Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru, doktor Tedros Adhanom Qebreyesus yeni növ koronaviris infeksiyası – COVID-19-la donuz qripi təhlükələrini müqayisə edib.
Teleqraf.com xəbər verir ki, onun sözlərinə görə, 2009-cu ilin yanvarından 2010-cu ilin avqust ayına qədər davam edən donuz qripi pandemiyası təxminən 1,6 milyon insana yoluxub. Ancaq yalnız 18 449 ölüm hadisəsi qeydə alınıb. Qebreyesus koronavirus qurbanlarının sayının bu rəqəmi artıq on qat üstələdiyini vurğulayıb.
“COVID-19 sürətlə yayılır və biz bilirik ki, o, 2009-cu ildəki qrip pandemiyasından on dəfə öldürücüdür”, – deyə Britaniyanın “Independent” internet nəşri Qebreyesusdan sitat gətirir.
Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru xatırladıb ki, koronavirus infeksiyasının sürətli yayılması infeksiyaların erkən aşkarlanması, sınaqların keçirilməsi, təcrid olunma və kontaktların izlənməsi ilə dayandırıla bilər.