31 Oktyabr 2018 15:38
873
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstanda prezident seçkisinin ikinci turu dekabrın 2-də keçiriləcək. Birinci turda əsas rəqabət hakimiyyətin dəstəklədiyi Salome Zurabişvili və Qriqol Vaşadze arasında getdi. Müxalifət birinci turda əsas istəyinə nail oldu. Salome Zurabişvili birinci turda prezident seçilə bilmədi.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

O qeyd edib ki, S.Zurabişvili 40 faizə yaxın səs topladı, ikinci yeri tutan Q.Vaşadze isə ondan cəmi 1-2 faiz geri qaldı:

“Salome Zurabişvilini hakim “Gürcü Arzusu” Partiyası və hakimiyyəti idarə edən Bidzina İvanişvili dəstəkləyirdi. Yəni inzibati resurs Salome Zurabişvilinin tərəfində idi. Onda niyə Zurabişvili birinci turda qələbə çala bilmədi? Bunun bir neçə səbəbi var”.

E.Şahinoğlunun sözlərinə görə, birincisi, S.Zurabişvili müsahibələrinin birində dedi ki, 2008-ci ildə Rusiya-Gürcüstan müharibəsinin başlamasının səbəbkarı Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili idi:

“Bu açıqlama Gürcüstanda tənqid olundu. Çünki Gürcüstan 10 ildir dünyaya sübut etməyə çalışır ki, Rusiya 2008-ci ildə Gürcüstana hücum edib. Zurabişvilinin sözlərindən isə belə çıxdı ki, müharibənin səbəbkarı Gürcüstan olub. Bu açıqlama Gürcüstanın beynəlxalq aləmdə imicinə də zərbə vura bilərdi.

İkincisi, Salome Zurabişlvili Gürcüstanda yaşayan ermənilərlə görüşdə Azərbaycanın və Türkiyənin ünvanına xoş olmayan açıqlamalar verdi. Bu açıqlama Gürcüstan azərbaycanlılarının qəzəbinə səbəb oldu. Ona görə də Gürcüstanda yaşayan azərbaycanlıların əksəriyyəti prezident seçkisinin birinci turunda Qriqol Vaşadzeyə və David Bakradzeyə səs verdilər. Azərbaycanlıların səsi həlledici oldu. Azərbaycanlıların əksəriyyəti Salome Zurabişviliyə səs versəydi, o elə birinci turda prezident seçilərdi.

Üçüncüsü, gürcülərin bir hissəsi keçmiş prezident Mixail Saakaşvilini Gürcüstana qayıtmasını istəyir. Ona görə də gürcülərin bir hissəsi Qriqol Vaşadzeyə və David Bakradzeyə səs verdilər. Hər ikisi Mixail Saakaşvilinin tərəfdarıdır.

Beləliklə, Qriqol Vaşadzenin ikinci turda prezident seçilmə şansı yüksəkdir. Çünki prezidentliyə bütün müxalif namizədlər ikinci turda tərəfdarlarını Qriqol Vaşadzeyə dəstək verməyə çağırıblar. Üçüncü yeri tutan David Bakradze birinci turda 10 faiz səs topladı. Bu səslərin bir hissəsi ikinci turda Qriqol Vaşadzeyə verilsə, onun prezident seçilməsi təmin olunacaq”.

E.Şahinoğlu qeyd edibki, bu arada iki sual da səsləndirilir: “Birinci sual ondan ibarətdir ki, Qriqol Vaşadze prezident seçilərsə Mixail Saakaşvili Gürcüstana qayıdacaqmı? İkinci sual isə “Vaşadzenin qələbəsində sonra Gürcüstanda erkən parlament seçkiləri keçirilə bilərmi” şəklindədir.

Qriqol Vaşadze prezident seçilərsə Mixail Saakaşvilinin geri qayıdışı mümkündür. Ancaq Gürcüstanda parlament və baş nazirin səlahiyyətləri prezidentdən yüksəkdir. Ona görə də prokurorluq Mixail Saakaşvilini həbs etməyə çalışacaq. Ona görə də hətta Vaşadze prezident seçilərsə Saakaşvilinin geri qayıdışı risklidir. Buna baxmayaraq, Mixail Saakaşvili dəfələrlə sübut edib ki, o qorxaq siyasətçi deyil və mübarizəyə hazırdır. Ona görə də də Saakaşvili Vaşadzenin qələbəsində sonra Gürcüstana qayıda bilər.

Qriqol Vaşadzenin ikinci turda prezident seçilməsi o demək olacaq ki, gürcülərin hakim partiyaya və Bidzina İvanişviliyə dəstəyi azalıb. Bu baxımdan Vaşadzenin qələbəsi Gürcüstanda erkən parlament seçkisini də aktuallaşdıra bilər”.

Analitik qeyd edib ki, Q.Vaşadzenin prezident seçilməsi Azərbaycanın da maraqlarına cavab verir:

“Qriqol Vaşadze və David Bakradze seçki kampaniyası zamanı dəfələrlə Gürcüstanda yaşayan azərbaycanlılarla görüşüblər. Hər iki namizəd Azərbaycanla əlaqələrə xüsusi əhəmiyyət verirlər. Digər tərəfdən Vaşadze və Bakradzenin Saakaşvili tərəfdarı olmaları da Azərbaycan üçün faydalıdır. Çünki Azərbaycan hakimiyyətinin, siyasi dairələrinin və cəmiyyətinin Mixail Saakaşviliyə simpatiyası var. Mixail Saakaşvili Gürcüstan prezidenti olduğu illərdə Azərbaycanla strateji münasibətlər qurmuşdu, Gürcüstanda yaşayan azərbaycanlıların problemlərinin həlli ilə məşğul idi. Azərbaycanda bunu unutmayıblar.

Buna baxmayaraq, Salome Zurabişvili seçilsə də Gürcüstan-Azərbaycan münasibətlərində problem olmayacaq. Gürcüstanın Azərbaycana ehtiyacı var. Gürcüstan Azərbaycanın bütün enerji layihələrində iştirak edir, bu layihələrdən maliyyə qazanır. SOCAR Gürcüstanın əsas investorlarındandır. Azərbaycan Gürcüstana ucuz qaz satır. Bütün bunları nəzərə alaraq, Gürcüstanda istənilən prezident və istənilən baş nazir Azərbaycanla strateji əməkdaşlığı qorumaq məcburiyyətindədir”.


Müəllif: Səxavət

Oxşar xəbərlər