11 Sentyabr 2019 16:05
688
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ermənistan Baş naziri Nikol Paşinyan ABŞ prezidentinin istefaya göndərilmiş milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonla dialoq qurmağı bacarmadı”.

Teleqraf.com xəbər verir ki, bunu erməni politoloq Suren Sərkisyan deyib.

Ekspertin sözlərinə görə, Paşinyanın xarici siyasət xətti Boltonun maraqlarını əks etdirmədiyi üçün o, erməni baş nazirlə işləmək istəməyib:

“Məlumdur ki, Paşinyan və Bolton arasında dialoq amerikalı diplomatın İrəvan səfərindən sonra quruldu. Onlar telefonla danışdılar və Suriyadakı erməni kontingenti barədə də müzakirə apardılar. Bolton, eyni zamanda, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Vaşinqtonda görüşünü təşkil etdi.

Lakin Qarabağla bağlı danışıqlar prosesinə Dövlət Departamentinin nəzarət etdiyi üçün və ABŞ-ın ATƏT-in Minsk Qrupunun həmsədr ölkəsi statusunu nəzərə alaraq, hesab edirəm ki, Bolton Paşinyanla əsasən İran haqda danışıb”.

Ermənistanın media qurumları da Azərbaycanla münaqişədə Ermənistanı öz işğalçı adıyla çağıran müşavirin istefasını sevinclə qarşıladığını gizlətməyib.

Erməni KİV isə rəsmi İrəvana Azərbaycanın işğal edilmiş ərazilərindən qoşunlarını çıxarmağı məsləhət görən Con Boltonu “təxribatçı” adlandırıb:

“Con Bolton keçən il oktyabrın 25-də Cənubi Qafqaz turu çərçivəsində İrəvana gələrək bir sıra təxribatçı açıqlamalar vermişdi. Donald Trampın müşaviri Ermənistanın yeni səlahiyyətlilərinə ABŞ və Ermənistanın gələcək əlaqələri baxımından, “tarixi klişe”lərdən imtina etməyi, habelə Rusiyadan daha yaxşı olan Amerika silahlarının alınması ehtimalına diqqət yetirməyi tövsiyə etdi. Bolton, eyni zamanda, münaqişəli ərazilərdən erməni qoşunların çıxarılması məsələsini gündəmə gətirdi”.


Müəllif: Mənsur Rəğbətoğlu