“Komissiya çərçivəsində energetika sahəsində birgə fəaliyyətin koordinasiya edilməsinə dair yüksək səviyyəli işçi qrupunun yaradılması müzakirə ediləcək”
Azərbaycanın energetika naziri Natiq Əliyev Azərbaycan və Rusiya arasında iqtisadi əməkdaşlığa dair Hökumətlərarası Komissiyanın sentyabrın 12-13-də Bakıda keçiriləcək 14-cü iclasında iştirak edəcək.
Azərbaycanın Energetika Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, iclasda Hökumətlərarası Komissiya çərçivəsində energetika sahəsində birgə fəaliyyətin koordinasiya edilməsinə dair yüksək səviyyəli işçi qrupunun yaradılması müzakirə ediləcək.
Eyni zamanda Azərbaycan və Rusiyanın Energetika Nazirlikləri tərəfindən Hökumətlərarası sazişə müvafiq olaraq “İnter RAO” ASC, “SO EES” ASC, “FSK EES” ASC və “Azərenerji” ASC-nin Azərbaycan və Rusiya enerjisi sistemlərinin paralel işləməsinin təmin edilməsi və bu məqsədlə müqavilə əsasında elektrik enerjisinin təchiz edilməsi, təchiz edilən elektrik enerjisinin alqı-satqısına müvafiq dövlət dəstəyinin verilməsinə dair saziş və müqavilələrin imzalanması istiqamətində fikir mübadiləsi aparılacaq.
Bundan əlavə, Azərbaycanla Rusiyanın Energetika Nazirlikləri tərəfindən “SO EES” ASC və “Azərenerji” ASC arasında məlumat mübadiləsinin təmin olunmasına dair sazişin imzalanmasına müvafiq dövlət dəstəyinin verilməsi müzakirə ediləcək.