Britaniya kraliçası II Elizabet Şotlandiyanın müstəqilliyi haqqında gözlənilən referenduma həsr olunmuş ictimai diskussiyada iştirak etməyəcək, Buckingham Sarayı bəyan edib.
“Referendum ərəfəsində kraliçanın kampaniyaya təsir etmək istədiyi haqqında ehtimallar qətiyyən həqiqətə uyğun deyil. Əlahəzrət sadəcə o fikri rəhbər tutur ki, bu, Şotlandiya xalqının öz işidir“, - bəyanatda deyilir.
Kral mətbuat xidmətinin qeyd etdiyi kimi, hökmdarın ölkənin siyasi həyatına qarışmaması Britaniyada demokratiya prinsiplərindən biridir.
“Hökmdar siyasətdən alidir, və dövlət vəzifələrini tutan siyasi xadimlər bunun belə də qalması üçün əllərindən gələni etməlidirlər”, - bəyanatda deyilir.
Daha əvvəl Britaniya KİV-ləri məlumat vermişdilər ki, kraliça ölkənin parçalanmasının real mümkünlüyü ilə bağlı narahatdır və baş nazir David Cameron-u kraliçanın müdaxiləsini xahiş etməyə çağırıblar.
Hakimiyyət təşviş işində?
Sosioloji sorğular göstərir ki, son həftələr ərzində “bəli” və “xeyr” cavab verməyə hazır olanların sayı təxminən bərabərləşib, bəzi məlumatlara görə isə, müstəqillik tərəfdarlarının sayı bir qədər artıb, bir halda ki, bundan illər əvvəl vahid Britaniya tərəfdarları əksəriyyət təşkil edirdi.
Yeni sosioloji sorğulara əsasən, Şotlandiyanın müstəqilliyi tərəfdarlarının artması müşahidə olunduqdan sonra Şotlandiyanın birinci naziri Alex Salmond Britaniya hökumətini hayküyçülükdə suçlayıb.
Maliyyə naziri George Osborne, referendumun nəticələrinə görə Şotlandiya Britaniyanın tərkibində qalarsa, ona daha böyük muxtariyyət vəd edib. Salmond-un fikrincə, bu kimi bəyanatlar Britaniya hökumətində çaxnaşma əlamətlərindən xəbər verir.
Britaniyanın baş naziri David Cameron da dəfələrlə şotlandları Birləşmiş Krallığın tərkibində qalmağa çağırıb. Çərşənbə günü Daily Mail qəzeti vasitəsilə o, şotlandları sentyabrın 18-də vafid ölkə lehinə səs verməyə çağırıb.
“Bizim birliyin misilsizdir. Onu parçalamayın”, - Cameron yazıb.
“Birləşmiş Krallıq parçalansa, həmişəlik parçalanacaq, - Cameron hesab edir. – Odur ki, sizin seçiminiz aydındır: “lehinə” səs verib zülmətə atılmaq yaxud “əleyhinə” səslə - Şotlandiyanın xoş gələcəyinə”.
Şotlandiyanın müstəqilliyi haqqında referendum sentyabrın 18-nə təyin olunub. Seçicilər yeganə suala cavab verməlidirlər: “Şotlandiya müstəqil dövlət olmalıdırmı?”
Kraliça ilə görüş
Alex Salmond bəyan edib ki, onun fikrincə, II Elizabet “iftixar hissi ilə Şotlandiyanın kraliçası olar”.
Sallmond iki həftə bundan əvvəl Balmoral sarayında kraliçanın qəbulunda olduğunu söyləyib, lakin siyasətçi söhbətin məzmununu açıqlamayıb.
Birinci nazir eyni zamanda II Elizabet-in guya Şotlandiyanın ayrılması perspektivindən narahat olduğuna dair mətbuatın məlumatlarını təkzib edib.
Şotlandiya hökumətinin planlarına əsasən, referendumda müstəqillik tərəfdarları qalib gəlsələr, kraliça formal olaraq yeni dövlət başçısı kimi qalacaq. Kraliça İkinci Elizabet yalnız bir dəfə, 1977-ci ildə, Şotlandiyanın müstəqilliyi haqqında açıq fikir söyləyib. O vaxtdan bəri kraliça bu barədə fikir söyləməyib.