Baş verənlər göstərdi ki, Amerikada siyasi sistemin dərin böhranı yaşanır. Fəaliyyətdə olan prezident seçilmiş prezidentə ciddi etiraz edərək onun saxta yolla qalib gəldiyini, bu səbəbdən hakimiyyəti ona təhvil verməyəcəyini iddia edir. Bu, Amerika tarixində misli görünməmiş bir hadisədir.
Bunu Teleqraf.com-a açıqlamasında Qlobal və Regional Təhlükəsizlik Problemləri Mərkəzinin rəhbəri, politoloq Qabil Hüseynli bildirib.
Onun sözlərinə görə, Amerika demokratiyasının bir özəllliyi də ondan ibarətdir ki, seçilmiş prezidenti hamı, o cümlədən keçmiş prezident də təbrik edir, ona uğurlar arzulayır. Ancaq Donald Tramp fərqli davrandı, o, hətta öz tərəfdarlarını seçilmiş prezidentin təsdiqlənəcəyi gün Konqresin ətrafına toplaşmağa və bu aktın baş tutmasının qarşısını almağa çağırdı:
“Bu, sözün əsl mənasında ağlasığmaz və misli görünməmiş bir hadisə idi. Guya bir neçə yüz insanın Koqresə basqını, orada qarışıqlıq yaratması ilə seçkinin nəticələrinə düzəliş verə və təsdiq prosesinə mane ola biləcəklərmiş. Bu onu göstərir ki, Amerikada hazırda da davam edən prezident seçkilərinin keçirilmə qaydası mükəmməl deyil. Xüsusən seçki kollegiyası deyilən qurum və hər bir ştat üçün ayrılan norma həmin ştatlarda yaşayan insanların sayına proporsional deyil. Bu nöqteyi-nəzərdən ən çox ziddiyyət yaradan həmin seçicilərin ştatlar üzrə ayrılmış kvotasının düzgün olmaması ilə bağlıdır və onun dəyişdirilməsi tələbidir. Amma bütün bunlara baxmayaraq Trampın özü hakimiyyətə gələndə Hillari Klinton ondan 4 milyon çox səs yığmışdı. Bütün bunlara baxmayaraq seçki kollegiyasının hesabına Tramp qalib gəldi. Hillari Klinton da heç bir etiraz etmədən Trampı təbrik etdi”.
Politoloq qeyd edib ki, Trampın hərəkətləri doğrudan da heyrət doğurur:
“O başa düşmür ki, seçkinin nəticələri artıq bütün orqanlar tərəfindən təsdiq edilib?! Üstəlik Konqresə seçkilərdə də demokratlar qələbə çalıb. Bu da demokratların nümayəndəsinin prezidentlik yarışında da qalib gəlməsini təsdiq edən faktlardan biridir. Və ən başlıcası 4 il prezidentlik etmiş bu yaşda adamın guya etirazlarla, “mən seçilmişəm” deməklə prosesləri öz xeyrinə həll edə biləcəyi haqqında yaşadığı illüziyalar bu insanın əqli, zəkası, siyasi mədəniyyəti haqqında ciddi şübhələr doğurur. Başqa ölkələrdə olsaydı bu hərəkəti ictimai qaydanı pozmaq, cəmiyyətdə qarşıdurma yaratmağa cəhd edilməsi kimi qiymətləndirib həmin adam haqqında cinayət işi açardılar. Bilmirəm indi Amerikada bu işi necə həll edəcəklər, amma düşünürəm ki, hər halda bu məsələyə hüquqi müstəvidə münasibət bildiriləcəkdir”.
Baş verən qarşıdurma zamanı Amerika polisinin davranışına da münasibət bildirən Q.Hüseynli deyib ki, Konqresin mühafizəsinə məsul olan polis peşəkar davranış nümayiş etdirməyib:
“Sonradan Konqresə yeridilən xüsusi təyinatlılar burada qarmaqarışıqlıq salan, dağıntılar törədən adamlarla çox amansız davrandılar. Xüsusi peşəkar hazırlıq keçmiş bu polis qüvvələri qısa müddətə başıpozuqluğu aradan qaldırdılar. Onların içərisindəki daha fəalları isə götürüb apardılar. Bu, əlbəttə Amerika polisinin qəddar davranış nümayiş etdirməsinə dəlalət edən amillərdən biri idi. Ötən ilin iyulun 14-də Azərbaycan Milli Məclisinə bir qrup qaragüruhun basqın etdiyi zaman parlamentin foyesinə, orada olan əşyalara ziyan vuruldu. Azərbaycan polisi, əlbəttə, onları dərhal təcrid etdi. Onların bir qismini saxladı. Amma Azərbaycan polisi Amerika xüsusi təyinatlılarından fərqli olaraq ali qanunverici orqana basqın edənlərlə o qədər də sərt davranmadı, dözümlü, etika çərçivəsində davranış nümayiş etdirdi. Sadəcə onları həbs etməklə kifayətləndi. Amerikada isə biz istər ötən ilin mayında qaradərili Corc Floydun ölümü ilə bağlı baş verən iğtişaşlar, istərsə də yanvarın 7-də Konqresə basqın zamanı bunun tam əksini müşahidə etdik”.