Ötən həftə Süveyş kanalında meydana gələn və beynəlxalq iqtisadiyyatda çaxnaşma yaradan tıxacdan sonra kanala alternativ layihələr ortaya atılmağa başlayıb.
Teleqraf.com xəbər verir ki, “Ever Given” adlı nəhəng quru yük gəmisinin kanalda tıxac yaratması bölgədə ikinci kanal axtarışını gündəmə gətirib.
“Guardian” qəzetinin məlumatına görə, BMT İsrail-Misir sərhədində Süveyşə alternativ kanal açma planlarını araşdırmağa başlayıb. Alternativ layihədə nəzərdən keçirilən kanalın İsrailin nəzarəti altında olan bölgədən keçəcəyi diqqət çəkib.
Məlumata görə, BMT rəsmiləri yeni kanalın Aqaba körfəzindən Aralıq dənizinə açılması ehtimalını araşdırır. Alternativ layihənin Sinay yarımadasında İsrail və Misir arasındakı sərhəd xəttindən keçməsi planlaşdırılır. Bundan əvvəl BMT adından texniki-iqtisadi əsaslandırma aparan beynəlxalq tunel şirkəti “OFP Lariol” ikinci kanalın qarşıdakı beş ildə qazıla biləcəyini açıqlayıb.
Proyekt baş tutsa, İsrail qlobal dəniz ticarətinin 12 faizinin həyata keçirildiyi Çin, Yaxın Şərq və Avropa strateji oxunu nəzarətə almış olacaq.
“Guardian” İngiltərə Xarici İşlər Nazirliyinin BMT Ticarət Marşrutları Komissiyasının həyata keçirdiyi işlərdən xəbərdar olduğunu bildirib. Qəzetin yazdığına görə, bir hökumət rəsmisi İngiltərənin bu layihədə rol oynamağa hazır olduğunu deyib.