Rusiyanın gizli şəkildə Liviyanın devrilmiş lideri Müəmmar əl-Qəddafinin oğlu Seyfülislam Qəddafini ölkə rəhbərliyinə gətirməyə çalışdığı iddia edilib.
Teleqraf.com xəbər verir ki, bu barədə “Bloomberg” agentliyinin dərc etdiyi məqalədə bildirilib.
Məqalədə keçən ilin aprel ayında iki rus kəşfiyyatçının bu məqsədlə Qəddafinin oğlu ilə görüşdüyü bildirilib.
Məlumata görə, kəşfiyyatçıların paytaxt Tripolidə saxlanılmasından sonra ələ keçən məxfi sənədlər Rusiyanın Şimali Afrikanın neftlə zəngin ölkələri üzərindən Liviyada öz nüfuz dairəsini hansı formada genişləndirdiyinə dair gizli planlarını deşifrə edir.
Burada Moskvanın əsas tərəfdaşı da məhz oğul Qəddafidir:
“Rusiya ciddi-cəhdlə yenidən Liviyada devrilmiş Qəddafi rejimini bərqərar etməyə çalışır. Artıq uzun illərdir vətəndaş müharibəsi içində olan Liviyada Qəddafi nostalgiyası baş qaldırıb və Seyfülislam Liviyanın ən məşhur siyasətçilərindən birinə çevrilib”.
Məqalədə Seyfülislam Qəddafinin ön plana çıxarılması təklifinin “Putinin aşpazı” adı ilə tanınan və Liviyada qiyamçı general Xəlifə Haftara dəstək verən “Vaqner” xüsusi təhlükəsizlik şirkətinin başçısı Yevgeni Priqojindən gəldiyi bildirilib.
Məlumatda, eyni zamanda, Seyfülislamın da Rusiyadan kömək gözlədiyi, bu məqsədlə seçilmiş şəxslərin Tunisdə oğul Qəddafi üçün müşavir kimi yetişdirilməsi və sosial şəbəkələrdə onu dəstəkləyəcək xüsusi kampaniyanın başladılmasının planlaşdırıldığı qeyd edilib.
İddiaya görə, Rusiya hakimiyyəti kəşfiyyat vasitəsilə “Liviyanın yenidən dirçəlməsi strategiyası” adlı planı artıq oğul Qəddafiyə təqdim edib. Sənəddə Seyfülislamın Liviyanın yeni lideri üçün ya namizəd olması, ya da Rusiya tərəfindən irəli sürülən hansısa bir namizədə dəstək verməsi kimi faktorlar yer alıb.
Məqalədə Seyfülislam Qəddafi ilə görüşən rus kəşfiyatçıların hələ də Tripolidəki həbsxanalardan birində saxlanıldığı iddia olunub.