Balkanlarda “baş qaldıran” daşqınlar Xorvatiyada xeyli sayda insanı təhlükə qarşısında qoyub.
ANS TV-nin məlumatına görə, fəlakət zonasından iki minə yaxın insanı təxliyyə etmək zərurəti yaranıb. Yeni fəlakət mayda baş vermiş güclü daşqınlarından sonra hələ özünə gəlməmiş yerli əhalini çətin vəziyyətdə qoyub. Leysan yağışların yağması ilə çaylar məcrasından çıxıb, bundan əvvəl də zərərçəkmiş rayonlardakı evlər və yollar su altında qalıb.
Mərkəzi bölgədə yerləşən Karlovak şəhərində suyun səviyyəsinin daha da qalxacağı təhlükəsi yaranıb. Zərərçəkən ailələr su basmış evlərinin üst mərtəbələrinə və ya damlarına çıxmaq məcburiyyətində qalıb. Bundan əvvəl may ayında Balkan ölkələrində baş vermiş daşqınlar azı 50 nəfərin həyatına son qoymuşdu.
Macarıstanın paytaxtı Budapeştdə də leysan yağış həyatı iflic edib, yollarda nəqliyyatın hərəkəti çətinləşib. Yağışın fasilələrlə gələn həftə də davam edəcəyi proqnozlaşdırılıb. Macarıstanla yanaşı, Avstriya, Sloveniya, Çexiya və Polşada da güclü yağışla əlaqədar daşqın təhlükəsi proqnozlaşdırılıb.
Meksikada isə yeni qasırğa təhlükəsi yaranıb. “Odile” qasırğası hazırda Meksikanın şimal-qərb sahillərinə doğru hərəkət edir və qasırğanın mərkəzində küləyin sürətinin saatda 20-25 kilometr olduğu, lakin getdikcə güclənəcəyi bildirilir.
Qasırğanın artıq bu gün Meksika sahillərinə çatacağı proqnozlaşdırırlır. Federal hökumət yerli sakinlərə pis hava şəraitilə bağlı xəbərdarlıq edib və sahilə yaxın ərazidə yaşayan insanlar evakuasiya olunub.