22 Yanvar 2019 15:54
774
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın müdafiə nazirinin keçmiş müavini general Manvel Qriqoryanın yenidən həbsinə qərar verilib.

Teleqraf.com erməni mətbuatına istinadla xəbər verir ki, bu barədə qərarı Baş Prokurorluğun şikayəti əsasında Ermənistanın Apelyasiya Məhkəməsinin hakimi Arsen Nikoqosyan qəbul edib.

Qeyd edək ki, Eçmiədzindəki aksiyalardan sonra Qarabağa qaçan Manvel Qriqoryanın bəyanatı birmənalı qarşılanmamışdı. O, yenidən həbsinə dair tələbə “Əgər məni yenidən həbs etmək fikrinə düşsələr, məhkəməyə gəlməkdən imtina edəcəyəm, çünki artıq başqa bir respublikadayam”, - deyə reaksiya vermişdi.

Xatırladaq ki, Manvel Qriqoryan dekabrın 21-də girov müqabilində sərbəst buraxılmışdı. Baş Prokurorluq isə məhkəmə qərarından apelyasiya şikayəti vermişdi. Baş nazir Nikol Paşinyan Eçmiədzində kütləviləşən aksiyalardan sonra Qriqoryanın həbsdən buraxılmasından bixəbər olduğunu və məsələ ilə maraqlanacağını bildirmişdi.

Qriqoryan silah-sursatların qanunsuz saxlamasında və böyük miqdarda pulun mənimsənilməsində ittiham edilir. General həmçinin arvadı Nazik Əmiryan vasitəsilə iki avtomobil dolu mal əti konservini aradan çıxarmağa cəhd göstərmiş, İrəvanın Taronts küçəsində üzərində “Əsgər payı. Satış üçün deyil” markalanması olan 2980 qutu mal əti konservi ilə yüklənmiş “UAZ” və “Qaz” avtomobilləri Baş Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfində saxlanılmışdı.


Müəllif: Nərgiz