Dövlət səviyyəsində dini müqəddəsləri təhqir etməyə təşviq edən və müsəlmanların ifadə azadlığını məhdudlaşdıran Fransa bu addımlarına görə edilən tənqidi fikirlərə dözə bilmir. Dünyanın ən məşhur siyasi jurnallarından biri, Brüsseldə nəşr olunan “Politico Europe” jurnalında nəşr edilən “Fransanın təhlükəli sekulyar dini” başlıqlı tənqidi məqalə Fransada yaratdığı narazılıq səbəbindən silinib.
Teleqraf.com xəbər verir ki, jurnalın baş redaktoru Stefan Braun məqaləni jurnalın “redaksiya standartları”na uyğun gəlmədiyi üçün veb saytlarından çıxardıqlarını açıqlayıb. Müəllifi akademik Fərhad Xosroxavarın olduğu məqalədə Fransa hökumətinin anti-İslam siyasətinin ölkəyə baha başa gəldiyi bildirilib.
Məqalədə aşağıdakı ifadələr yer alıb:
“1970-ci illərə qədər Fransadakı mülayim dünyəvilik çox ifrat bir formaya keçdi. Demək olar ki, sivil bir dinə çevrildi. Nazirlər onun keşişi, prezident papası və ziyalılar isə müridləri oldular. İslama qarşı daha mülayim olanlar isə “kafir” sayılırdı.
Müqəddəsləri təhqir etmək Qərbi Avropada qanunidir. Ancaq bu azadlığı qorumaq başqa, Fransadakı kimi həvəslə təşviq etmək başqa. Bu hüquq əksəriyyəti Şimali Afrika kökənli olan bir ölkədə ehtiyatla həyata keçirilməlidir”.
Məsumlar terror hücumlarında ölür, dünyadakı müsəlmanlar fransız dəyərlərini rədd edir, məhsullarını boykot edir, Fransa müsəlmanlarının ifadə azadlığına qoyulan məhdudiyyətlər. Fransa daxildəki və xaricdəki fundamental dünyəviliyi üçün ağır bir əvəz ödəyir.