Prezident Trampın qərarına uyğun olaraq, ABŞ ordusu Suriyanı tərk edir. Ancaq belə bir sual yaranır ki, bu ordu Suriyaya niyə girmişdi və indi niyə oranı tərk edir? Bax, bu sualların cavabı yoxdur. Əslində isə Tramp bir siyasətçi olaraq yalançıdır.
Bu fikirləri Teleqraf.com-a politoloq Rasim Ağayev ABŞ ordusunun Suriyadan çıxarılması haqqında prezident Donald Trampın son qərarını şərh edərkən deyib.
Rasim Ağayev bildirib ki, Tramp Suriyadan çıxaracağı ordunu daha qonşu ölkədə - zəngin İraqda yerləşdirəcək:
“Üstəlik, ABŞ-ın Suriyada iki minə yaxın desant briqadası qalacaq. Bu ümumilikdə Əsəd ordusundan güclü silahlı qüvvədir. Söhbət Suriyadakı ABŞ-ın 10-15 minlik hərbi kontingentindən gedir. ABŞ bu sayda ordunu Suriyada qatara mindirib Vaşinqtona apara bilməz. Həm də hesab edirəm ki, Trampın son yalanı budur. Sabah Suriyada ABŞ-ın 2 min deyil, 5 min hərbçisi ola bilər. Kimdir gəlib oradakı ABŞ ordusunu yoxlayan?
Əslində ABŞ-ın Suriyadan belə asanlıqla çıxması ağlabatan deyil. Nəzərə almaq lazımdır ki, Pentaqon, digər nazirliklər, güclü hərbi lobbilər var. Hələ ortada heç nə yoxdur, artıq müdafiə naziri istefa verdi.
Ən yaxşı halda ABŞ Suriyada olan əsgərinin bir hissəsini çıxaracaq. SSRİ Əfqanıstandan ordusunu qəfil çıxardı. Hamısı çıxdı və sonda da dedilər, əlvida Əfqanıstan. Belə çıxarlar. Amma Suriyada belə proses baş vermir. Əslində diqqətlə baxanda ortaya belə bir gerçəklik çıxır ki, ABŞ daha çox İraqa meyl edir. Nəzərə alın ki, Suriya ilə müqayisədə İraq daha zəngindir.
Mən inanmıram ki, Tramp bütün ABŞ əsgərlərini Suriyadan çıxarsın. Hesab edirəm ki, bu, Trampın növbəti hərbi-siyasi gedişidir”.
Politoloq daha sonra qeyd edib ki, artıq prezident Trampın impiçment edilməsi məsələsi günü-gündən reallığa çevrilir:
“Başqa variant qalmır. Tramp sabah elə addımlar ata bilər ki, ABŞ bir dövlət kimi çox ciddi zərbələr alar. Odur ki, ya impiçment məsələsi ortaya çıxmalıdır, ya da Trampa ciddi nəzarət olunmalıdır. Aydındır ki, Tramp ikinci dəfə seçilə bilməyəcək”.