2 Mart 2019 17:36
605
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Konqresinin üzvü, 2020-ci il seçkilərində prezidentliyə namizədliyini irəli sürmüş Tulsi Qabbard Vaşinqtonun rejimləri dəyişdirmək həvəsinin Birləşmiş Ştatların öz təhlükəsizliyinə ziyan olduğunu bildirib.

Teleqraf.com-un məlumatına görə o bu barədə “FoxNews” telekanalına danışıb.

Konqres üzvü qeyd edib ki, nüvə silahı Şimali Koreya liderinin hakimiyyəti qorumaq üçün yeganə dayağıdır və bu ölkənin tərksilah ilə bağlı danışıqların heç bir perspektivi ola bilməz.

Onun sözlərinə görə, əksər ölkələrdə Amerika müdaxiləsi fəlakətlərlə nəticələnir və siyasətçilər bütün bu kataklizmləri “humanitar aksiya” kimi qələmə verirlər. Özünün vaxtilə ABŞ Milli Qvardiyasının əsgəri olduğunu da xatırladan Qabbard qeyd edib ki, onu iki dəfə Yaxın Şərq regionuna göndəriblər və orada müharibənin bütün dəhşətlərinin şahidi olub: “Konqres üzvü olduğum son altı ildə mən xarici işlər və silahlı qüvvələr komitələrində çalışmışam. Burada hər iki partiyadan olan siyasətçilərin yalnız öz maraqlarını müdafiə etdiklərini, müxtəlif ölkələrdə rejimlərin hərbi yolla dəyişdirilməsini təbliğ etdiklərini görmüşəm.

Onlar düşünürlər ki, ABŞ özünü “dünya jandarmı” kimi aparmalıdır, biz xoşumuza gəlməyən ölkələrin başçılarını devirməliyik və sair.

Lakin unudurlar ki, Amerika xalqı bu prosesdə trilyonlarla dollar itirir, biz silahlı münaqişələr olan ölkələrin xalqlarına böyük əzablar yaşadırıq, ən başlıcası isə, öz təhlükəsizliyimizə zərbə vururuq”.

ABŞ prezidentliyinə namizəd əlavə edib ki, bir çox siyasətçilər Amerika xalqının bütün dünyada xeyirxahlıq nümunəsi göstərmək istəyinə qarşı “humanitar aksiyalar” adı altında rejimlərin dəyişdirilməsi planları hazırlayırlar, rejim dəyişikliyi olan ölkələrin xalqları isə bu proseslərin qurbanına çevrilirlər.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər