başqa, MANPAD təkcə İŞİD və Nüsrə Cəbhəsində deyil, suriyalı müxaliflərdə də var. Hazırda Suriya Prezidenti Bəşər Əsədə sadiq qüvvələrdə minlərlə bu cür silah var. Ola bilsin ki, terrorçular bu silahları Əsəd ordusundan götürüb. Bu, birinci ehtimaldı”.

Saranov terrorçuların silahları Liviyadan alması ehtimalını da istisna etməyib:

“İkinci ehtimala görə, terrorçular silahları Liviyadan oğurlayıb. Qəzzafi rejimi devrildikdən sonra böyük silah anbarları talan edilib. Qərb mediası 2011-ci ildə Liviya ordusuna məxsus 20 min hava hücumundan müdafiə sistemlərinin yoxa çıxdığını, yüzlərlə MANPAD-ın ölkə xaricinə satıldığını yazmışdı”.

Üçüncü ehtimalı Rusiya Xarici Kəşfiyyat İdarəsinin nümayəndəsi İqor Morozov səsləndirib. Onun fikrincə, terrorçular silahları Şərqi Avropadan, daha dəqiq desək, Ukraynadan əldə edib:

“Ukraynanın Kalinovka şəhərindəki hərbi depoda ötən il güclü yanğın baş verdi. Ukraynalı rəsmilər yüzlərlə silahın oğurlandığını aşıqladı. Hazırda terrorçuların bu silahlardan istifadə etdiyi iddia oluna bilər”.

Rusiyanın Siyasi və Analiz İnstitutunun nümayəndəsi Aleksandr Xramçinin isə ehtimalına görə, terrorçuların MANPAD-a yiyələnməsində Bolqarıstanın böyük rolu var:

“Əsədə qarşı döyüşən bütün suriyalı qrupların başlıca silah tədarükçüsü Boqarıstandır. Bu ölkə aktiv şəkildə silah istehsal edərək, Yaxın Şərqə satır və bunu gizlətmir”.

Daha bir ehtimal Rusiya Strateji Konyuktura Mərkəzinin Direktoru İvan Konovalovdan gəlib. O, sistemlərin Çindən Sudana, Qətərdən isə Suriyaya satıldığını bildirib.


Müəllif: Samir İsayev

Oxşar xəbərlər