18 Yanvar 2019 15:00
986
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ümumdünya Səhiyə Təşkilatı (ÜST) 2019-cu ildə dünyanı təhdid edəcək ən böyük 10 təhlükə barədə hesabat yayıb.

Teleqraf.com xəbər verir ki, ÜST hesabatda bu təhdidlərlə mübarizədə 5 illik plan və həll variantlarını da təqdim edib.

Hesabata əsasən, atmosferin çirklənməsi, depressiya və peyvənd olmaqdan imtina edənlər və s. bu il insanların səhhətlərinə mənfi təsir edəcək təhdidlər arasındadır.

Yolxucu xəstəliklər, müalicə oluna bilən xəstəliklər, ürək və ağciyər xəstəlikləri də hesabata daxil edilib.

Qeyd edilib ki, hazırda 1.6 milyarddan çox insan quraqlıq, aclıq və müharibələrin baş verdiyi ölkələrdə yaşamaq uğrunda mübarizə aparır. Onlar öz ehtiyaclarını ödəyə bilmirlər.

ÜST-ə görə, 2030-2050-ci illər aralığında qlobal isinmə səbəbindən ortaya çıxan qida çatışmazlığı, ishal, ifrat istilik və qızdırma kimi amillər 250 mindən çox insanın həyatına son qoya bilər.

Diabet, xərçəng və ürək çatışmazlıqları kimi xəstəliklər isə baş verəcək ölümlərin 70 faizini təşkil edəcək.

ÜST-ün 2019-cu ildə insanların səhhətlərini təhdid edəcək təhlükələri belə sıralayıb:

— Peyvəndə qarşı müqavimət

— Qlobal qrip virusu

— Atmosferin çirklənməsi və qlobal istiləşmə

— Qeyri-yolxucu xəstəliklər

— Həyat standartlarının aşağı düşməsi

— Mikroblara qarşı mübarizənin zəifləməsi

— Ebola və digər ölümcül yoluxucu xəstəliklər

— Keyfiyyətsiz səhiyyə xidmətləri

— Danq – qızdırmalı yoluxucu xəstəlik

— QİÇS


Müəllif: Mənsur Rəğbətoğlu