Azərbaycan gəncləri Ermənistan silahlı qüvvələrinin yaşayış məntəqələrimizi hədəfə almasına beynəlxalq ictimaiyyətin diqqətini cəlb etmək üçün dünyanın müxtəlif ölkələrinin parlamentlərinin üzvlərinə, dövlət rəsmilərinə məlumat xarakterli müraciətlər ünvanlayıblar.
Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a bildiriblər ki, bu müraciətlərdə Ermənistanın ölkəmizə qarşı işğal, təcavüz və terror siyasəti pislənməklə yanaşı, döyüş bölgəsindən xeyli uzaqda yerləşən şəhər və kəndlərimizin mülki əhalisinin hədəfə alınmasına xüsusi diqqət çəkilib, həyatını itirən, yaralanan, zərər çəkən vətəndaşlar barədə ətraflı məlumat verilib. İşğalçı dövlətin beynəlxalq hüququn prinsip və normalarını pozması sərt bir dillə pislənilib. Gənclərimiz bu ölkələrin dövlət rəsmilərini BMT Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirməyən Ermənistanın törətdiyi cinayətlərə hüquqi qiymət verməyə çağırıblar.
ABŞ-ın Kaliforniya və Corciya ştatlarını təmsil edən senatorlar Dianne Feinstein və Kelli Leoffler, Almaniya Bundestaqından üzvü Mahmut Özdemir gənclərə yazdıqları cavab məktublarında bölgədə artan gərginlik və şiddətdən narahatlıqlarını və Ermənistanın xalqımıza qarşı davam edən terror aktlarından təsirləndiklərini bildiriblər. Onlar Azərbaycanın yanında olduqlarını ifadə edərək Ermənistan tərəfindən dinc əhaliyə qarşı hücumların qəbuledilməz olduğunu vurğulayıblar. Bundan başqa, ifadə Azərbaycanın öz ərazi bütövlüyü uğrunda apardığı bu haqlı mübarizədə ölkəmizi dəstəklədikləri də xüsusi qeyd edilib.