21 Oktyabr 19:55
410
12 Punto 14 Punto 16 Punto 18 Punto

BMT-nin Cenevrə ofisində təşkilatın İnsan Hüquqları Komitəsinin (İHK) 142-ci sessiyası davam edir.

Teleqraf.com xəbər verir ki, sessiya çərçivəsində bir sıra ölkələrin, habelə Fransanın Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın icrası ilə əlaqədar ölkə hesabatı dinləniləcək.

Qeyd edək ki, Pakta əsasən sənədə qoşulmuş ölkələr BMT Nizamnaməsinə uyğun olaraq faktiki müstəmləkə altında saxladıqları ərazilərdə yaşayan xalqların öz müqəddəratını təyinetmə hüququnun həyata keçirilməsini təşviq etməli və bu hüquqa hörmətlə yanaşmalıdırlar.

Məlum olduğu kimi, hazırda iyrənc kolonializm və neokolonializm siyasəti yürüdən dövlətlərin başında Fransa gedir.

Xatırladaq ki, Bakı Təşəbbüs Qrupu (BTQ) BMT-nin İnsan Hüquqları Komitəsinə Fransanın kolonial siyasətini ifşa edən alternativ hesabat təqdim edib. Həmin hesabat BMT-nin İnsan Hüquqları Komitəsinin rəsmi saytında dərc edilib.

Fransanın milli hesabatından bir gün öncə, oktyabrın 21-də İnsan Hüquqları Komitəsində maraqlı tərəflər üçün iclas keçirilib. İclasda Bakı Təşəbbüs Qrupu və təşkilatın xətti ilə Yeni Kaledoniya və Fransız Polineziyasının nümayəndə heyəti iştirak edib. BTQ-nin icraçı direktoru Abbas Abbasov komitədə bəyanat səsləndirib.

Bəyanatda A.Abbasov Yeni Kaledoniyada Fransa tərəfindən keçirilmiş qeyri-qanuni referendumu qınayıb, Fransanın burada zorla seçki məcəlləsinə konstitusional dəyişiklik etmək istəyini pisləyib. Kanak xalqının etirazına səbəb olmuş Fransanın bu addımı nəticəsində Yeni Kaledoniyada 10-dan çox adamın həlak olduğunu, 400-ə yaxın insanın yaralandığını vurğulayıb.

Bundan əlavə, A.Abbasov Fransanın Polineziyada keçirtdiyi nüvə sınaqlarına görə yerli xalqın sağlamlığına ciddi ziyan dəydiyini diqqətə çatdırıb. Fransız Polineziyası xalqının müstəqillik arzusunda olduğu, Fransanın buna müqavimətinin BMT-nin 67/265 nömrəli qətnaməsinin icrasına maneçilik törətdiyi bildirilib.

A.Abbasov Fransanın əsarəti altında olan digər ərazilərdəki tarixi ədalətsizlik, iqtisadi çətinliklər və suverenliyin çatışmazlığı barədə də söhbət açıb.

O, həmçinin Azərbaycanın Qoşulmama Hərəkatının sədri və hazırda “Troyka” üzvü kimi kolonializmə qarşı mübarizə sahəsində beynəlxalq platformalarda apardığı iş haqqında ətraflı məlumat verib.

A.Abbasov Yeni Kaledoniyada BMT-nin nəzarəti altında yeni referendumun keçirilməsinə, Fransanın bu ölkədən hərbi qüvvələrini çıxartmağa və BMT-nin Xüsusi Dekolonizasiya Komitəsi tərəfindən buradakı vəziyyəti qiymətləndirməyə çağırış edib.

O, eyni zamanda, nüvə sınaqlarına görə Fransız Polineziyasına Fransa tərəfindən kompensasiyanın ödənilməsini tələb edib, Yeni Kaledoniya və Fransız Polineziyası xalqlarının öz müqəddəratını təyinetmə hüququnu tanımağa çağırış edib. BMT-nin bu prosesə nəzarət etməsinin labüdlüyünü vurğulayıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər