Türkiyə Yüksək Seçki Kurulunun (YSK) İstanbul bələdiyyə sədri seçkilərinin nəticələrini ləğv etməsi və yeni seçki təyin etməsi haqda məlum qərarından sonra on minlərlə istanbullu küçələrə çıxıb.
Teleqraf.com xəbər verir ki, qələbəsi əlindən alınan Əkrəm İmamoğlu istanbullular qarşısında çıxışında mövqeyini açıqlayıb.
O, bəyan edib ki, seçki zamanı CHP, İyi Partiya, Sol Partiya, MHP və hətta AKP üzvlərinin səsini istəyib: “Biz yola çıxdıqda media yanımızda deyildi, dövlətin heç bir imkanından bəhrələnmirdik. Bizim yanımızda siz vardınız, xalq vardı.
Seçkidən sonra Anadolu Agentliyi 12 saat xəbər paylaşmadı. Bəlkə də 100 ilin media rəzilliyini bizə yaşatdılar.
O gecə demokratiyaya xəyanət etmək istəyənlər gecənin bir anında “3 min səslə qazandıq” açıqlamasını verdilər. Gülün onlara...
Əziz istanbullular sizlərin qərarlılığı, seçki qutularının başında durmanız səbəbindən rəsmi protokolları əldə edə bildik. İnamımız min qat da artıb. Demokratiya mübarizəsi verdiniz, iradə qeyri şərtsiz millətindir dediniz”.
İmamoğlu daha sonra YSK-nın qərarına münasibət bildirib: “YSK qərarını açıqlayıb. Seçki komissiyalarına edilən fövqəladə təzyiq səbəbilə nəticələr ləğv olunub. Eyni komissiyalar 24 iyunda prezidenti seçib. Həmçinin referendum keçirib. O zaman referendum və prezident seçkilərinin nəticələri də şübhəlidir.
Mən İstanbul seçkilərinin anamın südü qədər halal olduğunu bilirəm. Bu millət bizi seçdi. İndi sizə bir söz deyirəm: yolumuz uzun, həyəcanımız yüksəkdir. Biz ədalətə susamış demokratiyaya inamlı türk gəncliyiyik. Bu millətə kimsə maneə ola bilməz.
Bu ölkədə qərar verənlər qəflət, hətta xəyanət içində ola bilərlər. Ancaq biz əsla vaz keçməyəcəyik. Çünki mən bilirəm ki, bu yolla hərəkət edərkən əsla tək getməyəcəyəm. Mən bu yolu 16 milyon insanla birlikdə gedəcəyəm”.
Qələbəsi əlindən alınan İmamoğlu əlavə edib ki, YSK-nın məlum qərarından dərhal sonra Ankaraya gedəcək, burada partiya həmkarları və rəhbərliklə görüşəcək: “Atatürk və bizə əmanət etdiyi prinsiplər üçün ən doğru qərarı verəcəyəm. İndi danışmaq vaxtıdır. Sənətçisi, iş adamı danışacaq. Məni niyə qəbul etmədiklərini sizə deyimmi? Mən bir şəxsdən təlimat almayacağamı, 16 milyon insandan təlimat alacağam dedim. Mən valideynlərimdən halallıq alaraq yola çıxdım.
Burada verdiyim mesajlara inanın, onların da övladları və nəvələrinin həyatlarını xilas edəcəyəm.
Bu gün Türkiyənin ağır iqtisadi durumunu ört-basdır etmək üçün, daha 45 gün qazanmaq naminə belə qərar verə bilərlər. Ancaq sevgi və hörmətlə haqqımızı əldə edəcəyik. Ümidlərinizi itirməyin. Qərarın altından imza atan şəxsləri bu Ramazan ayında Allaha həvalə edirəm”.
Xatırladaq ki, çıxışa başlamazdan əvvəl Əkrəm İmamoğlunun pencəyini çıxarması və köynəyinin qol düymələrini açaraq çırmaması qarşı tərəfə mesaj kimi qiymətləndirilir.