ABŞ-ın rəhbərlik etdiyi koalisiya qüvvələri Suriyada İŞİD-in nəzarətindəki 12 neft mədənini vurdu.
Publika.az “internethaber”ə istinadən xəbər verir ki, Pentaqon Suriyada İŞİD-ə aid 12 neft mədənini vurduğunu açıqlayıb. İŞİD mədənlərdən gündəlik iki milyon dollar gəlir əldə edirdi.
ABŞ Mərkəzi Qüvvələr Komandanlığından (CENTCOM) verilən açıqlamaya görə, Suriyanın şərqindəki əl-Mayadom, Əl-Kamal, Haseke və Deyr Əz-Zor bölgəsində qırıcılar və pilotsuz təyyarələrdən istifadə olunmaqla, 13 hava hücumu edilib. Nəticədə İŞİD-in nəzarətində olan 12 neft mədəni məhv edilib.
Hücumlarda İŞİD-ə qarşı koalisiyaya qoşulan ABŞ-la birlikdə Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri də iştirak edib.
Açıqlamada həmçinin 5 mülki şəxsin, 14 İŞİD yaraqlısının öldüyü qeyd olunub.