21 Oktyabr 16:30
1 248
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisin Regional məsələlər komitəsinin sədri, Yeni Azərbaycan Partiyasının (YAP) təmsilçisi Siyavuş Novruzov Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Bələdiyyələrin birləşdirilməsi hansı əsaslarla həyata keçirilir?

- “Bələdiyyələrin birgə fəaliyyəti, birləşməsi, ayrılması və ləğv edilməsi haqqında" qanuna dəyişiklik edilib. Ölkə üzrə sonuncu bələdiyyə seçkilərinin keçirildiyi ildən sonrakı dörd ilin son iki ili ərzində olan göstəricilər bu xüsusda nəzərə alınır. Beləliklə, əhalisinin sayı 3 000 nəfərdən və ya ev təsərrüfatlarının sayı 1 000 vahiddən az olan bələdiyyələr ləğv edilir. Burada sosial-iqtisadi vəziyyət, tarixi və digər yerli xüsusiyyətlər əsas götürülür. Məhz yekun göstəricilər nəzərə alınmaqla Milli Məclisin qərarı ilə bu tip bələdiyyələr birləşdirilir.

- Sayın azalması nəyə hesablanıb?

- Bu məsələ Milli Məclisin Regional məsələlər komitəsinin iclasında müzakirə edilib. Daha sonra isə qanunun tələblərinə əsasən, bələdiyyələrin birləşməsi ilə bağlı Milli Məclisə təqdim edilən rəylərə baxılıb və nəticədə 1400 bələdiyyənin birləşdirilməsi yolu ilə ölkə ərazisində bələdiyyələrin ümumi sayının 684-ə endirilməsi nəzərdə tutulub. Bununla əlaqədar “Azərbaycan Respublikasında bələdiyyələrin birləşməsi yolu ilə yeni bələdiyyələrin yaradılması haqqında” və “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” qanuna əlavə - “Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik edilməsi barədə qanun layihələri hazırlanıb.

- Böyüyən, mərkəzləşən bələdiyyələrə seçkilər hansı formatda keçiriləcək?

- Bələdiyyələrin birləşməsi, sayının azalması onun idarəçilikdə önə çıxmasına təkan olacaq. Bu ilin dekabrında keçirilməsi nəzərdə tutulan bələdiyyə seçkilərində yeni yaradılacaq bələdiyyə üzrə səsvermə aparılacaq. Birləşən bələdiyyələrdən ən böyüyü mərkəz hesab edilərək adı müəyyənləşəcək. Bütün bələdiyyələr bununla bağlı rəy verib və artıq yeni siyahı hazırdır. Bələdiyyələrin birləşməsi onların maliyyə durumunun yaxşılaşdırılması, effektiv fəaliyyəti, insanların sosial problemlərinin həllində rolu, bələdiyyə mülkiyyətlərinin icarəyə verilməsi və digər məsələlər artıq optimallaşır.

- Yeni format bələdiyyələrin gəlirlərinə necə təsir edicək?

- Atılan addımlar bələdiyyələrin gəlirlərinin artmasına müsbət təsir edəcək. Eyni zamanda bu, bələdiyyələrin gələcək inkişafı üçün stimuldur. Qanunvericilikdə də ardıcıl olaraq bu məsələlərə diqqət artırılacaq.

- Azərbaycanda bələdiyyələrin Türkiyə modelinə uyğun formalaşması nə dərəcədə realdır?

- Türkiyədə idarəçilik sistemi tamam başqa cürdür. Orada polis, vergi, tikinti, müəssisələrin ziyanlı və gəlirli işləməsi ilə bağlı bələdiyyələr qərar qəbul edir. Yol infrastrukturu və digər məsələlər bələdiyyə nəzarətindədir. Azərbaycanda isə hələki vahid regional idarəçilik sistemi ilə bağlı qaydalar yoxdur. Gələcəkdə hansı strukturların qalıb-qalmaması, müəyyən paralellik aradan qalxmalıdır.

- Bələdiyyələrin vergi toplaması ilə bağlı hansı səlahiyyətləri var?

- Yerli vergilərin yığılması ilə bağlı bələdiyyələrin səlahiyyəti var. Amma hazırda bələdiyyənin elə bir potensialı yoxdur ki, bu məsələləri tam şəkildə həll edə bilsin. Bələdiyyənin kadr bazası və geniş strukturu yoxdur. Ona görə də, bir bələdiyyə böyük bir rayonda vergiləri yığa bilmir. Bu isə müəyyən keçid dövründə başqa strukturlara həvalə edilir.

- Belə çıxır ki, Azərbaycanda bələdiyyələrin səlahiyyətində çox az məsələ var?

- Xeyr, belə deyil. Yerlərdə qəbiristanlıqlar bələdiyyələrin mülkiyyətinə keçib. Su, örüş sahələri, bələdiyyə torpaqları da bura daxildir.

- Amma ölkəmizdə normal fəaliyyət göstərən bələdiyyə nümunəsi nədənsə azdır...

- Sözsüz ki, burada say azlığı var. Amma yaxşı işləyən bələdiyyənin dövriyyəsi və vətəndaşların probleminin həllində yaxından iştirakı kimi müsbət nümunələr də mövcuddur.

- Reallıqda isə bələdiyyələr hələ də icra hakimiyyətlərinin kölgəsindən çıxa bilmir...

- Ölkədə bələdiyyələrin kifayətə qədər səlahiyyətləri var. Amma kimsə icra hakimiyyətinin kölgəsindən çıxa bilmirsə, bu, artıq bələdiyyənin özünün problemidir. Bələdiyyələrlə bağlı 20-dən artıq qanun qəbul edilib. Bu qanunlar bələdiyyələrə geniş səlahiyyətlər verir.

- Fakt bələdiyyələrin müstəqil fəaliyyəti gözə dəymir...

- Bələdiyyələr müstəqildir. Onlarda üst qurum yoxdur. Bələdiyyədə yuxarı tabe olacağı bir mexanizm mövcud deyil. Ancaq vətəndaş qarşısında hesablatlıdır.

- Bələdiyyələrin özünü doğrultmamasının səbəbi yəqin ki, bu amil deyil...

- Əslində bələdiyyələr çox kiçik idi. Misal üçün 300-400 nəfər sakin yaşayan yerdə bələdiyyə formalaşmışdı. Belə olan halda bələdiyyə özünü təmin edə bilmir. Ona görə də, müəyyən dərəcədə dövlətdən, rayon icra hakimiyyətlərindən asılı olur.

- Yeni formalaşmış bələdiyyə sistemində yəqin köhnə mexanizmlər olmayacaq?

- Təbii ki, artıq böyük bələdiyyələr formalaşır. Hətta elə bələdiyyələr var ki, onların illik dövriyyəsi bir-iki milyon manatdan çoxdur. Bu baxımdan gələcəkdə bələdiyyələrin inkişafı mümkün olacaq. İlk növbədə isə onun maddi-texniki bazasının möhkəmlənməsi təmin olunmalıdır. Bu da mərhələ-mərhələ həyata keçirilir.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər